Məhkəmə qərarları › İş №2-1(114)-792/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-792/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-792/2022 06.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 25.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1973-cü il tarixdən 2002-ci il tarixədək Gəncə şəhərində “Gəvə” kombinatında işləmiş, işlədiyi müddətdə ona 0,04 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində ev tikdirib orada yaşayır. İddiaçı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin torpaqda 20 il bundan qabaq ev tikmiş və ailəsi ilə həmin evdə yaşayır. Torpaq sahəsinin üç tərəfində yaşayış evləri var, bir tərəfindən isə yol keçir, sahə tam şəkildə daş hasarla əhatə olunub və qonşularla torpaqla bağlı mübahisələri yoxdur. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçının müraciətinə mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi, həmçinin bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv səndlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -X7 Filialının 10.12.2021-ci il tarixli 1348(405)/3 nömrəli arxiv arayışından görünür ki, Kirovabad şəhəri X6 İcraiyyə Komitəsinin 23.08.1988-ci il tarixli 11 saylı qərarı ilə 10.06.1986-cı il 13 nömrəli və 18.08.1987-ci il tarixli qərarlara əlavə olaraq bağçılıq yoldaşlığı birliyinin inkişafı üçün Gəncə şəhəri ərazisindən 55 ha torpaq sahəsinin ayrılaraq ümumi torpaq sahəsinin 98.0 hektara çatdırılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş X8 Məhdud Məsuliyyətli Cəmiyyətin 09.03.2018-ci il tarixli arayışından görünür ki, Kirovabad şəhəri X6 İcraiyyə Komitəsinin 23.08.1988-ci il tarixli 11 saylı qərarında göstərdiyi kimi 10.06.1986-cı il 13 nömrəli qərarı ilə M.D.Hüseynov adına X4 Gəc Zavodu ərazisindən ayrılmış yoldaşçılıq-bağçılıq təsərrüfatından müdriyyət və həmkarlar komitəsinin 10.11.1986-cı il tarixli 2 nömrəli protokolu ilə İddiaçı sahəsi 400 kv.m olan K-1-24 nömrəli torpaq sahəsi verilmişdir. -surəti işə əlavə olunmuş Kirovabad Xalça-Mahud Kombinatının 14.04.1997-ci il tarixli, 67 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 10.06.1986-cı il tarixli 13 nömrəli sərəncamına əsasən Gəc zavodu ərazisində bağ yeri üçün sahəsi 400 kv.m olan K1-24 nömrəli torpaq sahəsi ayrılmışdır. -surəti işə əlavə olunmuş 03.09.1981 tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 01.09.1973-cü il tarixdən 16.10.2002-cil tarixədək M.D.Hüseynov adına X3 işləmişdir. -surəti işə əlavə olunmuş Kəpəz Bələdiyyəsinin 12.04.2007-ci tarixli 118973 nömrəli qəbzindən görünür ki, İddiaçı 2002-2007-ci illər üçün 10,48 manat vergi ödəmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 27.12.2021-ci il tarixli, **********64 nömrəli bildirişindən görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Kirovabad şəhəri X6 İcraiyyə Komitəsinin 10.06.1986-cı il 13 nömrəli qərarı ilə M.D.Hüseynov adına X4 Gəc Zavodu ərazisindən ayrılmış yoldaşçılıq-bağçılıq təsərrüfatından müdriyyət və həmkarlar komitəsinin 10.11.1986-cı il tarixli 2 nömrəli protokolu ilə İddiaçı birliyin üzvü olaraq bağ evinin tikintisi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə edilməməsi, həmçinin bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv səndlərinin Ərazi İdarəsinə təhvil verilməməsi qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, X4 Gəc Zavodu ərazisindən ayrılmış yoldaşçılıq-bağçılıq təsərrüfatından iddiaçıya qanuni əsaslarla torpaq sahəsi ayrılmış və iddiaçı də təyinatı üzrə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv səndlərinin Ərazi İdarəsinə təhvil verilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. İstinad olunan Sərəncamdan göründüyü kimi ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi bu sahədə müvafiq səlahiyyətli quruma həvalə edilmişdir. Bu səbəbdən də, “bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməməsini əsas gətirərək cavabdeh tərəfindən iddiaçının hüquqlarının məhdudlaşdırılması qanunsuz olmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçı sözügedən torpağı müvafiq orqanının qərarı əsasında, yəni qanuni əsaslarla əldə etmişdir və həmin qərar hal-hazırda da qüvvədədir. Əmlak qanuni əsaslarla əldə edilmişirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir. Beləliklə göründüyü kimi mövcud qanunvericiliyin tələblərinə əsasən qanuni əsaslarla əldə edilmiş torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilər. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. “Kirovabad” (Gəncə) X6 İcraiyyə Komitəsinin 10.06.1986-cı il 13 nömrəli qərarı ilə M.D.Hüseynov adına X4 Gəc Zavodu ərazisindən ayrılmış yoldaşçılıq-bağçılıq təsərrüfatından müdriyyə və həmkarlar komitəsinin 10.11.1986-cı il tarixli 2 nömrəli protokolu ilə İddiaçı verilmiş 400 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar