Məhkəmə qərarları › İş №2-1(114)-791/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-791/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-791/2024 30.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14704 nömrəli qərarında dəyişiklik edilərək “Dağınıq skleroz” xəstəliyinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı əlilliyi qiymətləndirilmiş Diaqnoz:" Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi-müayinə dağınıq üzvi nişanələr, davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür, posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol bazu kələfinin posttravmatik pleksopatiyası, sol yuxarı ətrafın mülayim parezi ilə nəticələnmiş qalıq əlamətləri. Partlayış travması (xx.xx.2020). Keçirilmiş kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom, intihar cəhdləri ilə. Mülayim dərəcədə ifadə olunmuş şəxin fəlakətdən (müharibə) sonrakı davamlı dəyişikliyi. Partlayış travması (xx.xx.2020). Hər iki gözün görmə sinirinin atrofiyası nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması, korreksiya etmir. Partlayış travması (xx.xx.2020). Döş qəfəsinin ön divarına nüfuz etməyən, sol baldırın orta 1/3-nin kor qəlpə yaranmanın birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəf xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, piçıltı nitqini sol qulaqda 2,5 (iki tam onda beş) metr sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə". "Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır; Diaqnoz: Dağınıq skeloroz səbəbli əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə almışdır” olması barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli 509 nömrəli Travma haqqında arayışa əsasən xx.xx.2020-ci il tarixdə Suqovuşan istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması.baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı. Sol tərəfli bazu pleksopatiyasının qalıq əlamətləri.Hər iki gözün posttravmatik şüşəvarı cisminin destruksiyası nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması,korreksiya 1,0 olmaqla. Döş qəfəsinin ön divarının boşluğa nüfuz etməyən,sol baldırın orta 1\3-nin kor qəlpə yaralanmaları. Barotravma. İki tərəfli xroniki koxlear nəvritjki tərəfli neyrosensor tip ağıreşitmə,pıçıltı nitqinin hər iki qulaqda 3,5 metr məsafədən eşitməsi ilə” diaqnozu ilə xəsarət almışdır. Xəsarət “döyüş tapşırığını” yerinə yetirərərkən alınmışdır. İddiaçının cavabdeh orqana ərizə ilə müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 1707 nömrəli cavab məktubu ilə “Dağınıq skleroz xroniki, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstələrin mərkəzi sinir sistemində zədələnmələr əmələ gəlir' və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Dağınıq skleroz çoxsaylı faktorlu xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühüt amilləri (viruslar, ekoloji və coğrafi amillər) və irsi meyilliyin qarışıqlı təsiri ilə şərtlənir. Bu xəstəliyin travma ilə əlaqələndirilməsi mümkün deyil, bu səbəbdən “Dağınıq skleroz” xəstəliyinə dair hərbi-həkim komissiyası tərəfindən təyin edilmiş “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi düzgündür və dəyişdirilməsi üçün əsas olmaması bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dağınıq skleroz xəstəliyinin Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlər zamanı partlayış nəticəsində aldığı travmadan sonra yaranmasını cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1998-ci ildə Goranboy rayon Əzizbəyov kəndində doğulmuşdur. O, 2016-cı ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsindən hərbi xidmətə çağırılmış və Ağcabədi rayonunda yerləşən “’04 saylı hərbi hissədə hərbi xidmətdə olmuş, 2018-ci ilin aprel ayında təxris olunmuşdur. 2018-ci ilin oktyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş olaraq yenidən xidmətə qayıtmış və xidmətini Goranboy rayonu Ağcakənd kəndində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu kimi davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə İİ Qarabağ müharibəsi başlananda o da bir hərbiçi olaraq müharibə yollanmış, xx.xx.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır dərəcədə yaralanmış və Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirilmi və 2022-ci ilin aprel ayına kimi orada müalicə olunmuşdur. 2022-ci ilin aprel ayında ehtiyata buraxılmış və ona 3-cü qrup əlillik dərəcəsi verilmişdir. O, İİ Qarabağ müharibəsi veteranıdır və bir sıra medallarla təltif edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İİ Qarabağ müharibəsi zamanı Partlayış nəticəsində travmalar almışdır. Həmin travma nəticəsində məndə bir sıra xəstəliklərə düçüar olmuş, onlardan biri "Dağınıq skleroz" xəstəliyidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ona verdiyi diaqnozlardan hər birinin Azərbaycan Respublikasının müdaliəsı zamanı Partlayış nəticəsində alınmış hərbi travma olmasını qeyd edir, lakin "Dağınıq skleroz" xəstəliyinin isə Azərbaycan Respublikasının müdafiəsi zamanı yox, hərbi xidmət dövründə alınmasını qeyd edir. O, Azərbaycan Respublikasının müdafiəsi zamanı Partlayış nəticəsində aldığı travmadan sözügedən xəstəliyə düçar oldmasını bildirməsinə baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası bu xəstəliyin travma ilə əlaqələndirilməsinin mümkün olmamasını qeyd etmişdir. Bununlada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası "Dağınıq skleroz” xəstəliyinin hərbi-həkim komissiyası tərəfindən təyin edilmiş "Xəstəlik olmasını və hərbi xidmət dövründə alınmasını" bildirməklə, səbəbli əlaqəsinin düzgün olmasını qeyd edərək, dəyişdirilməsi üçün əsas olmamasını bildirmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14704 nömrəli qərarında düzəliş edilməsi, hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 2267 nömrəli etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, “Dağınıq skleroz xroniki, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstələrin mərkəzi sinir sistemində zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi prosesi nəticəsində yaranan çapıqlardır. Dağınıq skleroz çoxsaylı fakorlu xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühüt amilləri (viruslar, ekoloji və coğrafi amillər) və irsi meyilliyin qarşılıqlı təsiri ilə şərtlənir. Bu xəstəliyin travma ilə əlaqələndirilməsi mümkün deyil, bu səbəbdən “Dağınıq skleroz” xəstəlyinə dair hərbihəkim komissiyası tərəfindən təyin edilmiş “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəsəssinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin vətəndaş İddiaçı travma ilə əlaqədar müalicə olunduğunu təsdiq edən çıxarış epikrizini və travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Vətəndaş İddiaçı təyin edilmiş “Dağınıq skleroz” diaqnozu ilə olan xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin və 7.2. bəndinin “a" yarımbəndinin tələblərinə ziddir. İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır.. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzürlü səbəbləri mümkünsüzlüyü barədə məlumat təqdim etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14704 nömrəli qərarında dəyişiklik edilərək “Dağınıq skleroz” xəstəliyinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-ci il tarixli, 2-1(114)-791/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə olunmuşdur. xx.xx.2023-cü il tarixli, 1634 nömrəli ekspert rəyinə əsasən iddiaçının tibbi sənədlərinə əsasən “Dağınıq skeloroz” xəstəliyin travma yəni, xx.xx.2020-ci il tarixdə baş vermiş patlayış travması ilə əlaqələndirilməsi mümkün deyildir, bu səbəbdən də “Dağınıq skeloroz” xəstəliyinə dair hərbi həkim komissiyası tərəfindən təyin edilmiş “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” səbəb əlaqəsi düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüş olsa da, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmənin 30 may 2024-cü il tarixli, 2-1(114)-791/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14704 nömrəli qərarında dəyişiklik edilərək “Dağınıq skleroz” xəstəliyinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi” tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Başqa sözlə, cavabdeh orqanın inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparıb-aparılmaması yoxlanılır. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14704 nömrəli qərarı mübahisələndirildiyindən, həmin qərarın qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraatın qanunauyğun aparılması yoxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2NN8-ci il tarixli, N9 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Həmin Əsasnamənin 1.4-cü bəndinin a yarımbəndinin 13-cü hissəsinə əsasən hərbi xidmət keçmiş vətəndaşların şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi Hərbihəkim komissiyalarına həvalə olunmuşdur. Əsasnamənin 1.5-ci bəndində qeyd olunur ki, tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. 7.3 Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. İddiaçının dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ona verdiyi diaqnozlardan hər birinin Azərbaycan Respublikasının müdafiəsi zamanı Partlayış nəticəsində alınmış hərbi travma olmasını qeyd edir, lakin "Dağınıq skleroz" xəstəliyinin isə Azərbaycan Respublikasının müdafiəsi zamanı yox, hərbi xidmət dövründə alınmasını qeyd edir. Halbuki o, İİ Qarabağ müharibəsi zamanı Partlayış nəticəsində travmalar almışdır, və bu travmalların nəticəsində onda "Dağınıq skleroz" xəstəliyi meydana gəlmişdir. Ona görə də, iddiaçı hesab edir ki, “Dağınıq skleroz” xəstəliyinin səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”” kimi qeyd olunmalıdır. Məhkəmə iddiaçının bu arqumentini əsassız hesab edərək qeyd edir ki, məhkəmə araşdırması zamanı məhkəməyə daxil olan T 148/2024 nömrəli ekspert rəyi ilə, eyni zamanda iddiaçının canlı müayinəsinə və tibbi sənədlərinə əsasən müəyyən edilmişdir ki, “Dağınıq skleroz” xroniki, vaxtaşırı kəskinləşmə ilə keçən mərkəzi sinir sistemində zədələnmələrlə müşayət olunan xəstəlikdir və bu zədələnmələr zaman keçdikdə səpələnir. Zədələr ocaqlarda olan iltihabi prosesin nəticəsində yaranan çapıqlardır.”Dağınıq skleroz” çoxsaylı faktorlu xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühit amilləri (viruslar , ekoloji və coğrafi amillər) və irsi meyilliyin qarşılıqlı təsiri ilə şərtlənir. Xəstəliyin travma yəni, xx.xx.2020-ci il tarixdə baş vermiş partlayış travması ilə əlaqələndirilməsi mümkün deyildir. “Dağınıq skleroz” xəstəliyinə dair hərbi-həkim komissiyası tərəfindən təyin edilmiş “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14704 nömrəli qərarında “Dağınıq skleroz” xəstəliyinin “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” səbəbli əlaqəsi düzgün müəyyən olunmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehna qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 14704 nömrəli qərarında dəyişiklik edilərək “Dağınıq skleroz” xəstəliyinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar