Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-79/2020 28.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Silahlı Qüvvələrdən ehtiyyata buraxılması barədə MNBM- SQBQR 042 gm xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və işdən azad olunduğu xx.xx.2018-ci il tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2008-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.2009-cu il tarixdə müddətdən artıq həqiqi hərbi xidmətə getmiş, xidmət etdiyi müddət ərzində nümunəvi xidmətimə görə çavuş rütbəsindən gizir rütbəsinə yüksəlmişdir. 2017-ci ilin noyabr ayında barəsində Azərbaycan Respublikası CM- nin 328.1 və 333.3-cü maddəsi ilə cinayət işi başlanmış, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 328.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 328.1 -ci maddəsi ilə hər ay aylıq pul təminatından 10 (on) faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 10(on) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, 333.3-cü maddəsi ilə hər ay aylıq pul təminatından 10 faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 10 ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq hər ay aylıq pul təminatımdan 10 faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 1(bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə o, hərbi hissə komandiri vəzifəsini icra edən polkovnik-leytenan V.İspəndiyarovun əmri ilə 15 günlük məzuniyyətə buraxılmış və xx xxxx 2018-ci il tarixdə məzuniyyətini başa vurub xidmət yerinə dönmüşdür. Məzuniyyətdən qayıdan kimi hərbi hissənin komandanlığı ona hərbi xidmətdən tərxis olunması barədə bildiriş verib SHXÇDX-nin Kəpəz rayon şöbəsinə göndərmişdir. Həmin vaxtdan tərxis olunsa da ona nə tərxis olunması barədə əmrin surəti, nə də hərbi bileti verilməmişdir. Hərbi biletini xx xxxxxx 2019-cu il tarixdə aldıqdan sonra ona məlum olmuşdur ki, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, barəsində verilmiş əmr qanunsuzdur. İddiaçı məhkəməyə iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, habelə izahatında bildirmişdir ki, SHXÇDX-nin Kəpəz rayon şöbəsinə qeydiyyata gec, yəni xx.xx.2019-cu ildə düşdüyünə görə məhkəməyə gec müraciət etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə məhkəməyə İddiaçı iddia ərizəsinə dair etiraz göndərilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır və 1 il 9 ay müddət əvvəl olan münasibətlərdən yaranan mübahisə barədə məlumatlı olmuşdur. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir, həmçinin iddia müddətinin keçməsi nəzərə alınaraq iddia mümkün hesab edilməməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 042 gm nömrəli əmrlə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinə göndərilmişdir. İddiaçı müddətin bərpasına dair ərizəsində də qeyd etmişdir ki, komandanlıq ona tərxis olunması barədə bildiriş təqdim edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinə göndərmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı xx.xx.2018-ci ildə ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində bərpa olunmasına cəhd etməmiş və məhkəməyə müraciət etməmişdir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri iddia müddətinə dair normalara riayət edilməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmiş və bununla da həmin inzibati aktın mübahisələndirmə müddəti üzürlü səbəb olmadan ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-79/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-79/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver