Məhkəmə qərarları › İş №2-1(114)-796/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-796/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-796/2025 17.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 saylı qərarı ilə Tərtər şəhəri, Mübariz Kərimov küçəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən:

1. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarı ilə Tərtər şəhərində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir.

2. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıya 0,05 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 649 nömrə ilə kitabda qeydə alınmış JN-670A nömrəli (61101004 kodlu) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamənin “Həyətyanı sahənin qaiməsi/sertifikatı/ndan görünür ki, torpağın ümumi sahəsi 500,0 kv.m-dir (suvarılan sahə 500,0 kv.m bonitet balı 100). Şəhadətnamənin sertifikatı xx.xx.2006-cı il tarixdə DTXK-nin Tərtər rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitutu əməkdaşı tərəfindən imzalanmış və möhürlənmişdir.

3. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2-1347/2024 nömrəli məktubunda bildirmişdir ki, Mərkəzin arxivində yalnız Tərtər rayon Aqrar İslahat Komissiyasınır xx.xx.2005-ci il tarixli, 02 saylı Qərarından çıxarış mövcuddur. Həmin qərardan çıxarışa hər hansı bir sənəd əlavə edilməmişdir. Əlavə olaraq JN-670A (kod ********), JN-4504BB (kod ********) və JN 4505BB (kod ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"lərin nüsxələri, eləcə də arxivdə saxlanılan Tərtər şəhəri üzrə həyətyanı torpaq sahəsinə da subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.

4. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-3540/2024 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı adına tərtib edilmiş JN-670A, KOD 61101004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə torpağa mülkiyyət, torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının, torpağın mülkiyyətə verilməsinə dair və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin qeydiyyatı kitabında qeydə alınması barədə məlumat aşkar edilmədi.

5. Tərtər rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-43RA/1-62/2024 nömrəli məktubuna əsasən Tərtər şəhər İ.Ə.D-nin 2006-2010-cu illər Mübariz Kərimov küçəsi üzrə tərtib etdiyi Təsərrüfatbaşına kitaba tərəfimizdən baxış keçirildi, Həlimə Qarayevanın təsərrüfatı və həyətyanı torpağı barədə məlumat aşkar olunmadı. Məlumat üçün, Tərtər şəhər L.Ə.D-nin. 2011-2015-ci illər Nəriman Nərimanov küçəsi üzrə tərtib etdiyi Təsərrüfatbaşına kitaba tərəfimizdən baxış keçirildi, X9 ailə başçısı kimi yazılmışdır və tənha yaşaması yazılmışdır. Təsərrüfatın xüsusi mülkiyyəti hesab olunan torpaq bölməsində hər hansı bir qeydiyyat aparılmamışdır.

6. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2024-cü il tarixli, 5-78-1/2-57/2024 nömrəli məktubunda bildirmişdir ki, Tərtər rayon Dövlət Arxivinin verdiyi xx.xx.2024-cü il 3-48-43RA/1-65/2024 nömrəli məktuba əsasən 2006-2010-cu illər M.Kərimov küçəsi üzrə tərtib edilmiş Təsərrüfatbaşına kitabda Həlimə Qarayevanın təsərrüfatı və həyətyanı torpağı barədə məlumat aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, Tərtər şəhəri İƏD üzrə nümayəndəliyinin 2011-2015-ci illər N.Nərimanov küçəsi üzrə tərtib etdiyi Təsərrüfatbaşına kitabda X9 ailə başçısı kimi tənha yaşaması yazılmışdır.

7. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunur: 1) İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Tərtər rayonu Tərtər yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqları planına əsasən JN-705 nömrəli şəhadətnamədən artıq qalan 4505BB nömrəli bələdiyyə mülkiyyətinə aid tropaq sahəsi ilə üst-üstə düşür. 2) Tərtər rayonu Tərtər yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqları planına əsasən iddia edilən və naturada göstərilən torpaq sahəsi 4505BB nömrəli bələdiyyə mülkiyyətinə aid, yaşayış məntəqələrinin tropaqları olmaqla, həyətyanı məqsədli torpaq sahəsidir. 3) İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahesi 0.06 hektardır. 4) İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi üzərində bir edəd yaşayış evi, üç ədəd köməkçi tikili mövcuddur. 5) İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür. 7) İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi JN-705 nömrəli şəhadətnamədən artıq qalan 4505BB nömrəli bələdiyyə mülkiyyətinin hüquqlarına toxunur. 8) Torpaq sahəsinə dair rəy, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUiS) informasiya sisteminə və Tərtər rayonu Tərtər yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqları planına əsasən hazırlanmışdır.

Məhkəmə mübahisəsi

8. İddiaçı Tərtər şəhərində yerləşən həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, iddiaçının xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır.

9. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2- 5471/2023 nömrəli məktubunda bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etdiyi sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, naturada istifadə edilən torpaq sahəsinin "Torpaqların elektron kadastr uçotu informasiya sistemi" üzrə elektron kadastr məlumat bazasında yerləşmə mövqeyi öz əksini tapmamışdır. Bu səbəbdən də ərizənizin icrası qeyri mümkündür.

10. İddiaçı cavabdehə qarşı “Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 02 saylı qərarı ilə Tərtər şəhəri, Mübariz Kərimov küçəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq sənədlərin (torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 saylı qərarı ilə Tərtər şəhəri, Mübariz Kərimov küçəsində mənim mülkiyyətimə 0.05 ha həyətyanı həyətyanı torpaq sahəsi verilmiş və bu hal « Torpagın mülkiyyətə verilməsinə dair JN-670A, kod 61101004 saylı Şəhadətnamə»də öz təsdiqini tapmışdır. Lakin həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması səbəbindən mən torpaq üzərindəki gözlənilən mülkiyyət hüquqlarımdan səmərəli istifadə edə bilməmişəm. Məhz buna görə də mən Tərtər rayonu Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005- ci il tarixli, 02 saylı qərarı ilə 0.05 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (Torpaq sahəsinin plan və ölçüsü, dövlətreyestrindən çıxarış və texniki Pasportun) verilməsinə dair göstəriş verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə cavabdeh inzibati orqana- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etməli oldum. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən ərizəmə cavab kimi verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-5471/2023 saylı məktubda mənə « naturada istifadə etdiyiniz torpaq sahəsinin «Torpaqların elektron kadastr uçotu informasiya sistemi» üzrə elektron kadastr məlumat bazasında yerləşmə mövqeyi öz əksini tapmamışdır » əsası ilə imtina cavabı verilmişdir ki, mən də bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edirəm. Belə ki, « Daşınmaz əmlakın dövlət reyestri haqqında » Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. « Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında » Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, « naturada istifadə etdiyiniz torpaq sahəsinin «Torpaqların elektron kadastr uçotu informasiya sistemi» üzrə elektron kadastr məlumat bazasında yerləşmə mövqeyi öz əksini tapmamışdır » əsası ilə imtinası əsaslı sayıla bilməz. Başqa sözlə, Rayon Aqrar İslahat Komissiyasının fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə Aqrar İslahat Komissiyasının qərarı ilə mənim mülkiyyətimə verilmiş torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını təqdim etməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, JN-670A şəhadətnamə üzrə torpaq sahəsinin yerləşdiyi yeri 4500BB nömrəli bələdiyyə torpağının yerləşmə mövqeyi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi isə JN-705 nömrəli şəhadətnamənin mülkiyyətçisinin zəbt etdiyi torpaq sahəsidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Tərtər rayonu Tərtər bələdiyyəsi iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak etmiş mütəxəssis X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, 4500BB bələdiyyə mülkiyyəti üzərində hər hansı fiziki şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, JN-705 nömrəli şəhadətnamə X6 və onun ailə üzvləri X9, X2 Kamil Taleh oğlu, X4 adına işlənmiş, onların 5 sotu qeydə alınmışdır. 11 sot zəbt kimi qeyd edilmişdir. Zəbt olunan torpaq sahəsi 4500BB torpaqdır. İddiaçıya şəhadətnamə ilə 5 sot verilsə də, 6 sot torpaq sahəsindən istifadə edir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-670A KOD 61101004 nömrəli şəhadətnaməyə əsasən Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 2 saylı qərarı ilə iddiaçıya həyətyanı məqsədilə 0.05 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin "Torpaqların elektron kadastr uçotu informasiya sistemi" üzrə elektron kadastr məlumat bazasında yerləşmə mövqeyi öz əksini tapmamasını bildirilmişdir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş: "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 və 8.0.5-ci normaların mənasına və təfsirinə görə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Yuxarıda qeyd Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. O da qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Digər tərəfdən, torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1862/2023, xx.xx.2024- cü il tarixli 2-1(102)-3/2024 nömrəli qərarları). Hazırkı işin halları üzrə Tərtər şəhərində yerləşən 500 kv.m həyətyanı torpaq sahəsi iddiaçıya məxsusdur, həmin torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi və yardımçı sahələr mövcuddur, bununla bağlı Tərtər rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında tərtib edilmiş şəhadətnamə hazırlanmışdır. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Qeyd olunan sənədlər səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və halhazıradək qüvvədədir. Həmin sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin şəhadətnamə iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. JN-670A KOD 61101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə müəyyən edilmiş 500 kv.m torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınaraq müvafiq dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar