Məhkəmə qərarları › İş №2-1(114)-78/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-78/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-78/2021 09.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) vergi ödəyicisi kimi qeydiyyatdan keçərək 29.01.2003-cü il tarixli ********** saylı VÖEN əsasında kommersiya fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra mətndə – 11 saylı Ərazi Vergilər Baş İdarəsi) 27.11.2018-ci il tarixli, **********169962 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” qərarına əsasən, iddiaçı barəsində 2015-ci ilin mənfəət vergisi üzrə 9166,39 manat və 4583,20 manat maliyyə sanksiyası; 2016-ci ilin mənfəət vergisi üzrə 14267,27 manat və 7133,64 manat maliyyə sanksiyası; 2017-ci ilin mənfəət vergisi üzrə 4192,17 manat və 2096,09 manat maliyyə sanksiyası; 2015-ci ilin əlavə dəyər vergisi üzrə 11079,94 manat və 1719,22 manat maliyyə sanksiyası; 2016-cı ilin əlavə dəyər vergisi üzrə 12729,50 manat və 6364,75 manat maliyyə sanksiyası; 2017ci ilin əlavə dəyər vergisi üzrə 3782,90 manat və 1891,45 manat maliyyə sanksiyası; 2018ci ilin əlavə dəyər vergisi üzrə 1616,93 manat və 808,47 manat maliyyə sanksiyası; 2015ci ilin əmlak vergisi üzrə 420,95 manat və 210,48 manat maliyyə sanksiyası; 2018-ci ilin vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə 80 manat maliyyə sanksiyası – ümumilikdə 57 256,05 manat azaldılmış vergi və 24 887,3 manat maliyyə sanksiyası; 2018-ci ilin aprel və may ayları üçün əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilməməsinə görə təqdim edilməmiş hər bir bəyannamə üçün 40,00 manat olmaqla, cəmi 80 manat maliyyə sanksiyası hesablanmışdır. Qərarla razılaşmayan iddiaçı 17.12.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət ərizəsi ilə müraciət edərək cavabdehin 27.11.2018-ci il tarixli **********169962 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş, nazirliyin Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin 19.12.2018-ci il tarixli, **********368600 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. Daha sonra iddiaçı 08.01.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin aidiyyət məsələsi ilə əlaqədar iddia ərizəsini geri götürmək zərurəti yaranmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 04.02.2019-cu il tarixli 2-1(81)-922/2019 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, iddiaçı 07.02.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" MMC konsaltinq və qiymətləndirmə şirtəinin rəyinin və digər cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 27.11.2018-ci il tarixli **********169962 nömrəli qərarının qismən ləğv olunmasını, vergilərin yenidən hesablanmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.06.2018-ci il tarixli, 5(001)-493/2018 saylı qərarı ilə 11 saylı Ərazi Vergilər Departamentinin 19.07.2018-ci il tarixli, **********157168 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən Cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.09.2015-ci il tarixdən 01.06.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.5-ci və 38.3.6-cı maddələrinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlama zamanı enerji sərfiyyatına görə istehsal olunmuş qum çınqıl həcminin və satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar "xxxx" MMC Consaltinq və Qiymətləndirmə şirkəti cəlb edilmiş, həmin qiymətləndirmə şirkətinin tərtib edilmiş əsassız rəyi əsasında yoxlama 19.10.2018-ci il tarixli **********157334 nömrəli aktla rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktı əsaslı və etibarlı hesab edilərək 27.11.2018-ci il tarixli **********169962 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktı əsaslı və etibarlı hesab edilərək 27.11.2018-ci il tarixli **********169962 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. 19.10.2018-ci il tarixli, **********157334 nömrəli akta etiraz olaraq aşağıdakıları nəzərə çatdırılır. Belə ki, Vergilərin hesablanması zamanı qeyri-obyektivliyə yol verilmişdir. Belə ki, qiymətləndirmə şirkəti enerji sərfiyyatını düzgün hesablamamış, işıqlanma, ofis avadanlıqları, əl qızdırıcı cihazları və s sərf olunan enerji nisbətini 2% götürmüşdür. Halbuki müəssisədə 3 ədəd iri spirallı (əldə düzəldilmiş) elektrik peçi və 2 ədəd irihəcmli qumtel şirkətinə məxsus peç mövcud olmuşdur ki, müəssisənin digər elektrik avadanlıqları ilə istifadəsi nəzərə alınmasa təkcə bu qızdırıcılar istifadə olunan enerjinin 15-20%-ni təşkil edir. Bundan başqa, müəssisənin həyətinin işıqlandırılması ilə yanaşı digər avadanlıqların istifadəsi də xeyli miqdarda enerji sərfiyyatı yaradır ki, qiymətləndirici bunları faktiki enerji sərfiyyatı üzrə deyil, təxmini əsaslar üzərində qurmuşdur. Bundan başqa müəssisənin qum-çınqıl istehsalı ilə əlaqədar olan avadanlıqlarının işə salınması müəssisənin dərhal istehsala başlaması demək deyildir. Həmin avadanlıqların enerji sərfiyyatı başlandığı andan enerji sərfiyyatının bitdiyi anadək tamhəcmli qum-çınqıl istehsalı kimi qəbul edilə bilməz. Məsələn, müəssisə həmin enerji sərfiyyatı ilə avadanlıqlarını işə salıb, tam gücü ilə işləyərsə əldə olunacaq qum-çınqıl istehsal həcmi ilə, tam gücü ilə işləmədiyi yəni işçinin işlətmə qabiliyyətinə görə qum-çınqıl istehsal həcmi eyni götürülə bilməz. Qiymətləndirici tərəfindən enerji sərfiyyatları tam nəzərə alınmadan əsassız olaraq əldə etdiyi istehsal həcmi üzrə illik dövriyyə yoxlayıcılar tərəfindən müəyyən edilsə də mənfəət vergisi və əlavə dəyər vergisi Vergi Məcəlləsinin tələbləri pozulmaqla hesablanmışdır. Bu barədə yoxlama qrupuna dəfələrlə irad bildirməklə yoxlamanın düzgün aparılması və vergilərin qanunvericiliyə uyğun olaraq aparılmasına dəvət etmişlər. Onlara verilən cavabda yoxlamada vergilərin bu cür hesablanması üçün Vergilər Nazirliyindən icazə alındığı bildirilmişdir. "xxxx" MMC Consaltinq və Qiymətləndirmə şirkətinin əsassız rəyi əsasında, eləcə də Vergi Məcəlləsinin 67.4 və 83.9-cu maddələrin tələbləri nəzərə alınmadan yoxlama ilə əhatə olunan dövrdə "xxxx" ASC tərəfindən əlavə dəyər vergisinin 2015-2018ci illər üzrə 29209,27 manat, mənfəət vergisinin 2015-2017-ci illər üzrə 27625,83 manat, əmlak vergisinin 2015-ci il üzrə 420,95 manat cəmi 57256,05 manat vergilərin azaldılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış 57256,05 manat vergi məbləğinə 50% miqdarında 28628,05 manat, 2018-ci ilin mart və aprel ayları üzrə əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatını və ya bu Məcəllənin 16.2. maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə "xxxx" ASC-yə hər bir hesabat dövrü üzrə 40 manat olmaqla - 80,00 manat, cəmi 28708,05 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi müəssisənin dövriyyəsini müəyyən edən əsasssız qiymətləndirmə rəyi ləğv edilməli, real dövriyyə aşkar edilməklə Vergi Məcəlləsinin 83.9-cu maddəsi tətbiq edilməklə mənfəət vergisi və əlavə dəyər vergisi hesablanmalıdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” 17.11.2020-ci il tarixli **********141812 nömrəli qərarından görünür ki, 27.11.2018-ci il tarixli **********169962 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” qərara düzəliş edilərək iddiaçı barəsində 2015-ci ilin mənfəət vergisi üzrə 9166,39 manat; 2016-ci ilin mənfəət vergisi üzrə 14267,27 manat; 2017-ci ilin mənfəət vergisi üzrə 4192,17 manat; 2015-ci ilin əlavə dəyər vergisi üzrə 11079,94 manat; 2016-cı ilin əlavə dəyər vergisi üzrə 12729,50 manat; 2017-ci ilin əlavə dəyər vergisi üzrə 3782,90 manat; 2018-ci ilin əlavə dəyər vergisi üzrə 1616,93 manat; 2015-ci ilin əmlak vergisi üzrə 420,95 manat; 2018-ci ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (əlavə dəyər vergisi bəyannaməsi tərkibində) üzrə 7,56 manat – ümumilikdə 57 263,61 manat azaldılmış vergi hesablanmışdır. İnzibati işə Gəncə İnzibati Məhkəməsində baxılan zaman iddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 27.11.2018-ci il tarixli **********169962 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə inzibati icraata qəbul edilmişdir. Bundan sonra, iddiaçı yenidən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 27.11.2018-ci il tarixli, **********169962 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və 17.11.2020-ci il tarixli, **********141812 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə inzibati icraata qəbul edilmişdir. Cavabdeh iddiaya etiraz qeydləri təqdim edərək bildirmişdir ki, "xxxx" ASC-də 11 saylı Ərazi Vergilər Departamentinin 19.07.2018-ci il tarixli qərarına əsasən keçirilmiş səyyar vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, müəssisə yoxlanılan dövrdə Bərdə rayonunda Tərtərçay sahəsində yerləşən qum-çınqıl karxanasında qum və çınqıl məhsullarının istehsalı ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması ilə əlaqədar Vergi Məcəlləsinin 42.1-ci maddəsinə uyğun olaraq "xxxx" ASC-dən 20.07.2018-ci il tarixli, **********157333 nömrəli tələbnamə ilə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması tələb olunmuşdur. Yoxlamanın aparılması üçün zəruri olan sənələrin surəti təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 09.08.2018-ci il tarixli **********159475 nömrəli qərar qəbul edilərək iddiaçı cəmiyyətin rəhbəri Qanuni nümayəndə həmin qərarla tanış edilmişdir. Bundan sonra Qanuni nümayəndə tərəfindən istehsal obyektinin icarə müqaviləsi yoxlamaya təqdim olunsa da yoxlamanın keçirilməsi üçün zəruri olan digər sənədlərin onda olmamasını bildirmiş və bu barədə “sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” 10.08.2018-ci il tarixli akt tərtib edilmişdir. Odur ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ödənilməli olan verginin məbləğinin əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq zərurəti yarandığından “Mərkəzi Aran” X1 və Satışı İdarəsi tərəfindən təqdim edilmiş, "xxxx" ASC-nin enerji sərfiyyatı barədə rəsmi məlumatlara əsasən istehsal həcminin müəyyənləşdirilməsi üçün 11 saylı Ərazi Vergilər Departamentinin 30.07.2018-ci il tarixli, **********158360 nömrəli qərarı ilə mütəxəssis dəvət edilmişdir. Mütəxəssis rəyinə əsasən "xxxx" ASC-yg məxsus müəssisənin 01.08.2015-ci ildən 01.06.2018-ci ilədək olan enerji sərfiyyatına görə istehsal olunmuş qum-çınqılın həcmi və satış qiyməti etirazda göstərilən sxemdəki kimi müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2015-ci ilin mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərinin 39086,02 manat cami xərclərinin isə 46009,29 manat olduğu, vergiyə cəlb olunmalı mənfəətinin olmadığı zərərin isə 6923,27 manat olduğu göstərilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin 2015-ci il üzrə mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərinin 100641,24 manat cəmi xərclərinin 54809,29 manat, vergiyə cəlb olunmalı mənfəətinin 45831,95 manat olduğu, mənfəət vergisinin isə 9166,39 manat azaldıldığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2016-cı ilin mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərinin 25825,11 manat cəmi xərclərinin isə 21505,59 manat olduğu, vergiyə cəlb olunmalı mənfəətinin isə 4319,52 manat olduğu göstərilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin 2016-ci il üzrə mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərinin 101561,47 manat, cəmi xərclərinin 25905,59 manat, vergiyə cəlb olunmalı mənfəətinin 75655,88 manat olduğu, mənfəət vergisinin isə 14267,27 manat azaldıldığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2017-ci ilin mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərinin 18644,94 manat, cəmi xərclərinin 18700,11 manat olduğu, vergiyə cəlb olunmalı mənfəətinin olmadığı, zərərinin isə 55,17 manat olduğu göstərilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərinin 39660,96 manat, cəmi xərclərinin 18700,11 manat, vergiyə cəlb olunmalı mənfəətinin 20960,85 manat olduğu, mənfəət vergisinin isə 4192,17 manat azaldıldığı müəyyən edilmişdir. Beləliklə vergi ödəyicisi tərəfindən mənfəət vergisinin 2015-2017-ci illər üzrə 27625,83 manat azaldıldığı müəyyən edilmişdir. Bundan başqa, yoxlanılan dövr üzrə əlavə dəyər vergisinin (ƏDV) 2015-ci il üzrə 11079.94 manat, 2016-cı il üzrə 12729,50 manat, 2017-ci il üzrə 3782,90 manat, 2018-ci il üzrə 1616,93 manat olmaqla ümumilikdə ƏDV-nin 29209,27 manat azaldılması, əmlak vergisinin isə 420,95 manat azaldılması, 2018-ci ilin mart və aprel ayları üzrə ƏDV bəyannamələrinin təqdim edilməməsi müəyyən edilmişdir. Odur ki, vergi ödəyicisinə 57256,05 manat əlavə vergi məbləği hesablanmış və 24887,30 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Birincisi iddiaçı iddia ərizəsində göstərmişdir ki, qiymətləndirmə şirkəti enerji sərfiyyatını düzgün hesablamamış, işıqlanma, ofis avadanlıqları, əl qızdırıcı cihazları və s. sərf olunan enerji nisbətini 2% göstərmişdir. Halbuki, müəssisədə 3 ədəd iri spirallı (əldə düzəldilmiş) elektrik peçi və 2 ədəd iri həcmli qumtel şirkətinə məxsus peç mövcud olmuşdur ki, müəssisənin digər elektrik avadanlıqları ilə istifadəni nəzərə almasaq təkcə bu qızdırıcılar istifadə olunan enerjinin 15-20%-ni təşkil edir. Bundan başqa müəssisənin həyətinin işıqlandırılması ilə yanaşı digər avadanlıqlarının istifadəsi də xeyli miqdarda enerji sərfiyyatı yaradır ki, qiymətləndirici bunları faktiki enerji sərfiyyatı üzrə deyil, təxmini əsaslar üzərində qurmuşdur. Qiymətləndirici tərəfindən enerji sərfiyyatları tam nəzərə alınmadan əsassız olaraq əldə etdiyi istehsal həcmi üzrə illik dövriyyə yoxlayıcılar tərəfindən müəyyən edilsə də mənfəət vergisi və əlavə dəyər vergisi Vergi Məcəlləsinin tələbləri pozulmaqla hesablanmışdır. İddiaçının bu iddiası ilə bağlı bildiririk ki, vergi hesablamaları mütəxəssis rəyinə əsasən hesablanmış istehsal həcminə uyğun aparılmışdır, lakin iddiaçının iddiası şəxsi mülahizələrindən ibarət olmaqla bu barədə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 94-cü maddəsinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Bundan başqa, qum-çınqıl istehsal edən avadanlığın enerji sərfiyyatı onun texniki xarakteristikalarına əsasən mütəxəssis tərəfindən 320 kvt müəyyən edilmişdir. Qeyri-istehsal xarakterli enerji sərfiyyatı isə iddiaçının iddia etdiyi kimi 2% deyil 2%+10%=12% götürülmüşdür. İkincisi iddiaçının yoxlama zamanı vergi hesablamalarının analoji vergi ödəyicisinin uçot və hesabat məlumatlarına əsasən hesablanmalı olması barədə iddiasına gəldikdə isə bildirilir ki, bu məsələ Vergi Məcəlləsinin 67-ci maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 67.4-cü maddəsinə görə vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. İddiaçı cəmiyyətdə isə vergi hesablamaları Vergi Məcəlləsinin 67.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin əlaqəli məlumat olan elektrik enerjisi sərfiyyatı əsasında müəyyən edilmiş faktiki istehsal həcminə görə hesablanmışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının iddiasının heç bir hüquqi əsası yoxdur. Belə ki, vergi orqanı tərəfindən aparılmış hesablamaların düzgün olmaması ilə bağlı onun qeyd etdikləri hər hansı rəsmi sənədlə öz təsdiqini tapmır və iddiaçının qeyd etdikləri sadəcə onun şəxsi mülahizələrindən ibarətdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Qanuni nümayəndə, nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahatlar verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz dəlillərinə uyğun izahat vermiş, iddia tələbini qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini "xxxx" ASC-nin nizamnaməsi, ********** qeydiyyat nömrəli şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti, cavabdehin 19.07.2018-ci il tarixli **********157168 nömrəli, 27.11.2018-ci il tarixli **********169962 nömrəli və 17.11.2020-ci il tarixli **********141812 nömrəli qərarları, “Mərkəzi Aran” X1 və Satışı İdarəsinin 11.06.2017-ci il tarixli MA-1369 nömrəli məktubu, 19.10.2018-ci il tarixli **********157334 nömrəli səyyar vergi yoxlaması aktın surəti, cavabdehin etirazı, mütəxəssisin dəvət edilməsi haqqında 30.07.2018-ci il tarixli **********158360 nömrəli qərarın təsdiqlənmiş surəti, "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkətinin mütəxəssis rəyinin təsdiqlənmiş surəti təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri: iddia qaldırmaq səlahiyyəti və iddia qaldırmaq müddətinə riayət edilmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2020-ci il tarixli 2-1(102)-1663/2020 saylı qərarında qeyd edilmişdir ki, iddiaçının iddiası mümkündür və buna görə də işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı qum-çınqıl istehsalı və satışı ilə məşğul olmuşdur və iddiaçı barəsində aparılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” 27.11.2018-ci il tarixli, **********169962 nömrəli və həmin qərara düzəliş edilməsinə dair 17.11.2020-ci il tarixli **********141812 nömrəli qərarlar qəbul edilmişdir. Göründüyü kimi iş üzrə iddiaçıya yoxlama nəticəsində əlavə dəyər vergisi, mənfəət vergisi, əmlak vergisi, hesablanmasına əsas iddiaçının vergi bəyannaməsində bəyan etdiyi dövriyyənin vergi orqanı tərəfindən qəbul edilməməsi, dövriyyənin və istehsal edilmiş qum-çınqıl həcminin və qiymətinin mütəxəssis rəyi əsasında müəyyən edilməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi də tərəflərindən əlavə araşdırılma aparılmadığını, iddiaçı tələb edilən sənədləri təqdim etmədiyindən imtina aktı tərtib edilərək iş üzrə mütəxəssis cəlb edildiyini və qərar qəbul edilən zaman yalnız mütəxəssis rəyinə istinad olunduğunu bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hesablanmış vergilərin qanuniliyinin müəyyən edilməsi üçün verginin hesablanmasına əsas olan mütəxəssis rəyinin mötəbərliliyinə qiymət verilməlidir. "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, aparılan araşdırma zamanı qiymətləndirici elektrik enerjisi sərfıyyatı göstəricilərini əsas götürərək ümumi elektrik enerjisi sərfıyyatından itkiləri çıxaraq, istehsala sərf olunan elektrik enerjisinin miqdarı bir saat ərzində sərf olunan elektrik enerjisinin miqdarına bölmüş və yoxlama dövrü ərzində iş saatlarının sayını müəyyən etmişdir. Yekunda iş saatlarının sayı bir saat ərzində istehsal saylarına vurularaq üzrə istehsal həcmi müəyyən olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, "xxxx" ASC-yə (VÖEN **********) məxsus müəssisənin 01.08.2015-ci ildən 01.06.2018-ci ilədək olan enerji sərfıyyatına görə istehsal olunmuş qum-çınqılın həcmi və satış qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: - 1) 0-4 mm ölçüdə qum – istehsal həcmi: 31 480,735 kub.m, satış qiyməti 188884,41 manat; - 2) 5-10, 10-20, 20-40 mm ölçüdə qırma daş (çınqıl) – istehsal həcmi: 60 539,875 kub.m, satış qiyməti 151 349,69 manat; - 3) 0-7 mm ölçüdə otsep – istehsal həcmi: 36 323,925 kub.m, satış qiyməti 181619,63 manat; - 4) yekun istehsal həcmi: 128 344,5 kub.m, yekun satış qiyməti: 521 853,7 manat. Göründüyü kimi, mütəxəssis rəyində elektrik enerjisi sərfiyyatı əsasında qum, qırma daş (çınqıl) və otsep məhsullarının 1 saatlıq üçün istehsal sərfiyyatı əsas götürülmüşdür. Məhkəmə bildirir ki, "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən verilmiş rəy kifayət qədər əsaslı tərtib edilmədiyi halda, cavabdeh qeyd edilən rəyə istinad etməklə iddiaçı barəsində əlavə vergi hesablamışdır ki, bu da öz növbəsində iddiaçı barəsində əlavə vergi borcunun hesablanmasının əsassız olduğu qənaətinə gəlmək üçün məhkəməyə əsas vermişdir. Belə ki, iş materiallarından göründüyü kimi, vergi orqanı 20.07.2018-ci il tarixdə səyyar vergi yoxlamasına başlamış, 30.07.2018-ci il tarixdə isə mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul etmişdir. Lakin cavabdeh mütəxəssis dəvət edərkən malların satış qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, malların inventarizasiyasını keçirməmiş və hər hansı araşdırma aparmamışdır. Halbuki, Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa mütəxəssisin dəvət olunmasını nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən mütəxəssis dəvət olunanadək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə istehsal olunmuş məhsulun satış qiymətinin bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 14.3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox aşağı və yuxarı dəyişdikdə bazar qiymətlərinin tətbiq olunması vergi orqanının səlahiyyətlərinə aiddir. - 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyya taparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. - 14.9-cu maddəsinə əsasən malın (işin, xidmətin), bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən bu halların heç biri həyata keçirilməmiş və Bərdə rayonu, Tərtər çayı yatağında yerləşən istehsal sahəsində 01.09.2015-ci il tarixindən 01.06.2018-ci il tarixədək aylar üzrə istehsal olunmuş məhsulların real bazar qiymətləri sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında eyni xüsusiyyətli, eyni cinsli mallara, işlərə və xidmətlərə görə iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, vergitutma məqsədləri üçün malların, işlərin və xidmətlərin qiyməti tərəflərin əməliyyatda təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Bundan başqa, məhkəmə mütəxəssis rəyinin mötəbər sübut kimi qiymətləndirilməsini əsassız hesab edərək qeyd edir ki, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Hər bir halda mütəxəssisin istinad etdiyi məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmadığından, "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən verilmiş rəy mötəbər sübut kimi qəbul edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb müxtəlif xərc elementlərindən (xammal və materiallar, qaytarılmış tullantılar, texniki məqsədlər üçün yanacaq, enerji və su, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya, ümumi sex xərcləri, ümumi zavod xərcləri, zay məhsul və itkilər, sair istehsalat xərcləri, əmtəəlik məhsulun tam maya dəyəri) ibarətdir. İş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq, "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkətindən mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş məhsulunun faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkətinin mütəxəssisi tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Beləliklə bütün yuxarıda göstərilən səbəblərdən hazırkı ekspertiza tədqiqatı ilə səyyar vergi yoxlaması zamanı istehsal həcmi müəyyən edilmiş mal-materiala görə hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci maddəsinə görə vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4 vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası — vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4.). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlardan istifadə edilir (67.2. maddə) və bu zaman vergilər Vergi Məcəlləsinin 67.3-cü maddəsinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəlikləri aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicisinin vergi bəyannamələrində olan məlumatlara, 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata, 83.2.3. vergi yoxlaması məlumatlarına, 83.2.4. vergi orqanın əldə etdiyi mənbəyi bəlli olan hər hansı bir digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Vergi Məcəlləsində nəzərdə tutulan maddələrin ardıcıllığını nəzərə alaraq fiziki şəxsin müəssisəsində aparılan səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin hesablanması üçün birinci növbədə Məcəllənin 67-ci maddəsində nəzərə tutulan qaydalardan, yəni hazırkı halda vergi ödəyicisinin özünün gəlirləri barədə olan məlumatdan və analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə etməklə Vergi Məcəlləsinin 67.3-cü maddəsində müvafiq olaraq mənfəət vergisi hesablamalı idi. Lakin vergi yoxlamasına dair tərtib olunmuş 03.03.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi müfəttişi Vergi Məcəlləsinin 67-ci və 83.2. maddələrində nəzərdə tutulan hüquqlardan və hesablama qaydasından istifadə etmədən, birbaşa Məcəllədə son tədbir kimi nəzərdə tutulan 83.9-cu maddəsindən (yəni mənfəəti birbaşa müəyyən etmək mümkün olmaması halında) istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı (həmin qərara əlavə və dəyişiklik edilməsi barədə 12 iyun 2013-cü il tarixli 137 nömrəli qərar nəzərə alınmaqla) qərarda göstərilən üsulla, yəni şərti rentabellik səviyyəsini 20% götürülməklə, mənfəət vergisini hesablamışdır. Qeyd etmək lazımdır ki, mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır ("Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanunu, maddə 2.1.6). İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergi ödəmək vəzifəsi qoyula bilməz. - 53.3-cü maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin maddənin üçüncü abzasına əsasən vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanın üzərinə düşür. - 54.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, mübahisələndirilən qərarlar ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” 27.11.2018-ci il tarixli, **********169962 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” 17.11.2020-ci il tarixli, **********141812 nömrəli qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar