Məhkəmə qərarları › İş №2-1(114)-786/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-786/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-786/2023 19.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3 və X7) torpağ sahəsinin plan və ölçü sənədinə əlavə edilmiş mülkiyyətçilər barədə adlı siyahıda mülkiyyətçilər X1 və X4 adlarının adlı siyahıdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 3579.85 ha həyətyanı torpaq sahəsinin plan və ölçü sənədinə əlavə edilmiş mülkiyyətçilər barədə adlı siyahıda mülkiyyətçilər X3 və X4 adlarının adlı siyahıdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad ilə X3 və X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli A№ 145954 nömrəli 22 saylı qərarı ilə Tərtər rayonu Dəmirçilər kəndindən iddiaçıya 3579.85 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində də yalnız iddiaçının adı qeyd edilmişdir. İddiaçı özünə aid həyətyanı torpaq sahəsində 1960-cı ildə tikilmiş olan evdə qızı X6 və nəvəsi X8 ilə birlikdə yaşayır. İddiaçı üçüncü şəxslərin adlarının adlı siyahıdan çıxarılması üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Sənədlər yoxlanılarkən məlum olub ki, həyətyanı torpaq sahəsinin plan və ölçü sənədinə əlavə olunmuş mülkiyyətçilər barədə adlı siyahıda həmin şəxslərin adları qeyd edilmişdir. Onlar ailə üzvi olmayıblar və iddiaçının evində yaşamayıblar. Onların hansı əsasla iddiaçının həyətyani torpaq sahəsinin plan və ölçü sənədinə əlavə olunmuş mülkiyyətçilər barədə adlı siyahıya salınması onun üçün aydın deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsindən ona göndərilmiş xx.xx.2022-ci il tarixli **********68 nömrəli məktubda ona məhkəmə müdafiəsindən istifadə etmək tövsiyyə edilmişdir. Ona görə də 3579.85 ha həyətyanı torpaq sahəsinin plan və ölçü sənədinə əlavə edilmiş mülkiyyətçilər barədə adlı siyahıda X1 və X4 adlarının adlı siyahıdan çıxarılması vəzifəsinin cavabdehin üəzrinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Bununla bağlı cavabdeh orqana müraciət etsələr də, sonuncu bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunun əsli; - Azərbaycan Respublikası Tərtər Rayon İcra Hakimiyyəti başçısının Dəmirçilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilən 245 nömrəli, 22 iyun 2022-ci il tarixli arayış ; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən ******* nömrəli, 13 avqust 2022-ci il tarixli arayış ; - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X12 kitabında 16 may 2009-cu il tarixli, 851 nömrə ilə uçota alınmış A № 145954 nömrəli torpaq sahəsinin plan və ölçüsünün surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli cavab məktubu; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı (üçüncü şəxslər X3 və X7) cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək, 3579.85 ha həyətyanı torpaq sahəsinin plan və ölçü sənədinə əlavə edilmiş mülkiyyətçilər barədə adlı siyahıda mülkiyyətçilər X3 və X4 adlarının adlı siyahıdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasında Aqrar İslahatı aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Tərtər rayonu Dəmirçilər kəndində yerləşən 0.3579 ha torpaq sahəsinin plan və ölçü sənədinə əlavə edilmiş mülkiyyətçilər barədə adlı siyahıda hansı səbəbdən X1 və X4 adının qeyd olunması onlara məlum deyildir.Həmin sənəddən X1 və X4 adının çıxarılaraq sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Cavabdeh orqanın imtinasının əsası kimi qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir, bu səbəbdən də aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədə uyğundur. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Tərtər rayon, Dəmirçilər kəndi üzrə X17 Komissiyasının siyahısında iddiaçı ilə birlikdə torpaq sahəsi verilən subyektlərin dairəsində X1 və X4 da adı yazılmışdır. Belə olan halda həmin şəxslərinin adının AN- 145954 nömrəli, 3579.85 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən çıxarılması istisna olunur. Başqa sözlə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilkin sənəd olan Tərtər Rayon Aqrar İslahat Komissiyasının siyahısındakı məlumatlar əsasında yazılmışdır və ilkin sənəddə həmin şəxslərin adı olduğu halda “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən adın çıxarılması yolverilməzdir. Digər tərəfdən X1 və X4 AN-145954 nömrəli, 3579.85 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən çıxarılması həmin sənəddə adları qeyd olunan digər payçıların pay həcminin artması və islahat komissiyasının müəyyən etdiyi normadan artıq olmasına zəmin yaradacaq. Odur ki, iddiaçı və Torpaq sahəsinin planı və ölçüsü” sənədində adları qeyd olunan digər payçılar hər biri, yaxud birlikdə özlərinin pay haqqına münasib həcmdə hissənin daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq hüquqları izah olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3 və X7) Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli A № 145954 nömrəli 22 saylı qərarı ilə Tərtər Rayonu Dəmirçilər kəndində İddiaçı verilmiş X12 kitabında 16 may 2009-cu il tarixli, 851 nömrə ilə uçota alınmış AN- 145954 nömrəli, 3579.85 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yazılmış ailə üzvü olmayan X1 və X4 adlarının AN- 145954 nömrəli, 3579.85 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar