Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-791/2025 26.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 saylı qərarının onun barəsində diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilməsi hissəsində və 04 may 2024-cü il tarixli, 3-17-4/3-3-3929/2024 nömrəli qərarının onun barəsində "xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş diaqnozun təsdiqini tapmaması barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən tam reabilitasiya olunmasına dair qərarın qəbul edilməsi" hissəsində ləğv edilməsi, ona xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və İİ dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, 1993-cü il tarixdən etibarən məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşmışdır. 2000-ci ildən etibarən ümumi xəstəlik səbəbilə ona İİ qrup əlil kimi pensiya təyin olunmuş, xx.xx.2009-cu il tarixdən isə ümumi xəstəlik səbəbilə ona müddətsiz İİ dərəcə əlillik təyinatı aparılmış və nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" Alt sistemində yerləşdirilmişdir. Lakin 2023-cü ilin oktyabr ayında əsassız olaraq ona heç bir məlumat verilmədən gözlənilmədən pensiya ödənişim dayandırılmışdır. O, bunun səbəbini öyrənmək üçün aidiyyəti üzrə DSMF-nin X2 və Yerli TSEK- nə müraciət etmişdir. Hər iki qurumdan ona bildirilmişdir ki, pensiya ödənişinin dayandırılması onlar tərəfindən olmamışdır. Daha sonra o, aidiyyatı orqanlara, yuxarı instansiyalara müraciət etmişdir. Müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona göndərilən xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarda bildirilmişdir ki, ona 2009-cu ildə təyin edilmiş müddətsiz İİ dərəcə əlillik sistemdə mövcuddur, müraciəti ilə bağlı yerli TSEK-na müraciət etməyi məsləhət görülür. TSEK-ə isə dəfələrlə müraciətində mənə bildirilmişdir ki, onun İl dərəcə müddəsiz əlilliyi sistemdə mövcuddur, pensiya ödənişinin nə üçün dayandırılması onlara məlum deyil. Nəticədə ona məlum olmuşdur ki, onun pensiyası əsassız və qanunsuz olaraq dayandırılmışdır. Bundan sonra 2024-cü ilin fevral ayınadak onun pensiyası ödənilməmişdir. Lakin 2024-cü ilin fevral ayının 28-də həmin ay üçün və ödənilməmiş əvvəlki pensiya ödənişləri bərpa olunaraq ona ödənilmişdir. Çünki pensiyasının dayandırılması qanunsuz idi. Hesab edir ki, əlilliyi dayandığı tarixdən bərpa olunmalıdır. İddiaçının xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 saylı qərarının onun barəsində diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilməsi hissəsində və 04 may 2024cü il tarixli, 3-17-4/3-3-3929/2024 nömrəli qərarının onun barəsində "xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş diaqnozun təsdiqini tapmaması barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən tam reabilitasiya olunmasına dair qərarın qəbul edilməsi" hissəsində ləğv edilməsi, ona xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair dəqiqləşdirmə ərizəsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-791/2025 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2025ci il tarixdə göndərilmiş müəyyən olunur ki, İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2009-cu il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfdən əyani müayinə olunmuş və ona “12 barmaq bağırsağın xroniki xora xəstəliyi, tez-tez kəskinləşən residivli gedişli. Həzm funksiyasının pozulması. Xroniki qastrit. Xroniki xolesistit.” diaqnozu ilə Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və video görüntü əsasında xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları müşahidə edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Şəxs əyani müainə edilərkən müəyyən edilmişdir ki, (Vediogörüntü və əyani müainə aktı məhkəməyə təqdim edilmişdir) dəri və görünən selikli qişalar təmiz, çəhrayı olmuş, qarnı yumşaq, ağrısız, aşağı ətraflarında əzələ inkişafı paralel izlənilmiş, xəstəliyin dövrü kəskinləşmələrinə aid sənədlər təqdim edilməmiş, boy çəki defisiti müşahidə edilməmiş, yanaşı xəstəliklərinin əlillik təyinatına əsas verən ağırlaşmalarını təsdiq edən sənədlər təqdim edilməmişdir. Vətəndaşın 2009-cü ildən aktiv əlillik təyinatı olsa da, son illərdə müalicə-müainə xəstəxanalarında stasionar-ambulator tibbi yatışları müalicəsinə rast gəlinməmişdir.Həmçinin on iki barmaq bağırsaq xəstəliyindən əziyyət çəkdiyini iddia etsədə əyani müainə zamanı həkim tərəfindən, qarnı yumşaq, ağrısız, aşağı ətraflarında əzələ inkişafı paralel izlənilmişdir. Hesab edirik ki, iş üzrə məhkəmə-tibbi ekspertizasının keçirilməsi zəruridir. Belə ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2009-cu il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə olunmuş və ona “12 barmaq bağırsağın xroniki xora xəstəliyi, teztez kəskinləşən residivli gedişli. Həzm funksiyasının pozulması. Xroniki qastrit. Xroniki xolesistit.” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. İddiaçının müraciəti əsasında qeydiyyatda olan ərazi üzrə xidmət göstərən TSEK əməkdaşları tərəfindən yaşadığı ünvanda əyani müayinəsi həyata keçirilmiş, mövcud sənədləri toplanmış, video görüntü çəkilmiş, 3-17-4/3-1-9605/2024 nömrəli akt tərtib edilərək qiymətləndirilməsi üçün DTSERA-ya göndərilmişdir. Akta əsasən, İddiaçı İmran oğlunun epiqastral və göbəkətrafı nahiyədə olan ağrılardan, vaxtaşırı nəcisin qara olmasından şikayətlənmiş, xəstəliyinə aid bəzi müayinə sənədləri təqdim edilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və video görüntü əsasında xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları müşahidə edilmədiyindən xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin “Diaqnozun təsdiqini tapmaması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3- 3-1796/2024 qərarı; -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin “Tam reabilitasiya olunması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 3929/2024 qərarı; -işə əlavə edilmiş məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-25546/2024 nömrəli cavab məktubu; -işə əlavə edilmiş İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; -işə əlavə edilmiş Milli Onkologiya Mərkəzinin X1 müayinə nəticəsi; -işə əlavə edilmiş Respublika Diaqnostika Mərkəzinin müayinə nəticəsi; -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-M-2048/2024 saylı bildiriş; Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı 2009cu ildən etibarən ümumi xəstəlik səbəbilə İl qrup əlil kimi pensiya təyin olunmuşdur. İddiaçı əlillik vəziyyəti xx.xx.2009-cu il tarixdə təkrar qiymətləndirilərək Xəstəliklərin beynəlxalq təsnifatı: Xİ Sinif – Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31- Qida borusu, mə'də və onikibarmaq bağırsaq xəstəlikləri => K26. Diaqnozun mətni “12 barmaq bağırsağın xr xora xəstəliyi tez-tez kəskinləşən residivli gedişli.Həzm funksiyasının pozulması .Xr qastrit.Xrxolesistit (DSMF məlumatlarına əsasən) diaqnozu üzrə “Ümumi xəstəlik” səbəbindən müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. 2024-cü ildə cavabdeh orqan əlilliyi olan şəxslərin təhlilini aparan zaman müddətsiz əlilliyi olan şəxslərin, o cümlədən iddiaçının təkrar əyani müayinəyə cəlb olunaraq əlilliyini yenidən qiymətləndirmək qərarına gəlmiş və iddiaçının dəvət edilmiş əyani müayinəyə gəlməməsini əsas gətirməklə, İddiaçı barəsində diaqnozun təsdiqini tapmaması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərar qəbul etmişdir. Daha sonra İddiaçı narazılığı üzrə müraciəti əsasında o, yaşadığı ünvanda əyani müayinə olunmuş və onun barəsində “xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3929/2024 qərar qəbul edilmişdir Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Hazırki işdə isə cavabdeh orqan iddiaçıya xx.xx.2009-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh orqanın qərarlarının məzmunundan müəyyən edilir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün İddiaçı xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmasına baxmayaraq müayinədə iştirak etmədiyi əsas götürülməklə, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar (xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərar) qəbul etmişdir. Lakin sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yarandığı qeyd edilsə də, həmin zərurətin nədən yarandığı (qaynaqlandığı), habelə sırf iddiaçıya münasibətdə onun əlilliyini şübhə altına alan əsasların aşkarlanıb-aşkarlanmadığı müəyyən edilmir. Məhkəmə onu da qeyd edir ki, cavabehin xx.xx.2024-cü il tarixli 3-17-4/2- 25546/2024 nömrəli cavab məktubunda mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edildiyini göstərsə də, qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərarın məzmununda iddiaçının əlillik təyinatı barədə qərarı ləğvi barədə hər hansı qeyd aparılmamışdır ki, bu da əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilmədən iddiaçının barəsində diaqnozun əlillik əlaməti tapmaması barədə ikinci bir qərarın qəbul edilməsini göstərir. Bu hal, habelə yuxarıda sadalanan hallar cavabdeh orqanın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun davranmadığının göstəricisi olmaqla, qəbul etdiyi qərarların da bu səbəbdən qanunsuzluğuna dəlalət edir. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Göründüyü kimi, iddiaçıya xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət TibbiSosial Ejspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə qərar ləğv edilmədən, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir. Daha sonra isə İddiaçı narazılığı üzrə müraciəti əsasında o, yaşadığı ünvanda əyani müayinə olunmuş və onun barəsində “xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3929/2024 qərar qəbul edilmişdir. Halbuki, iddiaçının barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-1796/2024 nömrəli qərar mövcud deyildir. İddiaçının barəsində qəbul edilmiş qərar xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1796/2024 nömrəli olmuş, o da yuxarıda sadalanan hallara və əsaslara görə qanunsuz inzibati akt olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3- 17-4/3-3-1796/2024 saylı qərarının onun barəsində diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilməsi hissəsində və 04 may 2024-cü il tarixli, 3-17-4/3-3-3929/2024 nömrəli qərarının onun barəsində "xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş diaqnozun təsdiqini tapmaması barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən tam reabilitasiya olunmasına dair qərarın qəbul edilməsi" hissəsində ləğv edilməsi, ona xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli, 3-17-4/3-3-1796/2024 saylı qərarı İddiaçı barəsində diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilməsi hissəsində və 04 may 2024-cü il tarixli, 3-17-4/3- 3-3929/2024 nömrəli qərarı onun barəsində “xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1796/2024 nömrəli qərara əsasən təyin edilmiş diaqnozun təsdiqini tapmaması barədə qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən tam reabilitasiya olunmasına dair qərarın qəbul edilməsi” hissəsində ləğv edilsin. İddiaçı xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-791/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-791/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver