Məhkəmə qərarları › İş №2-1(114)-80/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-80/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-80/2021 06.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində qəbul edilmiş əlilliyin etibarsız hesab edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən ona “görmə sinirinin atrofiyası, hər iki gözdə görmə sinirinin hissəvi atrofiyası, ağırlaşmış katarakta, hər iki gözdə fəsadlı katarakta, binokulyar, ağır görmə pozğunluğu. VİSOD-0.06 k/ etmir (yüzdə altı), VİSOS-0.07 k/etmir (yüzdə yeddi)” diaqnozu ilə ikinci dərəcəli əlillik pensiyası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə həkim-əmək ekspert komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə ikinci dərəcəli əlil sayılmışdır. Lakin, Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışa əsasən növbəti müayinə tarixi xx.xx.2023-cü ilə təyin edilməsinə baxmayaraq, heç bir xəbərdarlıq verilmədən ona təyin edilmiş əlillik etibarsız hesab edilmişdir. Bundan sonra, DSMF-nin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi verilərək, bununla bağlı (“Əlillik altsistemi”ndə əlilliyin etibarsız hesab edilməsi) ondan 12862.26 manat məbləğində qanunsuz əldə edilmiş vəsaitin alınıb fondun hesabına ödənilməsi xahiş edilmişdir. İddiaçı hesab edir ki, “Qaydalar”la müəyyən edilmiş xx.xx.2023-cü il tarixdən əvvəl, yəni vaxtından əvvəl təkrar tibbi-sosial ekspertiza müayinəsindən keçməli olduğu ilə bağlı heç bir xəbərdarlıq edilmədən və təkrar tibbi-sosial ekspertiza müayinəsindən keçirilmədən ona təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına 0346003AAHVN nömrəli göstərişdə onun xx.xx.2017-ci il tarixdə X4 adına Milli Oftalmalogiya Mərkəzində müayinə olunduğu (diaqnoz təsdiqlənmiş 3842 nömrəli tibbi rəy verilmişdir) xx.xx.2017-ci il tarixdə X4 adına Milli Oftalmalogiya Mərkəzindəmüayinə olunduğu (diaqnoz təsdiqlənmiş 5013 nömrəli tibbi rəy verilmişdir) öz təsdiqini tapmışdır. İnzibati aktı qəbul etmiş orqandan həmin inzibati aktın surətinin ona göndərilməsini və eyni zamanda əlilliyinin etibarsız hesab edilməsi barədə inzibati aktın ləğv edilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olubolmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Göründüyü kimi iddia tələbində əlilliyin etibarsız hesab edilməsi barədə qərarın ləğv edilməsini xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi X3 tərəfindən məhkəməyə təqdim edilmiş, eləcə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli etirazına əlavə edilmiş sənədlərdən məlum olur ki, Azərbaycan Respublikası Səhiyyə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən 289 nəfərdən 47 nəfərə verilən tibbi göndərişlər birgə araşdırılmış və həmin şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin tam əsaslandırılmadığı məlum olmuşdur ki, nəticədə 47 nəfərin (İddiaçı da adı həmin siyahıdadır) əlillik müayinəsi «Əlillik altsistemi»ndə etibarsız edilmişdir. Bununla əlaqədar olaraq həmin şəxslərin pensiya, müavinət və ya təqaüd ödənişlərinin dayandırılması və artıq ödənilmiş vəsaitin bərpası istiqamətində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna tapşırıq verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli etirazdan görünür ki, İddiaçı əlillik vəziyyəti Səhiyyə Nazirliyinin Şəmkir Rayon Mərkəzi Xəstəxanasının 0346003AAHRH saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “Görmə sinirinin atrofiyası, hər iki gözdə görmə sinirinin hissəvi atrofiyası. Ağırlaşmış katarakta, hər iki gözdə fəsadlı katarakta. Binokulyar, ağır görmə pozğunluğu, VİSOD- 0,06 k/etmir (yüzdə altı). VİSOS-0,07 k/etmir (yüzdə yeddi)” xəstəliyi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli, xx/xx-8692 nömrəli məktubunda 47 nəfərə, o cümlədən İddiaçı rəsmiləşdirilmiş göndərişlərin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Göründüyü kimi, hazırkı cavabdeh inzibati orqan (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi) tərəfindən əlliyinin etibarsız hesab edilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmiş, Səhiyyə Nazirliyinin Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş göndərişlər ləğv edildiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən «Əlillik altsistemi»ndə İddiaçı aid qiymətləndirilmə etibarsız edilmiş, inzibati orqan tərəfindən hər hansı inzibati akt qəbul olunmamışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və X1: - 1.1-ci maddəsinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 1.2-ci maddəsinə Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. - 2.1.4-cü maddəsinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsinin həyata keçirilməsi Agentliyin fəaliyyət istiqamətlərindəndir. - 3.1.2 və 3.1.3-cü maddələrinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. - 3.2.4 və 3.2.5-ci maddələrinə əsasən tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüququdur. Qeyd olunan normalardan məlum olur ki, əlliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarının müəyyən edilməsi, onların reabilitasiyasını həyata keçirən icra və bununla bağlı bütün səlahiyyətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələblərinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əlliyin bərpası və ya «Əlillik» altsistemində etibarsız hesab edilməsi ilə bağlı inzibati orqanın faktiki xarakterli hərəkətlərindən ilk öncə inzibati orqana müraciət etməli, daha sonra həmin tələblə aidiyyəti üzrə inzibati məhkəmədə iddia qaldırmalıdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cavabdeh inzibati orqan tərəfindən inzibati akt-qərar qəbul edilmədiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçı nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar