Məhkəmə qərarları › İş №2-1(114)-798/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-798/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-798/2024 02.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən xx.xx.2013-cü il tarixdə 031054 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən ona sosial müavinət ödənilməyə başlanılmışdır.

2. İddiaçı xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Prezident təqaüdü təyin edilmiş və hər ay ödənilməsi davam etdirilir.

3. İddiaçı ona ödənilməmiş əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, sözügedən müavinət ləğv edildiyindən, eyni zamanda xx.xx.2011-ci il tarixli onun ərizədə qeyd etdiyi dövr üzrə (xx.xx.2013-cü il tarixindən əvvəlki 3 il üçün) müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

4. İddiaçı xx.xx.2011-ci il tarixdə əmək pensiyası təyin edilərək ödənilir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2024cü il tarixli 3-13-17/2-9272/2024 nömrəli məktubunda bildirilmişdir ki, sabiq əməkdaş İddiaçı xidmətdə olduğu müddət ərzində (xx.xx.1991-xx.xx.2011) müharibə iştirakçısı olduğunu təsdiq edən veteran vəsiqəsini şöbənin mühasibatlığına təqdim etmədiyindən qeyd olunan müavinətin ona ödənilməsi mümkün olmamışdır.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-23/2-3530/2023 nömrəli cavab məkutubunda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin müvafiq komissiyasının xx.xx.2023-cü il tarixli protokoluna əsasən vətəndaş İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqə verilmişdir. Eyni zamanda, müharibə veteranlarına verilən vəsiqə bir nüsxədə hazırlanmaqla sahibinə təqdim olunur, onun surəti komissiyanın materiallarında saxlanılmır. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin noyabr 2010-noyabr 2013-cü il tarixlərə - 3 il öncəyə hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Tərtər rayonunda anadan olmuşdur. Daxili İşlər Nazirliyi Tərtər rayon Polis şöbəsi Mühafizə bölməsinin tərkibində ərazi bütövlüyü uğrunda işğalçılara qarşı aparılan döyüş əməliyyatlarında 1992-1994-cü illər ərzində iştirak etdiyi üçün 04 iyul 2014-cü il tarixdə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən № 031054 saylı "Müharibə veteranı" vəsiqəsi verilmişdir. O, avqust 2023-cü il tarixdə əvvəlki illərə ödənilməli olan sosial müavinətin verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubu vasitəsi ilə həmin müavinətin verilməsinə imtina edilmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi iddiaçıya sosial müavinətin xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamamışdır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçı əvvəlki 3 illik dövr üçün müharibə veteranlarına verilən sosial müavinətin ödənilməsi barədə ərizə ilə cavab orqana müraciət etmiş və xx.xx.2023-cü il tarixli imtina məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtina qərarının cavabdehə çatdırılması üçün olan müddət də nəzərə alınmaqla, iddiaçı tərəfindən hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilərkən müddətin ötürülmədiyi müəyyən edilir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı ilə iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən, İddiaçı veteranlar üçün nəzərdə tutulmuş vəsiqə xx.xx.2013-cü il tarixdə verilmiş, həmin tarixdən ona müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət təyin edilmiş və xx.xx.2019-cu il tarixədək ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. İddiaçı veteran vəsiqəsini aldığı xx.xx.2013-cü il tarixdən əvvəlki üç ilə görə sözügedən müvainətin verilməsi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə iddiaçıya sözügedən müavinətin ləğv olunduğu üçün həmin dövrlər üzrə müavinətin təyin olunmasının və ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Bununla razılaşmayan iddiaçı məhkəməyə müraciət etmiş, vəsiqəni aldığı tarixdən əvvəlki üç ilə görə sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar hesab edirlər ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Qeyd edildiyi kimi, iddiaçıya veteran vəsiqəsi xx.xx.2013-cü il tarixdə verilmişdir. Bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Azərbaycan Respublikası Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər "Veteran vəsiqəsi" təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçıya "Veteran vəsiqəsi" verildiyi tarixdən xx.xx.2019-cu il tarixədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə komunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinət təyin edilmiş və tam məbləğdə ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. İddiaçı müraciəti ilə əlaqədar olaraq bildiririk ki, iddiaçı Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Beləliklə, müavinətin qeyd olunan dövr üzrə, yəni geriyə ödənilməsi iddiaçının veteran vəsiqəsini aldığı xx.xx.2013-cü il tarixdən yox, müvafiq tələblə müraciət etdiyi xx.xx.2023-cü ildən əvvəlki dövrə aid edilməlidir. Lakin xx.xx.2019-cu il tarixdən müharibə veteranları üçün nəzərdə tutulan müavinət prezident təqaüdü ilə əvəzləşdirilmişdir və qanunvericilikdə prezident təqaüdünün müraciət edilməzdən əvvəlki dövr üzrə ödənilməsi ilə bağlı norma nəzərdə tutulmamışdır. Həmçinin iddiaçıya müavinət almaq hüququnun yarandığı gündən - veteran vəsiqəsini aldığı xx.xx.2013-cü il tarixdən müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinət tam şəkildə ödənilmişdir. İddiaçı müraciəti ilə əlaqədar olaraq bildirirlir ki, ona "Veteran vəsiqəsi" xx.xx.2013-cü il tarixdə verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən iddiaçıya ərizəsində qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Buna görə də hesab edirlər ki, iddia tələbi təmin edilməməlidir. Eyni zamanda bildirirlər ki, İddiaçı xx.xx.2011-ci il tarixindən əmək pensiyası aldığından ona ərizəsində qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

20. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraza əlavə təqdim etmiş və etiraza əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı veteran vəsiqəsi xx.xx.2013-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 9 yanvar tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi" Qaydalarının 1-ci bəndinə əsasən "kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə müəyyən olunan müavinətlər hərbi qulluqçulara və xüsusi rütbəsi olan əməkdaşlara onların xidmət keçdiyi orqan tərəfindən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. İddiaçı pensiya işinin surətinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş 19 yanvar 2012-ci il tarixli məlumat vərəqəsindən də göründüyü kimi ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edildiyi xx.xx.2011-ci il tarixədək o Daxili İşlər Nazirliyinin X4 Şöbəsində xidmət keçmişdir. Məhz bu səbəbdən hesab edirlər ki, sözügedən müavinət iddiaçıya onun xidmət keçdiyi orqan tərəfindən ödənilməlidir. Eyni zamanda bildirilir ki, İddiaçı xx.xx.2011ci il tarixindən əmək pensiyası aldığından ona ərizəsində qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

21. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, barədə yazılı etirazla eyni məzmunlu izahat verərək, tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 031054 nömrəli müharibə veteranı vəsiqəsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubu; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2024cü il tarixli 3-13-17/2-9272/2024 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-23/2-3530/2023 nömrəli cavab məkutubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia ona sosial müavinətin xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissədə təmin edilməməlidir.

24. İşin hallarından müəyyən olunduğu kimi, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2013-cü il tarixdə 031054 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən xx.xx.2019-cu il tarixədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinət təyin edilmiş və tam məbləğdə ödənilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən isə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Prezident təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir.

25. Hazırkı mübahisə həmin təqaüdün müharibə veteranı adının verildiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır.

26. İddiaçı ona ödənilməmiş 3 il üçün sosial müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, sözü gedən müavinət növü ləğv edildiyindən və ərizəsində qeyd etdiyi dövrlər üçün əmək pensiyası aldığına görə ona qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

27. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə əmək pensiyası təyin edilərək ödənildiyindən cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.

28. Belə ki, “Sosial müavinətlər haqqında” Qanununa görə: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət. Maddə 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək.

29. Məhkəmə qeyd edir ki, sosial müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinət Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Lakin bu halda sosial müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir.

30. Hazırkı iş üzrə icraat materiallarında olan sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə əmək pensiyası təyin edilərək hazıradək ödənilir. Bu halda iddiaçıya pensiya aldığı həmin dövr üçün sosial müavinətin ödənilməsi yolverilməz olduğundan əvvəlki 3 il üçün sosial müavinəti tələb etmək hüququnun olması da istisna edilir.

31. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi İddiaçı sosial müavinətin xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar