Məhkəmə qərarları › İş №2-1(114)-777/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-777/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-777/2022 04.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçı X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X3 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixə kimi Kəlbəcər rayon Keşdək kənd natamam orta məktəbində və xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Ermənistan SSR Vardenis rayon Qoşabulaq kənd orta məktəbində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli Məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1978-ci ildən xx.xx.1981-ci il tarixə kimi Kəlbəcər rayon Keşdək kənd orta məktəbində və xx.xx.1981-ci il tarixdən xx.xx.1988-cu il tarixə kimi Ermənistan SSR Vardenis rayon Qoşabulaq kənd orta məktəbində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin həmin tarixli protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə riyaziyyat müəllimi kimi başlayaraq xx.xx.1978-ci il tarixdə Kəlbəcər rayon Keşdək kənd natamam orta məktəbinə təyin edilmişdir. O, xx.xx.1978-ci ildən xx.xx.1981ci il tarixədək həmin məktəbdə riyaziyyat müəllimi işləmiş, xx.xx.1981-ci ildə Ermənistan SSR Vardenis rayon Qoşabulaq kənd orta məktəbinə müəllim vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixədək həmin məktəbdə işləmişdir. Ona yaşa görə əmək pensiyası təyin edilsə də, cavabdeh 1978-1989-cu illəri onun sosial sığorta stajına daxil edilməsindən xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubla imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən 264,67 məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı dövr nəzərə alınmaqla avtomatlaşdırılmış qaydada 25 il sığorta stajına və 2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19734,83 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 269,35 manata çatdırılmışdır. Əmək kitabçasının surətində qeyd edilən xx.xx.1978-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək olan dövrlər üzrə Kəlbəcər rayonu Keşdək kənd orta məktəbində, Vardenis rayonu Qoşabulaq kənd orta məktəbinə işə daxil olmağı və işdən azad olmağı barədə əmrlər qeyd olunmadığı və möhürlə təsdiq olunmadığı üçün həmin illər sığorta stajına əlavə edilməmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli etiraz təqdim etmiş, etirazında imtinada qeyd olunan əsasları təkrarlayaraq əlavə olaraq bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1978-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək olan dövrlər üzrə Kəlbəcər rayonu Keşdək kənd orta məktəbinə, Vardenis rayonu Qoşabulaq kənd orta məktəbinə işə daxil olması və işdən azad olmağı barədə əmrlər qeyd olunmadığı və möhürlə təsdiq olunmadığı üçün həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. İşçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi qaydalarıma təsdiq edilməsi barədə 26 dekabr 1996-cı il Nazirlər Kabinetinin 186 nömrəli qərarının 3.1.-ci maddəsinə əsasən Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində aparılır. Həmin qərarın 3.2-ci maddəsinə əsasən İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır; İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Əmək kitabçasında işə daxil olma və işdən azad olunma haqqında qeydlərin olması zəruri olduğu üçün iddianın təmn olunmamasını xahiş edirlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2021-ci il tarixli, **********1 nömrəli imtina məktubu, iddiaçıya məxsus ******* nömrəli, xx.xx.2008-ci il tarixli əmək kitabçası, Kəlbəcər Rayon Xalq Maarif Şöbəsinin xx.xx.1989-cu il tarixli, 817 nömrəli arayışı, Ermənistan SSR Vardenis Rayon Təhsil Şöbəsinin 45 nömrəli, xx.xx.1989-cu il tarixli arayışı, Göygöl rayon Göyçəkənd məktəbinin məhkəməyə ünvanladığı 12 nömrəli, xx.xx.2022-ci il tarixli məktub təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırmahissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Ağağıda qeyd olunanlara görə iddia əsaslıdır. Kəlbəcər Rayon Xalq Marif Şöbəsinin xx.xx.1989-cu il tarixli, 817 nömrəli arayışından görünür ki, X3 xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə kimi Keştək kənd natamam orta məktəbində öz ixtisası üzrə müəllim işləmişdir. Arayış RXMŞ 15/UŞ-1978-ci il tarixli, 340 nömrəli əmr § 3 işə daxil olma və xx.xx.1981-ci il tarixli, 768 nömrəli işdən azad olma əmrləri əsasında verilmişdir. Ermənistan SSR Vardenis Rayon Təhsil Şöbəsinin 45 nömrəli, xx.xx.1989-cu il tarixli arayışından görünür ki, X3 xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci ilə kimi Ermənistan SSR Vardenis rayonu Qoşabulaq kənd orta məktəbində müəllim işləmişdir. Göygöl rayon Göyçəkənd məktəbinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 12 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, X2 şəxsi işində Kəlbəcər rayon Keşdək kəndində xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixə kimi işləməsi haqqında xx.xx.1989-cu il tarixli, 817 saylı arayışa və keçmiş Ermənistan SSR Vardenis rayonunun Qoşabulaq kəndində işləməsi haqqında xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi 45 saylı, xx.xx.1989-cu il tarixli arayışlara əsasən, əmək kitabçasında qeydlər aparılmışdır. İddiaçıya məxsus ******* nömrəli, xx.xx.2008-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə kimi Keştək kənd natamam orta məktəbində, xx.xx.1981-ci il tarixdən isə Ermənistan SSR Vardenis rayon Qoşabulaq kənd orta məktəbində müəllim işləmişdir. Daha sonra Xanlar RXTŞ Ayqestam kənd orta məktəbinə müəllim təyin edilmişdir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisəyə təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qanunun 23-cü maddəsində qeyd olunmuşdur ki, Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Hazırki işdə də iddiaçı tərəfindən mübahisələndirilən illər həmin arayışlar vasitəsilə təsdiq edilir (bax xx.xx.1989cu il tarixli, 817 nömrəli və 45 nömrəli, xx.xx.1989-cu il tarixli arayışlar). İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1978-1988-ci illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh tərəfindən onun imtinasını zəruri edən şərtlərin mövcudluğu sübut edilməmişdir Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1978-1988-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işləməsi müvafiq arayışlar vasitəsilə təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə ki, məlum olduğu kimi 01.01. 2006-cı il tarixədək hər hansı bir şəxsin hər hansı bir müəssisədə işləməsini təsdiq edən rəsmi sənəd əmək kitabçası sayılırdı ki, hazırki işdə iddiaçının əmək kitabçası var və orada iddiaçının harada və nə vaxtdan nə vaxta qədər işləməsinə dair yazılar mövcuddur ki, həmin yazıların (qeydlərin) mötəbər olmamasına dair konkret sübutlar işdə yoxdur. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin yuxarıda göstərilmiş normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, cavabdeh iddiaçıya məxsus əmək kitabçasında göstərilən xx.xx.1978-ci ildən xx.xx.1981-ci il tarixə kimi və xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi əmək fəaliyyətini şübhə altına aldığı üçün buna dair sübutlar verməlidir. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə pensiya təyin olunmasını tələb etməkdə haqlıdır. İddiaçının tələbindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1981-ci il tarixə kimi Kəlbəcər rayon Keşdək kənd orta məktəbində və xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi Ermənistan SSR Vardenis rayon Qoşabulaq kənd orta məktəbində işlədiyi illər sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Təyinatı üzrə Mərkəzi filialının üzərinə iddiaçı X2 xx.xx.1978-ci ildən xx.xx.1981-ci il tarixə kimi Kəlbəcər rayon Keşdək kənd orta məktəbində və xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi Ermənistan SSR Vardenis rayon Qoşabulaq kənd orta məktəbində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar