Məhkəmə qərarları › İş №2-1(114)-79/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-79/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-79/2022 17.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 19.05.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona dəymiş 150.000 (yüz əlli min) manat maddi zərərin cavabdeh tərəfindən ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda özünə fərdi yaşayış evi tikdirərək orada yaşamış, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin qeyd olunan fərdi yaşayış evi Cavabdeh başçısı olmuş Elmar Vəliyevin və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyevin qanunsuz hərəkətləri nəticəsində başqa yaşayış evi tikdirmək adı ilə aldadılaraq sökülmüş və iddiaçıya 150.000 (bir yüz əlli min) manat zərər vurulmuşdur. İddiaçı onun mənzillə təmin edilməsi və yaxud ona məxsus fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar dəymiş zərərin ödənilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 04.08.2021-ci il tarixli qərardadı ilə Cavabdeh əsl cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, evin yerləşdiyi həyətyanı torpaq sahəsi tamamilə yol tikintisinin altında qalmışdır. İddiaçının vəkili X1 iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -********** qeydiyyat nömrəli, 14.04.2012-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.0346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 166.8 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin 24.08.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə bağlı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən sərəncamın verilmədiyi bildirilmişdir. -"xxxx" MMC-nin 06.12.2021-ci il tarixli 456/Mİ/21 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0346 ha torpaq sahəsinin 06.12.2021-ci il tarixə bazar dəyəri 70.000 (yetmiş min) manat, sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi üçün tələb olunan vəsait isə 82.500 (səksən iki min beş yüz) manat olması qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin göstərişi əsasında əvəzi ödənilmədən sökülmüş və iddiaçı həm ona məxsus torpaq sahəsindən, həm də həmin torpaq sahəsinin üzərində yerşəşmiş fərdi yaşayış evindən məhrum edilmişdir. Bu səbəbdə də iddiaçı ona vurulmuş maddi ziyanı 150.000 (yüz əlli min) manat dəyərində qiymətləndirərək həmin pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlarla, eləcə də tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi əlindən alınmış və həmin torpaq sahəsinin üzərində inşa edilən fərdi yaşayış evi heç bir xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən cavabdeh orqanın əməkdaşları tərəfindən sökülmüşdür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçıya cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuş, bununla yanaşı belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh orqan sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -1.1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “alınma” dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. -1.1.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “torpaq” dedikdə mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər nəzərdə tutulur. -1.1.6-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün kompensasiya dedikdə bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz nəzərdə tutulur. -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. -56.1.5-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. İddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və 06.12.2021-ci il tarixli 456/Mİ/21 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 0.0346 ha torpaq sahəsinin 06.12.2021-ci il tarixə bazar dəyəri 70.000 (yetmiş min) manat, sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi üçün tələb olunan vəsait isə 82.500 (səksən iki min beş yüz) manat dəyərində müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, mütəxəssis tərəfindən 0.0346 ha torpaq sahəsinin 06.12.2021-ci il tarixə bazar dəyəri 70.000 (yetmiş min) manat və sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi üçün tələb olunan vəsait isə 82.500 (səksən iki min beş yüz) manat, ümumilikdə isə 152.500 (bir yüz əlli iki min beş yüz) manat müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin torpaq sahəsinə və sökülmüş fərdi yaşayış evinə görə 150.000 manat kompensasiya tələb edildiyinə görə iddia tələb həddində təmin edilməli və 150.000 (bir yüz əlli min) manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməli, torpaq sahəsinə və sökülmüş fərdi yaşayış evinə görə 150.000 manat kompensasiya məbləği cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş 335 nömrəli hesab faktura cədvəlindən görünür ki, iddiaçının əmlakına dəymiş zərərin hesablanması xərci 500 (beş yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinin verilməsi ilə bağlı 500 (beş yüz) manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətindən 150.000 (bir yüz əlli min) manat pul tutularaq İddiaçı ödənilsin. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətindən 500 (beş yüz) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, müxbir hesab AZ03NABZ**********0000002944, kod:805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ******************** saylı hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar