Məhkəmə qərarları › İş №2-1(114)-793/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-793/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-793/2025 03.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi və pensiyanın bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş İddiaçı pensiya işi ilə müəyyən edilir ki:

2. İddiaçı xx.xx.2006-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Daha sonra xidməti araşdırma zamanı İddiaçı sığortaolunan olmadığı halda X8 qulluq etdiyi dövrün sığorta stajına daxil edildiyi müəyyən edilmiş və bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır.

4. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarın “qeyd” hissəsində göstərilmişdir ki, vətəndaşın tələb olunan sığorta stajı olmadığı üçün (tələb olunan staj 5 il, vətəndaşın əmək kitabçası yoxdur, ahıla qulluq müddəti əsasında pensiya təyin olunmuşdur) pensiya hüququ ləğv olunur. Qeyd olunanlara əsasən 10982.59 manat artıq vermə müəyyən olunmuşdur. Artıq vermə Qanunun 39.1-ci maddəsinə uyğunlaşdırılmışdır. Vətəndaşın müavinət hüququna baxılsın. Nəticədə “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2024cü il tarixədək İddiaçı əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir.

5. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında xx.xx.2024-cü il tarixdə İddiaçı dinlənilmə hüququ həyata keçirilmiş və bu barədə həmin tarixdə akt tərtib edilmişdir.

6. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində ona hüququ olmadığı halda xx.xx.2006-cı il tarixdən əmək pensiyası təyin olunduğunun izah edildiyini, ona təyin ediləcək sosial müavinətindən hər ay 100 manat tutulmanın aparılmasına etiraz etmədiyini bildirmişdir.

7. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinətlər üzrə” xx.xx.2024-cü il tarixli qərarın “qeyd” hissəsində göstərilmişdir ki, Vətəndaşın yaşa görə sosial müavinət hüququ olduğu üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş məbləğ müəyyən olunmuşdur. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli artıqvermə qərarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıq ödənilmiş yaşa görə əmək pensiyasının məbləği ödənilməmiş yaşa görə sosial müavinətin ödənişində nəzərə alınsın. Vətəndaşa rəsmi məlumat verilsin.

8. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-79717/2024 nömrəli məktubda bildirilmişdir ki, Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 8.1-ci maddəsinin xx.xx.2006-cı il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, sığortaolunan olmadığı halda X8 qulluq etdiyi dövr sığorta stajı kimi nəzərə alınaraq ona xx.xx.2006-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilib. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, ona vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən "İnzibati icraat haqqında" Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixində dəvət məktubu göndərilmiş (3-17-1/2-R-26406/2024 nömrəli məktub) və xx.xx.2024-cü il tarixində saat 12:00-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 (Qəbul şöbəsinə) gəlməyi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməyi xahiş olunmuşdur. Yuxarıda qeyd olunan tarixdə o, Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra-Fond) qəbulda olmuş və əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin təyin olunacaq yaşa görə sosial müavinətin məbləğindən hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına razılıq vermişdir. Mərkəzi Filialın müvafiq qərarı əsasında ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq ona xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək (vergi ödəyicisi kimi fəaliyyətə başladığı tarixədək), xx.xx.2021-ci il tarixindən (vergi ödəyicisi kimi fəaliyyətinizin dondurulduğu tarixdən) xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 180 manat və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin istənilən filialına müaciət edə bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

9. Məhkəmə sorğusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-8798/2025 nömrəli cavab məktubundan göstərilmişdir ki, xidməti araşdırma nəticəsində iddiaçı X4 sığortaolunan olmadığı halda mərhum X8 qulluq etdiyi dövrün sığorta stajı kimi nəzərə alınaraq ona xx.xx.2006-cı il tarixində yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən edilmişdir. Bu səbəbdən Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə R.Rzayevanın pensiya hüququ olmadığı müəyyən olunmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Bu barədə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-26406/2024 nömrəli məktubu ilə İddiaçı məlumat verilmiş və inzibati icraatda iştirak üçün Fonda dəvət olunmuşdur. Bildirilir ki, İddiaçı xx.xx.2024-cü il tarixində Fondun inzibati binasında qəbul edilmiş yuxarıda qeyd olunanlar barəsində mülahizəsini bildirmişdir. Həmçinin vətəndaş ona təyin ediləcək sosial müavinətdən tutulma aparılmasına etirazının olmadığını bildirmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı yaşa görə sosial müavinət təyin edilmişdir. Həmçinin pensiya üzrə müəyyən edilmiş artıqvermə məbləği ona təyin edilən sosial müavinətdə nəzərə alınmışdır. Bu barədə vətəndaşa Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-79717/2024 nömrəli məktubu ilə məlumat verilmişdir. II. Məhkəmədə icraat

10. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, əri X2 ilə xx.xx.1978-ci il tarixdə evlənib ailə qurmuşlar. Nikahlarını xx.xx.1981-ci il tarixdə rəsmiləşdirmişlər. O, gəlin köçərkən mərhum qaynanası X10 79 yaşında olmuş, yaşlı olduğundan daim qulluğa ehtiyacı olmuşdur. O, qaynanasına qulluq etmişdir və bu səbəbdən də heç bir yerdə işləyə bilməmişdir. X11 xx.xx.1997-ci il tarixdə 98 yaşında vəfat etmiş və yuxarıda qeyd etdiyi kimi vəfat edən günədək qaynanasına qulluq göstərmişdir. Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-. Qanun) 8.1-ci maddəsinin xx.xx.2006-cı il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin edilərkən mərhum qaynanasına qulluq etdiyi müddət onun sosial sığorta stajına hesablanmış və bu qaydada ona əmək pensiyası hesablanmışdır. "Əmək pensiyaları haqqında" Qanunun 21.2 və 21.2.4-cü madədlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. xx.xx.2024-cü il tarixindən onun əmək pensiyası əsassız olaraq cavabdeh təşkilat tərəfindən dayandırılmış və heç bir əsaslı səbəb göstərilməmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi əsl Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

14. Daha sonra iddiaçı X6 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, pensiyanın ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

17. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

18. Hazırkı işdə iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə (30 günlük) riayət edilmişdir.

19. Belə ki, SÖTMF tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubda adıçəkilən qərara əsasən pensiya hüququnun ləğv edilməsi və artıq ödənilmiş vəsaitin aşkar edilməsinin bildirildiyi, eyni zamanda mülahizələrinin dinlənilməsi üçün Fonda dəvət edildiyi, iddiaçı xx.xx.2024-cü il tarixdə Fondda olarkən də ona qəbul edilmiş qərar barəsində bildirildiyini və bu barədə müvafiq akt tərtib edildiyini, iddiaçının da həmin aktı imzaladığını göstərsə də, nə Fondun xx.xx.2024-cü il tarixli məktubunda, nə də xx.xx.2024-cü il tarixdə mübahisələndirilən qərarın qəbulu barədə hər hansı məlumat qeyd edilməmişdir.

20. Hətta qəbul edilsə ki, bu barədə iddiaçıya Fondun xx.xx.2024-cü il tarixli məktubunda (yazılı), yaxud xx.xx.2024-cü il tarixdə Fondda olarkən (şifahi) məlumat verilmişdir (elan edilmişdir), bu halda belə iddiaçıya həmin qərardan mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti bildirilmədiyi üçün, onun həmin aktdan şikayət vermə müddəti 6 ay nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

21. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

22. Məhkəmə hazırkı iddianın mübahisələndirmə və öhdəliyin icrası haqqında iddia növlərinə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

25. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiaçının iş üzrə müddətin bərpası barədə vəsatəti (ərizəsi) baxılmadan geri qaytarılmışdır.

27. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-79717/2024 nömrəli məktubda qeyd edilənlərə əsasən, xidməti araşdırma zamanı İddiaçı sığortaolunan olmadığı halda X8 qulluq etdiyi dövrün sığorta stajına daxil edildiyi müəyyən edilmiş və bu səbəbdən də xx.xx.2006-cı il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Sözügedən məktubda qeyd edilənlərlə raşılaşmayan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində əmək pensiyasının xx.xx.2024-cü il tarixdən əsasız olaraq cavabdeh tərəfindən dayandırıldığını qeyd etmiş və ona təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edirlər ki, cavabdehin qərarı qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq isə dair etirazlarını təqdim edirlər və icraatına qəbul edib hüquqi qiymət verməyini xahiş edirlər. Bildirirlər ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 8.1-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. Qeyd edirlər ki, xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı sığortaolunan olmadığı halda onun X8 qulluq etdiyi dövr sığorta stajı kimi nəzərə alınaraq ona 01.07 2006-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatımn keçirilməsi zərurəti yaranmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçının yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üçün inzibati icraat başlanılmış və yuxarıda qeyd olunan faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixli 3-17-1/2-R- 26406/2024 nömrəli məktubla xx.xx.2024-cü il tarixdə, saat 12:00-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) inzibati binasına gəlməyi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməyi xahiş edilmişdir. Qeyd olunan tarixdə İddiaçı Fondda qəbulda olmuş və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə əsasən əmək pensiyasının ödənişinin dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə adıçəkilən şəxsə ətraflı məlumat verilmişdir. Bildirirlər ki, iddiaçı əmək pensiyası üzrə artıq ödəniliş vəsaitin təyin olunacaq yaşa görə sosial müavinətin məbləğindən hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına razılıq vermişdir. Qeyd olunanlara əsasən Mərkəzi Filailın xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmış və Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (vergi ödəyicisi kimi fəaliyyətə başladığı tarixədək), xx.xx.2021-ci il tarixdən (vergi ödəyicisi kimi fəaliyyətinin dondurulduğu tarixdən) xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 180 manat və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı "yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

28. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

29. Cavabdehin nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərar; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinətlər üzrə” xx.xx.2024-cü il tarixli qərar; - xx.xx.2024-cü il tarixli ərizə və akt; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-79717/2024 nömrəli məktubu; - Məhkəmə sorğusuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-8798/2025 nömrəli cavab məktubu; - Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş İddiaçı pensiya işi üzrə icraat materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

32. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı xx.xx.2006-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra xidməti araşdırma zamanı İddiaçı sığortaolunan olmadığı halda X8 qulluq etdiyi dövrün sığorta stajına daxil edildiyi müəyyən edilmiş və bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə ona təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmış və məsələ ilə bağlı inzibati icraat başlanılmış, iddiaçı dinlənilmə hüququnun təmin edilməsi üçün Filiala dəvət edilmiş və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə əsasən əmək pensiyasının ödənişinin dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə adıçəkilən şəxsə ətraflı məlumat verilmiş, iddiaçı əmək pensiyası üzrə artıq ödəniliş vəsaitin təyin olunacaq yaşa görə sosial müavinətin məbləğindən hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına yazılı razılıq vermişdir.

33. Nəticədə “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

34. Yəni, işin hallarını ümumiləşdirdikdə belə müəyyən olunur ki, Nazirlik tərəfindən aparılmış xidməti yoxlama nəticəsində İddiaçı sığortaolunan olmadığı halda X8 qulluq etdiyi dövrün sığorta stajına daxil edildiyi müəyyən edilmiş və yaşa görə əmək pensiyası hüququnun olmadığı aşkar edilmiş, yaşa görə ödənilmiş pensiya məbləği artıq ödəmə kimi müəyyən edilərək iddiaçının həmin dövrə alacağı sosial müavinət məbləği həmin artıq ödəmədən çıxılmışdır. Eyni zamanda, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası dayandırılmış və ona ömürlük sosial müavinət təyin edilmişdir. Nəticədə “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2024cü il tarixədək İddiaçı əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir.

35. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: Bənd 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

37. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

38. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi.

39. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.

40. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

41. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən xidməti araşdırma zamanı iddiaçı X4 sığortaolunan olmadığı halda mərhum X8 qulluq etdiyi dövrün sığorta stajı kimi nəzərə alınaraq ona xx.xx.2006-cı il tarixində yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən edilmişdir. Bu səbəbdən Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə R.Rzayevanın pensiya hüququ olmadığı müəyyən olunmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Bu barədə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-R- 26406/2024 nömrəli məktubu ilə İddiaçı məlumat verilmiş və inzibati icraatda iştirak üçün Fonda dəvət olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixində Fondun inzibati binasında qəbul edilmiş yuxarıda qeyd olunanlar barəsində mülahizəsini bildirmişdir. Həmçinin vətəndaş ona təyin ediləcək sosial müavinətdən tutulma aparılmasına etirazının olmadığını bildirmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı yaşa görə sosial müavinət təyin edilmişdir. Həmçinin pensiya üzrə müəyyən edilmiş artıqvermə məbləği ona təyin edilən sosial müavinətdə nəzərə alınmışdır. Bu barədə vətəndaşa Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-79717/2024 nömrəli məktubu ilə məlumat verilmişdir.

42. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının yaşa görə əmək pensiyası ləğv olunması və pensiyasında artıq ödəmə halları müəyyən edilərkən, inzibati icraat aparılmış, artıq ödəmə məbləğinin iddiaçının sosial müavinətindən tutulacağı ilə bağlı onun yazılı razılığı alınmışdır.

43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

44. Sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

45. Beləliklə, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının yaşa görə əmək pensiyasının dayandırılması və onun əmək pensiyasında artıq ödəmə məbləğinin müəyyən edilməsi ilə bağlı hərəkətləri qanuni olmuşdur. Ona görə də, iddia təmin edilməməlidir.

46. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar