Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-78/2025 19.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissəsi: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı “Ağamalı” X1 rəhbəri İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Ağamalı” X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs "X5 Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbini dəqiqləşdirərək, “Ağamalı” X3 verilmiş 57 ha torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, Tovuz rayonunda yerləşən “Ağamalı" kəndli (fermer) təsərrüfatının təsisçisidir. Təsisçisi olduğu sahəsi (57 ha) olan “Ağamalı" kft 1995ci ildə Gədəbəy rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə yaradılmışdır. Ümumi sahəsi 57 ha olan “Ağamalı" kəndli (fermer) təsərrüfatı Gədəbəy rayonu X4nin 13 oktyabr 1995-ci il tarixli 72 saylı qərarı ilə B № 000659 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadədə hüququna dair Dövlət Aktı" ilə sənədləşdirilmişdir. O vaxtdan bəri həmin fermer təsərrüfatı onun istifadəsindədir. Orada öz vəsaiti hesabına enerji və suvarma üçün nasos quraşdırmışdır. Hazırda həmin torpaq sahəsində əkinçilik və maldarlıq-qoyunçuluqla məşğul olur. Hazırda isə qanunun tələb etdiyi tərzdə sözügedən fermer təsərrüfatımın torpaq sahəsinə dair dövlət aktının reyestrdən çıxarışla əvəz olunması zərurəti yaranmışdır. Bununla bağlı dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Pııblik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciətləri olmuşdur. Lakin bununla bağlı məsələ həll olunmamış qalmaqdadır.
3. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə məhkəməyə etiraz daxil olmuş və etirazda bildirilmişdir ki, 110.0 və 57 ha torpaq sahələri üzərində “Ceyrançöl” X1 daimi istifadə hüququna dair tərtib edilmiş, ‘Torpağa mülkiyyət,sahiblik və daimi istifadə hüququna dair” № 004092 saylı dövlət aktı aktında 110.0 ha torpaq sahəsinin 60.0 hektarı əkin, 50.0 ha hissəsi isə örüş sahəsi kimi göstərilmişdir. 57.0 ha torpaq sahəsi üzərində “Ağamalı” X1 daimi istifadə hüququna dair tərtib edilmiş, “Torpağa mülkiyyət,sahiblik və daimi istifadə hüququna dair” № 000659 saylı dövlət aktı aktında 57.0 ha torpaq sahəsinin 26.0 hektarı əkin, 16.0 ha örüş və 15.0 ha hissəsi isə sair sahələr kimi göstərilmişdir. Lakin həmin ərazilər TEKUİS məlumat bazasında kənd təsərrüfatı təyinatlı örüş sahəsi kimi göstərilmişdir. Vətəndaşın müraciəti əsasında “X5 Layihə Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş hesabatlarda 110 ha torpaq sahəsinin 32.21 ha hissəsinin bonitet balı 74 keyfiyyət qrupu İİ, 77.69 ha hissəsinin isə bonitet balı 59 keyfiyyət qrupu isə İİİ kimi göstərilmişdir. 197 ha (o cümlədən dövlət aktında olan 110 ha) torpaq sahəsi Tovuz rayon İHB-nın xx.xx.2014-cü il tarixli 66 nömrəli sərəncamı ilə "Ceyrançöl" X1 təsisçisi İddiaçı özünə icarəyə verilmişdir. TEKUİS məlumatlarında torpaq sahəsinin örüş sahəsi kimi göstərilməsinə baxmayaraq ilkin torpaqayırma sənədlərində və dövlət aktında torpaq sahəsinin 60.0 hektarı əkin 50.0 hektarı isə örüş kimi göstərilmişdir. İlkin torpaqayırma sənədlərinə, sahənin suvarma sistemi ilə təmin olunmasını, “X5 Layihə Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş hesabatlara və dövlət aktına əsasən torpaq sahəsinin 60.0 hektarının əkin yerdə qalan 50.0 hektarının isə örüş kimi qeydiyyata alınmasını xahiş etmişdir. Həmçinin Ərazi idarəsinin arxivində “Ağamalı” kəndli (fermer) təsərrüfatının istifadəsində torpaq sahəsi olması ilə bağlı məlumatlar olmadığından torpaqdan istifadə hüququna dair dövlət aktının tərtib edilməsinə əsas olan sənədlərin (kağız variantının) və elektron baza məlumatlarının Ərazi idarəsinə təqdim edilməsinə kömək göstərilməsi ilə bağlı ********** nömrəli məktubla “X5 Layihə Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğular göndərilmişdir. “X5 Layihə Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elektron baza məlumatlarının olmaması bildirilərək, dövlət aktının tərtib edilməsinə əsas olan ilkin torpaqayırma sənədləri tam şəkildə ********** nömrəli məktubla DEKQİS proqramı vasitəsi ilə Ərazi idarəsinə göndərmişdir. MMC tərəfindən göndərilmiş ilkin torpaqayırma sənədlərində (Gədəbəy XDS-nin xx.xx.1995-ci il tarixli 72 nömrəli qərarında, torpaq sahəsinə aid yerqurluşu planında və digər) torpaq sahəsinin 46.0 hektarının suvarılan əkin, 6.0 ha örüş, 5.0 ha kənd təsərrüfatına yararsız olması göstərilmişdir (əlavə olunur). Lakin dövlət aktında həmin rəqəmlər pozularaq təsdiq edilmədən düzəliş aparılaraq əkin 26.0 ha , örüş 16.0 ha və sair torpaq 15 göstərilmişdir. Gədəbəy XDS-nin xx.xx.1995-ci il tarixli 72 nömrəli qərarında göstərilən göstəricilərin əsas kimi qəbul edilməsi daha məqsədəmüvafiqdir. TEKUİS məlumatlarında 57.0 ha torpaq sahəsi bütövlükdə örüş kimi göstərilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, torpaq sahəsinin bir hissəsindən əkin kimi istifadə olunur. Torpaq sahəsi bitişik ərazidən yüksək gərginlikli elektrik xətləri keçir. “X5 Layihə Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş hesabatlarda 57.0 ha torpaq sahəsinin bonitet balı 52 keyfiyyət qrupu İİİ göstərilmişdir. 197 ha (o cümlədən dövlət aktında olan 57.0 ha) torpaq sahəsi Tovuz rayon İHB-nın xx.xx.2014-cü il tarixli 66 nömrəli sərəncamı ilə "Ağamalı" X1 təsisçisi İddiaçı özünə icarəyə verilmişdir. TEKUİS məlumatlarında torpaq sahəsinin örüş sahəsi kimi göstərilməsinə baxmayaraq ilkin torpaqayırma sənədlərində o, cümlədən Gədəbəy XDSnin xx.xx.1995-ci il tarixli 72 nömrəli qərarında torpaq sahəsinin 46.0 hektarının suvarılan əkin, 6.0 ha örüş, 5.0 ha kənd təsərrüfatına yararsız olması göstərilmişdir. Lakin dövlət aktında təsdiq edilməmiş düzəlişlər aparılmışdır. Vətəndaş ilkin torpaqayırma sənədlərinə, "X5 Layihə Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş hesabatlara və dövlət aktına əsasən torpaq sahəsinin 46.0 hektarının suvarılan əkin, 6.0 ha örüş, 5.0 ha kənd təsərrüfatına yararsız torpaq sahəsi kimi "Ağamalı" X1 adına qeydiyyata alınmasını xahiş etmişdir. Bununla bağlı konkter imtina edilməmiş torpaq sahəsinin dəqiqləşdirilməsi üçün Dövlət aktlarının tərtib edilməsinə əsas olan ilkin torpaqayırma sənədləri “X5 Layihə Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinəin arxivində olduğundan müraciətinizin “X5 Layihə Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində araşdırılması daha məqsədəmüvafiq olardı.
4. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-78/2025 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyi təyin olunmuşdur.
5. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “Ağamalı” X1 rəhbəri İddiaçı iddia tələbini müdafiə edərək, qeyd olunan mübahisəli torpaq sahəsinin onun istifadəsində olduğunu, həmin torpaq sahəsini Dövlət aktına əsasən istifadə hüququnun tanınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilməsini və БN №000659 nömrəli Dövlət aktında qeyd edilmiş və onun faktiki istifadəsində olan 56,8 ha torpaq sahəsinə istifadə hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
7. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmsil etdiyi inzibati orqanın imtinasının tam əsaslı olduğunu bildirdi və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etdi.
- Məhkəmə araşdırmasının predmetini təşkil edən icraat materialları:
8. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən БN №000659 nömrəli “Torpağa mülkiyyət,sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktına əsasən, Gədəbəy rayon X4 tərəfindən xx.xx.1995-ci il tarixli, 72 nömrəli qərarı ilə təsərrüfatlararası heyvandarlıq sənaye birliyinin Ceyrançöldə olan ərazisindən 57.0 ha torpaq sahəsi kənd təsərüfatı bolluğu yaratmaq üçün “Ağamalı” X3 verilmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-20/2-126751/2025 nömrəli sorğuya cavab məktubuna əsasən vergi orqanının uçot məlumat bazasına əsasən “Ağamalı” X1 /VÖEN **********/ rəhbəri İddiaçıdur və hal-hazırda təsərrüfatın fəaliyyəti aktivdir.
10. Cavabdehin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2- 9922/2025 nömrəli məktuba əsasən, torpaq sahəsinin daxilindən və ya yaxınlığından Un 500 kV elektrik xətti keçmir.
- Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Konstitusiyası Madə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152 Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 241.4. Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir.
13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
3. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.
6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Maddə 103. Torpaq mübahisələrini həll edən orqanlar
1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir.
2. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır.
3. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir.
4. Rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır.
14. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
Əsaslandırma hissəsi:
16. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
17. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
18. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən, iddianı əsaslı hesab edir.
19. İddiaçı cavabdeh orqana müraciət edərək, Tovuz rayonunda yerləşən 57.0 hektar torpaq sahəsi üzərində “Ağamalı” X1 istifadə hüququnun qeydə alınması barədə müraciət etmiş, lakin cavabdeh orqan imtina etmiş və imtinaya əsas olaraq onu göstərmişdir ki, “torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında “ əsasnaməyə uyğun olaraq 57.0 hektar torpaq sahəsi üzərində “Ağamalı” İnşaat materialları istehsalı və təmir tikinti quraşdırma kooperativinin “torpağa mülkiyyət sahiblik və daimi istifadə hüquna dair” dövlət aktı yeni təsdiq olunmuş nümunələrlə əvəz edilməmişdir. Göstərilən səbəblərdən müvafiq araşdırmalar aparılması məqsədi ilə torpaq sahəsinə naturada (yerində) baxış keçirilmişdir. Müayinə baxış zamanı torpaq sahəsinin əsas döngə nöqtələri müəyyən edilərək elektron baza məlumatları əsasında araşdırma aparılarkən məlum olmuşdur ki, “Ağamalı” kəndli (fermer) təsərrüfatının istifadəsində olan torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaq sahələrinə aiddir. Lakin təqdim edilmiş dövlət aktına əsasən torpaq sahəsinin 60.0 hektarı əkin sahəsi kimi göstərilmişdir.
20. Məhkəmə iş üzrə icraat materiallarını araşdırıb hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
21. İlkin olaraq, onu qeyd etmək lazımdır ki, hal-hazırda tərəflər arasında mübahisəli olan 57.0 ha torpaq sahəsi Gədəbəy rayon X4 tərəfindən xx.xx.1995-ci il tarixli, 72 nömrəli qərarı ilə, təsərrüfatlararası heyvandarlıq sənaye birliyinin Ceyrançöldə olan ərazisindən kənd təsərüfatı bolluğu yaratmaq üçün “Ağamalı” X3 57.0 ha torpaq sahəsinin ayrılmış, БN №000659 nömrəli “Torpağa mülkiyyət,sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı qeydə alınmışdır.
22. Həmin dövlət aktı iddiaçı tərəfindən məhkəmədə iddia tələbi qaldırılana qədər cavabdeh tərəfindən mübahisələndirilməmiş, iddiaçı isə öz növbəsində qərara münasibətdə “etimad hüququnun qorunması prinsipi” səbəbi ilə öz fəaliyyətini davam etdirmişdir. Bu isə fiziki və ya hüquqi şəxslərə münasibətdə “əlverişli inzibat akt” terminini ortaya çıxarır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda bu münasibətlər tənzimlənir. Belə ki, norma tələblərinə əsasən, əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Bu aktlar ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minirlər. Lakin, əgər inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməzsə, o, həmin ana qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
23. Beləliklə, Gədəbəy rayon X4 tərəfindən xx.xx.1995-ci il tarixli, 72 nömrəli qərarına, həmçinin iddiaçı “Ağamalı” X1 adına БN №000659 nömrəli “Torpağa mülkiyyət,sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktına münasibətdə hər hansısa ləğvetmə, dəyişdirilmə və ya geriçağırılma ilə bağlı hüquqi nəticələr doğuracaq hərəkətlər edilməmiş, yuxarıda qeyd edilən qərarda torpaq sahəsinin daimi əsaslarla istifadəyə verildiyi qeyd edilmiş, dövlət aktında isə onun qüvvədə olma müddəti ümumiyyətlə göstərilməmişdir. Bu isə onu deməyə əsas verir ki, dövlət aktı hələ də qüvvədədir və o, əlverişli inzibati akt statusu ünvanını saxlayaraq iddiaçıya torpaq sahəsi üzərində qanunvericiliyin tələblərinə uyğun istifadə etmək hüququnu verir.
24. Digər bir tərəfdən, qanunvericilik tərəfindən istər bundan öncəki dövlər üzrə, istərsə də cari illərə münasibətdə hüquq mübahisələrindən doğan münasibətlər vahid məhkəmə və inzibati orqanların fəaliyyət təcrübəsinə əsaslanaraq tənzimlənmiş, mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına əsas verən sənədlərin dəqiqləşmiş siyahısı hazırlanmışdır. Belə ki, iddiaçı “Ağamalı” X3 torpaq sahəsinin verilməsinə əsas olmuş Gədəbəy rayon X4 tərəfindən xx.xx.1995-ci il tarixli, 72 nömrəli qərarı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsində qeyd olunan “qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar”a və iddiaçı “Ağamalı” X3 məxsus БN №000659 nömrəli “Torpağa mülkiyyət,sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı isə 8.0.5ci maddəsində qeyd edilən “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri” müddəasına uyğun gəlir.
25. Qeyd olunan məsələ oxşar olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsi (139-1.1.1) ilə tənzimlənmiş və qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. Yuxarıda da qeyd edildiyi kimi, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə almaq mütləqdir ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə əsasən, torpaqların daimi istifadəyə verilməsi ilə bağlı münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi tələb olunmurdu, bunun üçün müvafiq icra hakimiyyəti orqanının torpağın daimi istifadəyə verilməsinə dair qərarı kifayət edirdi. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
27. Əlavə olaraq, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün əsas və yetərli sayılmalıdır.
28. Bu onu deməyə əsas verir ki, cavabdeh orqan torpaq sahəsi və ya digər növ daşınmaz əmlak üzərində hüququn dövlət reyestrdinə qeydiyyata alınması məsələsi ilə bağlı mübahisəli məsələni həll edərkən, yuxarıda adları çəkilən və qanunvericilikdə öz yerini tutan normaları bütöv olaraq, yəni bir-birindən ayrı şəkildə deyil, əlaqəli və kompleks şəkildə təsfir edərək onu düzgün qaydada tətbiq etməlidir. Həmçinin, dövlət qeydiyyatının aparılması zamanı həmin qanunvericilik normalarının tələb və məzmunları nəzərə alınmaqla “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyənləşdirilməli və dəqiq yekun qərara gəlinməlidir.
29. İş üzrə məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə dair qərardad qəbul edilmiş, cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-3221/2025 nömrəli “mütəxəssis rəyinin göndərilməsi ilə bağlı” məktuba qoşma şəklində əlavə edilmiş rəyə əsasən, Gədəbəy Rayon X4 tərəfindən xx.xx.1995-ci il tarixli, 72 nömrəli qərar ilə “Ağamalı” X3 ayrılmış 57.0 ha torpaq sahəsi elektron baza məlumatlarında öz əksini tapmamışdır, lakin faktiki istifdə vəziyyətinə görə həmin torpaq sahəsi dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı qış otlaq sahəsidir. Elektron baza məlumatlarına əsasən həmin torpaq sahəsi üzərində başqa şəxsin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin torpaq sahəsinin şimal hissəsindən Un 500 kV gərginlikli elektrik xətti keçir və elektrik xəttinin mühafizə zolağına düşür.Digər obyektlərin mühafizəsinə düşmür. Qeydə alınması nəzərdə tutulan 57.0 ha torpaq sahəsi baza məlumatlarına əsasən hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Faktiki istifadə edilən torpaq sahəsinin daxilində hər hansı bir tikili mövcud deyildir. “Ağamalı” X1 faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsinin konfiqurasiyası torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsinin cizgisinə (xəritəsinə) qismən uyğun gəlir, lakin Dövlət aktında göstərilən cizginin (xəritəsinin) koordinatları olmadığndan torpaq sahəsinin həmin cizginin hüdudları daxilində yerləşib-yerləşməməsini təyin etmək mümkün olmamışdır. Dövlət aktında torpaq sahəsi 57.0 ha göstərilmişdir, lakin faktiki istifadə isə 56.8 ha-dır. Rəyin tərtib edilməsi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına istinad edilmişdir.
30. Cavabdeh orqan tərəfindən məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli, 3-21- 3-37/2-9922/2025 nömrəli məktuba əsasən, torpaq sahəsinin daxilindən və ya yaxınlığından Un 500 kV elektrik xətti keçmir.
31. Beləliklə, iddiaçı tərəfindən üzərində istifadə hüququ olan və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinə münasibətdə hər hansı bir mübahisə qalmır və iddiaçı yalnız onun faktiki və naturada istifadə elədiyi torpaq sahəsinə münasibətdə hüququnun dövlət reyestrində qeydiyyata aldırmaq istəyir.
32. Son olaraq, qeyd olunan məsələ ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeləri mövcuddur.
33. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(102)-1630/2021 nömrəli qərarı ilə məsələyə hüquqi qiymət verilmiş, Azərbaycan Respublikası Torpaq Məcəlləsi qüvvəyə minməmişdən qabaq müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərəflərə ayrılan torpaq sahəsinə münasibətdə olan hüquqi mövqeli aktlar qanunvericiliyin tələblərinə uyğun olması və istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas sayıldığı qeyd edilmişdir.
34. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” plenum qərarına əsasən, Torpaq Məcəlləsi 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş və onun geriyə qüvvəsi yoxdur. Ondan öncə qüvvədə olan qanunvericiliyə əsasən isə torpaqların daimi istifadəyə verilməsi ilə bağlı münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi tələb olunmurdu, bunun üçün müvafiq icra hakimiyyəti orqanının torpağın daimi istifadəyə verilməsinə dair qərarı kifayət edirdi. Belə münasibətlər isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından deyil, Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi aktın mübahisələndirilməməsi məsələsi ilə bağlı onu qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
35. Yekun olaraq məhkəmənin mövqeyi ondan ibarətdir ki, cavabdeh orqanın iddiaçının tələbinə münasibətdə imtinası əsassız olmuş və qanunvericiliyin tələbləri gözlənilmədən və tətbiq edilmədən onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və БN №000659 nömrəli Dövlət aktında qeyd edilmiş və “Ağamalı” X1 faktiki istifadəsində olan 56,8 ha torpaq sahəsinə istifadə hüququnun qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
37. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. JБN №000659 nömrəli Dövlət aktında qeyd edilmiş və “Ağamalı” X1 faktiki istifadəsində olan 56,8 ha torpaq sahəsinə istifadə hüququnun qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva