Məhkəmə qərarları › İş №2-1(114)-795/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-795/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-795/2020 25.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Şəmkir rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü ilədək Şəmkir şəhərində fəaliyyət göstərmiş «Çörəkbişirmə Kombinatında» sahə ustası işləməsinə dair illərin sığorta stajına hesablanması öhdəliyinin cavabdeh Dövlət X3 Şəmkir rayon şöbəsinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir şəhərində fəaliyyət göstərmiş «Çörəkbişirmə Kombinatında» xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü ilədək sahə ustası işləməsi əmək kitabçasında qeyd edilmişdir. Lakin Dövlət Arxivinin Şəmkir filialının xx.xx.2019-cu il tarixli K-1-296 saylı arxiv arayışında Şəmkir «Çörəkbişirmə Kombinatı»nın 1991-1992-ci illəri əhatə edən sənədlərinin arxivdə saxlanılmaması göstərilmişdir. Hazırda yaşa görə əmək pensiyasına çıxmaq istəyir. Bu barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh fərdi hesabında sığorta hissəsində pensiya kapitalı olmadığına görə ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı tələbini dəqiqləşdirərək xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər Süleyman kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbi ilə bağlı imtina məktubunda qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü ilədək olan dövrü mübahisələndirir. xx.xx.1990-cı ildən xx.xx.1992-ci il tarixədək olan dövr iddiaçının sosial stajına daxil edilmişdir. Lakin iddiaçının İT-İ № ******* saylı əmək kitabçasında xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Şəmkir Çörək Kombinatında işləməyi qeyd olunsa da, Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli K-1-296 saylı Arxiv arayışında Şəmkir Çörək Kombinatının 1992-1993-cü illəri əhatə edən sənədləri Arxivdə saxlanılmadığı və qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün həmin illərin onun sığorta stajına daxil edilməsi imkan xaricində olmuşdur. Bu səbəbdən də vətəndaşın pensiya ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmşdır. Ona görədə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus İT-İ № ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********6 nömrəli bildirişi, Dövlət Arxivinin Şəmkir filialının xx.xx.2019-cu il tarixli, k-3-36 nömrəli məktubu, DSMF Şəmkir rayon şöbəsinin məhkəməyə ünvanladığı **********7 nömrəli xx.xx.2020ci il tarixli məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra mətndə Qaydalar) 2.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir (Qaydaların 3.1.1-ci bəndi). 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir (Qaydaların 3.2-ci bəndi). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin, Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş məktubdan görünür ki, Kombinatın xx.xx.1992-ci il tarixli 08 nömrəli əmri ilə «Süleyman» müəsissəsi yarandığı üçün iddiaçının komissiyanın üzvü olması və maddi məsul şəxs kimi qeyd edilməsi göstərilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1993-cü illərdə «Süleyman» kiçik müəsissəsində işləməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, əmək kitabçası sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd hesab olunsa da, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan aktlar əmək kitabçasının mötəbərliyini şübhə altına qoyduğundan iddiaçıya pensiya təyin edilməsi zamanı mötəbər sənəd hesab edilə bilməz. Beləliklə, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1993-cü illərdə «Süleyman» kiçik müəsissəsində işləməsi öz təsdiqini tapmadığından qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən, cavabdeh tərəfindən iş stajının ona əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Şəmkir rayon şöbəsinə qarşı xx.xx.1992-ci ildən xx.xx.1993-cü illərdə «Süleyman» kiçik müəsissəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar