Məhkəmə qərarları › İş №2-1(114)-798/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-798/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-798/2021 26.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinin bərpa edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il tarixdə Mirbəşir rayonunun Dəmirçilər kənd soveti tərəfindən qeydə alınmış Vİ-ЖГ seriyalı 253103 nömrəli doğum haqqında şəhadətnamənin itmiş qeydinin bərpa edilməsi və ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı şəxsiyyət vəsiqəsi almaq məqsədilə əvvəlcə Cavabdehnə müraciət etmiş, lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığına və təqdim edilən doğum haqqında şəhadətnamədə fotoşəkili olmadığı üçün onun ərizəsinin təmin edilməsindən imtina olunmuşdur İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 17 yaşından Bakı şəhərində ev təmiri ilə məşğul olmuşdur, heç vaxt vəsiqə almamışdır. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının doğum akt qeydi mövcuddur, əvvəllər ona doğum haqqında şəhadətnamə verilmişdir, lakin şəxsiyyət vəsiqəsi olmadığına, yəni şəxsiyyətini müəyyən etmək mümkün olmadığına görə ona təkrar doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.1978-ci il tarixli, 49 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Tərtər (Mirbəşir) rayonunda anadan olmuşdur. -Vİ-ЖГ 253103 nömrəli, xx.xx.1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Tərtər (Mirbəşir) rayonunda anadan olmuş, ata qrafasında “X7”, ana qrafasında isə “X2” qeyd edilmişdir. -Tərtər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 46 nömrəli məktubundan görünür ki, 1977-1979-cu illər Dəmirçilər kənd sovetinin Təzəkənd kəndi üzrə tərtib etdiyi 5 nömrəli təsərrüfatbaşına kitabın 243-cü şəxsi hesabında İddiaçı X4 ailə üzvü-oğlu kimi qeyd olunmuşdur. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 231 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı Tərtər rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. -Cavabdeh xx.xx.2021-ci il tarixli, 05/16-98/76 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla, eləcə də tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1978-ci il tarixdə anadan olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının 1978-ci ilin 10 noyabr tarixində 49 nömrəli qeyd edilmiş və bununla bağlı sonuncunun adına Vİ-ЖГ 253103 nömrəli, xx.xx.1978-ci il tarixli doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Qeyd olunan şəhadətnamə iddiaçı tərəfindən itirildiyindən iddiaçı həmin şəhadətnamənin ona təkrar verilməsini xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının şəxsiyyət vəsiqəsi yoxdur və sonuncu tərəfindən həmin sənəd təqdim edilmədiyindən cavabdeh orqan ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə tələbin “təkrar doğum haqqında şəhadətnamənin verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının qeyd olunan şəhadətnamənin verilməsini tələb etməkdə hüquqi marağı şəxsiyyət vəsiqəsi almaqdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. -2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: -şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); -vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; -Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); -vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; -dövlət rüsumunun ödənilməsi barədə sənəd; -ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında şəhadətnamənin təqdim edilməsi müvafiq qanunvericiliyin tələblərindən irəli gəlir. Məhkəmə iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Bundan əlavə tələbin “doğum akt qeydinin bərpa edilməsi” hissəsi ilə bağlı qeyd olunmalıdır ki, iş materialları ilə iddiaçının doğum akt qeydinin mövcudluğu öz təsdiqini tapır, bu səbəbdən də tələb həmin hissədə təmin edilə bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar