Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-797/2022 12.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun əlilliyinin etibarsız hesab olunduğu tarixdən bərpa olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 25.01.2022ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 18.07.2017-ci il tarixdən 18.07.2022-ci il tarixədək təyin edilmiş ll qrup əlilliyinin etibarlı hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı 05.04.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyiin Hərbi Həkim Komissiyası tərəfindən ona 1994-cü ildən lll qrup, sonradan müraciətinə əsasən isə 18.07.2017-ci ildən 18.07.2022-ci ilədək ll qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1994-cü ildə ona əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edilmişdir. 2021-ci ilin noyabr ayında pensiya və təqaüdü dayandırılmış, və bu zaman elektron sistemə əlillik vəziyyətinin saxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, cavabdeh tərəfindən əlillik vəziyyəti əsassız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya təqaüdü dayandırılmışdır. Bu barədə cavabdehə ərizə ilə 03.12.2021-ci il və 10.12.2021-ci il tarixlərdə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. Bu səbəbdən də Məhkəməyə müraciət edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, onun adından məhkəməyə ünvanlanmış 11.05.2022-ci il tarixli ərizə onun tərəfindən yazılmamış və o, 05.04.2022-ci il tarixli dəqiqləşmiş iddia tələbində qalır. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, idiaçının əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının 22.10.1998-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi - hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; X1: XlX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri--S90-S99- Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları -– S95- Qan damarlarının aşıq-baldır oynağı..; Diaqnozun mətni: Sol ayağın ll-lll barmaqlarının daraq sümüklərinin birlikdə qəlpə yaralanmasından sonra amputasiya (bükmə 25 dərəcə). Sol ayaq pəncəsinin ekviqus tipli deformasiyası. Sol incik və böyük baldır sümüklərinin postravmatik nevritinin davamlı qalıq əlamətləri, neyrotrop əlamətlərlə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik- DİGƏR:2.3. Sol ayağın ll-lll barmaqlarının daraq sümüklərinin birlikdə qəlpə yaralanasından sonra amputasiyası (bükmə 25 dərəcə). Sol ayaq pəncəsinin ekviqus tipli de...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının 17.11.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; X1: XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri—Y35- Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar—Y36-Hərbi əməliyyatlar—Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Sol ayağın mina partlaşı travmasından sonra (1982) l-ll barmaqların və ayaq darağı sümüklərinin amputasion güdülü. Sol baldır və incik sinirlərinin mina partlayışından sonrakı nevriti, neyrotrop əlamətlərlə. Sol aşıq-baldır oynağının postavmatik kontrakturası. Sol aşağı ətrafın funksiya pozğunluğu ilə; Meyar:2.3. Üçüncü dərəcə əlillik– DİGƏR: 2.3 Sol ayağın mina partlayışı travmasından sonra (1982) l-ll barmaqların və ayaq darağı sümüklərinin amputasion güdülü. Sol baldır və incik sinirlərinin mina p...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının 12.11.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; X1: XX Sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri – Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar — Y36 - Hərbi əməliyyatlar—Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Sol ayağın mina partlayışı nəticəsində travmasından sonraki (1992) l-ll barmaqların və ayaqdarağı sümüklərinin amputasion güdülü. Sol aşıq-baldır oynağının postravmatik kontrakturası. Sol aşağı ətrafın funksiya pozğunluğu ilə. Sol baldır və incik sümüklərinin mina partlayışından sonraki nevriti, neyotrop əlamətləri ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik--DİGƏR: 2.3 Sol ayağın mina partlayışı nəticəsində travmasından sonrakı (1992) l-ll barmaqların və ayaqdarağı sümüklərinin amputasion güdülü. Sol aşıq-baldır oynağının...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 21.11.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; X1: XX Sinif – Xəstələnmənin və ölümün xairici səbəbləri—Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar—Y36-Hərbi əməliyyatlar—Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Sol ayağın mina partlayışı nəticəsində travmasından sonrakı (1992) l-ll barmaqların və ayaqdarağı sümüklərinin amputasion güdülü. Sol aşıq-baldır oynağının postravmatik kontrakturası. Sol aşağı ətrafın funksiya pozğunluğu ilə. Sol baldır və incik sümüklərinin mina partlayışından sonraki nevriti, neyotrop əlamətləri ilə; Meyar:2.3. Üçüncü dərəcə əlillik---DİGƏR:2.3 Sol ayağın mina partlayışı nəticəsində travmasından sonrakı (1992) l-ll barmaqların və ayaqdarağı sümüklərinin amputasion güdülü. Sol aşıq-baldır oynağının...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 06.07.2017-ci il tarixli, 4110003AABND saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XlX Sinif –Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri—T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri—T90-Başın..; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş ağır kəllə-beyin travamasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, generalizə olunmuş tez-tez baş verən epileptik gıcolma tutmaları ilə (ayda 7-8 dəfə), vertebro-bazilyar sistemdə keçirilmiş işemik tipli pozğunluqların nəticələri yaddaş zəifliyi və idrakın enməsi. Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi lll mərhələ. ən yüksək risk. QDÇ-ll dərəcə; Meyar: 2.2İkinci dərəcə əlillik—2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikaısnın Daxili İşlər Nazirliyinin Tibb İdarəsi 02.10.2021-ci il tarixli, 029-2939-1221 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 32 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyatının olmaması, Nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsılz hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında olduğundan “əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab olunmuşdur. Sadalananlara görə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsni xahiş edirlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarına 18.07.2017-ci il tarixli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumat, MN Mərkəzi Hərbi Həkim Komissiyasının 21 nömrəli, 07.11.2016-cı il tarixli Qərarı, cavabdehin etirazı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. 18.07.2017-ci il tarixli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 18.07.2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “kəllədaxili travmaların nəticələri, Keçirilmiş ağır kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya. generalizə olunmuş tez-tez baş verən epileptik gıcolma tutmaları ilə (ayda 7-8 dəfə), vertebro-bazilyar sistemdə keçirilmiş işemik tipli pozğunluqların nəticələri, yaddaş zəifliyi və idrakın enməsi. Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi lll mərhələ. ən yüksək risk. QDÇ-ll dərəcə” diaqnozu qoyulmuş, 18.07.2022-ci il tarixədək ll dərəcə əlilliyi müəyyən edilmişdir. MN Mərkəzi Hərbi Həkim Komissiyasının 21 nömrəli, 07.11.2016-cı il tarixli Qərarından görünür ki, Goranboy RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağrılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 23.08.1992-ci ildə aldığı və 23.08.1992-ci ildən 25.09.1992-ci ilə kimi Goranboy Rayon Mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz: ”Sol ayağın l-ll barmaqlarının və həmin barmaqların daraq sümüklərinin travmatik amputasiyası” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin 07.10.2016-cı il tarixli, 536 nömrəli arayışı, 07.10.2016-cı il taixli, 536 nömrəli göndərişi, X4 xəstəxanasından verilmiş 25.09.1992-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Qərara əsas kimi Azərbaycan Respiblikaıs Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin a) yarımbəndi, MN MHHK-nın 20 saylı, 07.11.2016-cı il tarixli protokolu göstərilmişdir. İş materiallarında olan, DİN Tibb İdarəsinin ƏƏSMN-ə ünvanlanmış 02.10.2021-ci il tarixli, 029-2939-1221 nömrəli məktubunda qeyd olunmuşdur ki, adları siyahıda təqdim olunmuş 32 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdiirlmişdir (həmin siyahıda iddiaçının adı mövcuddur). Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5-ci bənd. 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlirənin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət ( indiki Agentlik) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədəməlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbuledildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Sadalanan normaların məzmunundan görünür ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Göründüyü kimi, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərini pozaraq inzibati icraatın aparılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyinin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını barədə iddia tələbi təmin edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-797/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-797/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver