Məhkəmə qərarları › İş №2-1(114)-795/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-795/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-795/2024 12.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğvi və İİ dərəcə əlilliyin bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdeh orqanın tam reabilitasiya olunması barədə may 2023-cü il tarixli qərarın ləğv edilməklə onun xx.xx.2006-cı il tarixdə istehsalat zədəsi səbəbilə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.1987-ci il tarixli 1 nömrəli akta əsasən İddiaçı xx.xx.1987-ci il tarixdə saat 08:30-da işlədiyi "xxxx" ASC-nin Gəncə “Gil Torpaq” istehsalatı birliyində bədbəxt hadisə nəticəsində xəsarət alaraq əmək qabiliyyətini 80% itirmişdir.

2. TSEK-in müayinə aktlarından çıxarışlardan məlum olur ki, İddiaçı xx.xx.2004-cü il tarixdə istehsalat zədəsi səbəbilə əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar 1 il müddətinə, xx.xx.2005-ci il tarixdə istehsalat zədəsi səbəbilə əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar 1 il müddətinə, xx.xx.2006-cı il tarixdə istehsalat zədəsi səbəbilə əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçı əlillik vəziyyəti xx.xx.2006-cı il tarixdə qiymətləndirilərkən ona “Xəstəliklərin beynəlxalq Təsnifatı: XİX Sinif – Travmalar, zədələnmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 – Döş qəfəsinin travmaları => S29 – Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları => S29.9... Diaqnozun mətni: Döş fəqərələrinin kompression sınığından sonrakı qalıq əlamətləri.Astenonevrotik vəziyyət” diaqnozu qoyulmuşdur.

4. "Azərbaycan Alüminiumu” ASC-nin arayışında qeyd edilir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2022-ci il tarixli 782 saylı "xxxx" ASC-nin idarəetməsində olan "xxxx" (Azəralüminium”) Səhmdar Cəmiyyətinin Gəncə “Gil-Torpaq” və Daşkəsən “Alünit” istehsalat sahələrinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə borclarının tənzimlənməsi barədə” Sərəncamına əsasən 2022-ci il sentyabrın 1-dək olan zərər ödənci tam ödənilmiş və 01 sentyabr 2022-ci il tarixinə vətəndaşa zərər ödənci üzrə borc qalmamışdır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatdan məlum olur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək tam reabilitasiya olması səbəbindən əlilliyin təyin olunmasından imtina edilmiş və may 2023-cü il tarixli tam reabilitasiya qərarı qəbul edilmişdir. Məlumatda iddiaçının diaqnozu “Döş fəqərələrinin kompression sınığından sonrakı qalıq əlamətləri.Asteno nevrotik vəziyyət” kimi müəyyənləşdirilmişdir.

6. X2 xx.xx.2023-cü il taxirli tibbi rəyində göstərilmişdir ki, onurğa sütununun lumbar şöbəsinin KT müayinəsində Th11, Th12 fəqərə cismlərinin köhnə sınıqları və pazvari deformasiyası müşahidə olunur. Dural kisə və onurğabeyni dəyişiksizdir. Onurğanın deformasiyaedici osteoxondrozu müşahidə olunur.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eksperetiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patokfunksional dəyişikliklər aşkar olunmadığından tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 2-ci qrup əlilliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1987-ci ilin yanvar ayının 28-də istehsalatda işlədiyi "xxxx" ASC-nin Gəncə "Gil Torpaq" istehasalatı birliyində xəsarət alıb əmək qabiliyyətini 80% itirmişdir. Son zamanlara kimi o, İİ qrup əlil kimi pul almışdır. O, axırıncı dəfə xx.xx.2006-cı ildə komissiyadan keçmişdir. Həmin vaxtı onun müddətsiz olaraq aldığı xəsarətə görə müavinət almağı müəyyən edilmişdir. Qeyd edir ki, son zamanlarda, yəni 2022-ci ilin axırlarında müavinəti, yəni əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ kəsilmiş, onun təkrar komissiyadan keçməyi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli müayinə ilə bağlı verilmiş arayışda ona əmək qabiliyyətinin itirilməsi ilə bağlı verilmiş müavinət kəsilmiş, onun tam reabilitasiya olmağı göstərilmişdir. Bunu əsassız hesab edir. Belə ki, onun xəsarəti ilə bağlı 2006-cı ildə müayinə edilmiş və həmin xəsarətlə bağlı əlilliyi müddətsiz müəyyən edilmişdir. Ona görə də onun sağlamlığı ilə bağlı verilmiş rəylə razı deyil. O, tam reabilitasiya edilməmişdir. Hal-hazırda da xəstədir. Ona görə də onun 2-ci qrup əlilliyinin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

11. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza Komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

12. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın onun tam reabilitasiya olunması barədə may 2023-cü il tarixli qərarın ləğv edilməklə onun xx.xx.2006-cı il tarixdə istehsalat zədəsi səbəbilə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı iddiasında onun “Tam reabilitasiya olunması”na dair may 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etsə də, həmin qərarın ləğvi tələbi isə iddiaçının ikinci dərəcə müddətsiz əlilliyin ləğvolunduğu vaxtdan bərpa edilməsi tələbinin təmininə yönəlmişdir.

15. İPM-ə görə: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

21. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

23. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FiN:xxxxxxx) ona 2006-cı ildə təyin edilmiş Əlillik təyinatı barədə məlumatların ƏAS-nə daxil edilməsi məqsədi ilə etdiyi müraciət əsasında əyani komissiyaya dəvət edilmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinə zamanı vətəndaş iş tapşırığını yerinə yetirərkən yıxılıb xəsarət aldığını bildirmiş, bunu təsdiq edən xx.xx.1987-ci ildə tərtib edilmiş xx.xx.1987-ci il saat 08:30-da bədbəxt hadisəni təfsilatı ilə özündə əks etdirən X4 tərəfindən təqdim edilmiş istehsalatda bədbəxt hadisə haqqında akt təqdim etmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixli əmək zədəsi səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatların yer aldığı TSEK arayışının surətini, (Diaqnoz: Döş fəqərələrinin kompression sınığından sonrakı qalıq əlamətləri, Asteno nevrotik vəziyyət.) və əmək qabiliyyətinin 80% itirilməsi barədə xx.xx.2006-cı il tarixli müayinə aktından çıxarış təqdim etmişdir. Obyektiv müayinədə nevroloji statusunda kəllə-beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verən mikroocaqlı patologiya aşkar edilməmiş, hərəki sferada əzələ tonusu normal, Reflekslər canlı D=S olmuş, Piramid işarələr, patoloji reflekslər mənfi olmuş, yerimişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2023-cü il tarixindən etibarən "Tam reabilitasiya olunması" na dair qərar qəbul edilmişdir.

24. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar heç bir yerə müraciət etməmişdir. O, yalnız 2022-ci ilin dekabr ayında xəsarət müavinəti kəsildikdən sonra bunun səbəbini öyrənmək üçün 2023-cü ilin əvvəllərində Gəncə şəhərində yerləşən Komissiyaya yaxınlaşmış, o da onu may ayında Bakı şəhərinə Agentlikdəki Komissiyada baxışdan keçməyə göndərmişdir. Orda onun əlillik sənədlərinə baxıb heç bir söz deməmişlər. İkinci dəfə 2023-cü ilin iyul ayında Agentlikdə olmuş, yenə heçnə demədən onu yola salmışlar. Avqust ayında on aməlum olmuşdur ki, əlilliyini ləğv etmişlər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - X3 xx.xx.2023-cü il tarixli tibbi rəyi; - xx.xx.1987-ci il tarixli 1 nömrəli akt; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də müayinə aktından çıxarışlar; - "Azərbaycan Alüminiumu” ASC-nin arayışı; - TSEK-də sonuncu müayinəyə dair məlumatlar; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eksperetiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli cavab məktubu; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1987-ci il tarixdə saat 08:30-da işlədiyi "xxxx" ASC-nin Gəncə “Gil Torpaq” istehsalatı birliyində bədbəxt hadisə nəticəsində xəsarət alaraq əmək qabiliyyətini 80% itirmişdir. İddiaçı xx.xx.2004-cü il tarixdə və xx.xx.2005-ci il tarixdə 1 il müddətinə istehsalat zədəsi səbəbilə əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyəti xx.xx.2006-cı il tarixdə qiymətləndirilərək Xəstəliklərin beynəlxalq Təsnifatı: XİX Sinif – Travmalar, zədələnmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 – Döş qəfəsinin travmaları => S29 – Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları => S29.9... Diaqnozun mətni: Döş fəqərələrinin kompression sınığından sonrakı qalıq əlamətləri.Astenonevrotik vəziyyət. Meyar: İkinci dərəcə əlillik =>Digər: döş fəqərələrinin compression sınığından sonrakı qalıq əlamətləri.Asteno nevrotik vəziyyət diaqnozu üzrə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

29. Cavabdeh orqan İddiaçı əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciəti əsasında onu xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinə etmiş və nəticədə tam reabilitasiya olması barədə may 2023-cü il tarixli qərar qəbul edərək, iddiaçının müddətsizi ikinci dərəcə əlilliyini ləğv etmişdir.

30. Məhkəmə cavabdeh orqanın həmin hərəkətlərini qanunsuz sayır və aşağıdakıları qeyd edir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

32. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

33. Məhkəmə cavabdeh orqanın hərəkətinin qanunauyğunluğunun müəyyən edilməsi istiqamətində araşdırma apararaq, cavabdeh orqana iddiaçıya xx.xx.2006-cı il tarixdə müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə dair cavabdeh orqanın düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olması, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurətin haradan yaranması barədə ətraflı məlumat və bu barədə sənədlərin təqdim edilməsi barədə sorğu verilmişdir.

34. Cavabdeh orqan sorğuya cavab məktubunda İddiaçı əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olduğun, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patokfunksional dəyişikliklər aşkar olunmadığından tam reabilitasiya olması barədə qərar qəbul edildiyini bildirmişdir.

35. Məhkəmə hesab edir ki, İddiaçı onun əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar özünün etdiyi müraciət “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilməz.

36. Əvvəla, iddiaçı məhkəmə iclasındasədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar heç bir yerə müraciət etməmişdir. O, yalnız 2022-ci ilin dekabr ayında xəsarət müavinəti kəsildikdən sonra bunun səbəbini öyrənmək üçün 2023-cü ilin əvvəllərində Gəncə şəhərində yerləşən Komissiyaya yaxınlaşmış, o da onu may ayında Bakı şəhərinə Agentlikdəki Komissiyada baxışdan keçməyə göndərmişdir. Orda onun əlillik sənədlərinə baxıb heç bir söz deməmişlər. İkinci dəfə 2023-cü ilin iyul ayında Agentlikdə olmuş, yenə heçnə demədən onu yola salmışlar. Avqust ayında on aməlum olmuşdur ki, əlilliyini ləğv etmişlər.

37. İkincisi, hətta, iddiaçının əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar müraciəti olsa belə, bu, onun əyani müayinəyə cəlb edilməsinə və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsinə əsas vermir.

38. Üçüncüsü isə, həmin müraciətin həqiqətən edildiyini qəbul etəsk belə, bu müraciət iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır.

39. X2 xx.xx.2023-cü il taxirli tibbi rəyində göstərilmişdir ki, onurğa sütununun lumbar şöbəsinin KT müayinəsində Th11, Th12 fəqərə cismlərinin köhnə sınıqları və pazvari deformasiyası müşahidə olunur. Dural kisə və onurğabeyni dəyişiksizdir. Onurğanın deformasiyaedici osteoxondrozu müşahidə olunur.

40. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

41. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

42. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının İddiaçı “Tam reabilitasiya olunması” barədə may 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdə istehsalat zədəsi səbəbilə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar