Məhkəmə qərarları › İş №2-1(114)-799/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-799/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-799/2021 13.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, xx.xx.2020-ci il tarixli, **********889900 nömrəli və xx xxxxxx 2020-ci il tarixli, **********435800 nömrəli qərarların ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq iclasında baxaraq müəyyən e t d i: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx xxxxxxxx 2020-ci il tarixli, **********889900 nömrəli qərarı ilə İddiaçı 2019-cu il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 2407,15 manat hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx xxxxxx 2020-ci il tarixli, **********435800 nömrəli qərarı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (rəhbər X4) 2019-cu il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 5575,11 manat hesablanmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixdə **********889900 nömrəli və xx xxxxxx 2020-ci il tarixli **********435800 nömrəli qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun qanunsuz olaraq vergi borcunun olması barədə xx xxxxxxxx 2020-ci il tarixdə **********889900 nömrəli və xx xxxxxx 2020-ci il tarixdə **********435800 nömrəli qərarlar qəbul edilmişdir. Həmin qərarlar ona göndərilməmiş və yalnız hesabı üzərinə sərəncam qoyulduqdan sonra bu barədə məlumatı olmuşdur. Həyat yoldaşı birinci Qarabağ Müharibəsi veteranı olmaqla ailəsini çətinliklə dolandırır. Cavabdeh tərəfindən onun fəaliyyəti ilə bağlı kameral vergi yoxlaması barədə qərarlar qəbul edilsə də, bu barədə yenə də məlumatı olmamışdır. Cavabdeh məhkəmədə irəli sürülmüş iddia tələbi ilə bağlı Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. “Poçt haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən poçt göndərişi - poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi "M" kisələri, bağlamalardır. Qeyd olunan qanunların tələbinə əsasən hazırda mübahisələndirilən akt və qərarlar iddiaçı olaraq ona göndərilməmiş və həmin qərarların qəbulu ilə bağlı onun heç bir məlumatı olmamışdır. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə aparılan bütün əməliyyatlar qanuni şəkildə icra olunmuşdur. Həmçinin onun vergi ödəyicisi olaraq cavabdehin hansı sənədlərin təqdim edilməsi barədə heç bir rəsmi bildiriş və yaxud tələb daxil olmamışdır. Bu baxımdan bu cür prosedurdan keçmədən birbaşa akt və qərarın qəbul edilməsi Vergi Məcəlləsinin tələblərinə ziddir. İddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsi ilə yanaşı iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, həyat yoldaşı olan iddiaçıya hazırki qərarla bağlı mobil telefonuna sms bildiriş gəlsə də, rəsmi qaydada qərarlar ona təqdim olunmamışdır. Odur ki, iddia müddəti tərəflərindən ötürülməmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********889900 nömrəli qərar cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə saat 16:25-də göndərilmişdir. Cəmiyyət İnternet Vergi İdarəsində olan elektron kabinetinə göndərilmiş qərarın təqdim olunma (çatdırılma) tarixi xx.xx.2020-ci il tarixi olmuşdur. İddiaçının mübahisələndirilən qərardan şikayət verməsi üçün son tarix xx xxxxxxx 2020-ci il tarixi olmuşdur. İddiaçı tərəfindən məhkəmə qaydasında qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməklə xx xxxx 2021-ci il tarixli iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixli **********889900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı mübahisələndirilmişdir. İddiaçının ləğvini istədiyi digər qərar 12 avqust **********435800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardır. Həmin qərar İddiaçı barəsində deyil, digər vergi ödəyicisi “xxxx" MMC (VÖEN:**********) barəsində qəbul edilmişdir. Odur ki, məhkəmədən yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 35.3-cü maddəsinə müvafiq olaraq İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********889900 nömrəli və 12 avqust **********435800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğvi tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və hər iki qərarlar üzrə iddia tələbi mümkün sayılmamalıdır. Göründüyü kimi iddiaçı tərəfindən iki inzibati akt - barəsində olan xx.xx.2020-ci il tarixli, **********889900 nömrəli və digər vergi ödəyicisi “xxxx" MMC (VÖEN:**********) barəsində olan xx xxxxxx 2020-ci il tarixli, **********435800 nömrəli nömrəli qərarlar mübahisələndirilmişdir. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddia tələbinin “xxxx" MMC (VÖEN:**********) barəsində olan xx xxxxxx 2020-ci il tarixli, **********435800 nömrəli qərarına dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının adıçəkilən qərarı mübahisələndirməsi ilə bağlı subyektiv hüququ mövcud deyildir. Digər qərarla bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********889900 nömrəli qərar-inzibati akt qanunvericilikdə nəzərdə tutulan müddətdə mübahisələndirilməmişdir. Prosessual müddətin bərpasını tələb edən iddiaçı iddia ərizəsində tələbini qərarın ona rəsmi qaydada təqdim edilməməsi ilə əsaslandırmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 101 nömrəli “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin 4.1.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respuğlikası Vergi Məcəlləsinin: - 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. - 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. - 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: - 70.2-1.3-cü elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmiş, müqavilə iddiaçı tərəfindən imzalanmışdır Vergi qanunvericiliyinin qeyd olunan normalarında isə elektron üsulla elektron kabinetə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmış hesab olunur. Beləliklə iş üzrə iddiaçının İnternet Vergi İdarəsində ona aid olan elektron kabinetinə xx.xx.2020-ci il tarixdə, saat 16:25-də göndərilmiş qərar 3 iş günü keçdikdən sonra çatdırılmış hesab edilməklə, xx.xx.2020-ci il tarixdə **********889900 nömrəli qərara münasibətdə həmin inzibati aktın-qərarın təqdim olunma tarixi xx.xx.2020-ci il tarixi olmuş, iddiaçı tərəfindən həmin qərardan Vergilər Nazirliyinə Apellyasiya Şurasına şikayət verilməmişdir. Belə olan halda vergi orqanının qərarının mübahisələndirilməsi üçün son gün xx.xx.2020-ci il olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən qərarı – inzibati aktları qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı sözügedən qərarlarıinzibati aktları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi X2 buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********889900 nömrəli və xx xxxxxx 2020-ci il tarixli, **********435800 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar