Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-801/2021 17.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə verilmiş JN-610A KOD 50400018 saylı şəhadətnamənin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ilədək Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşamış və qeydiyyatda olmuşdur. Ona Şəmkir rayonunun Dəllər qəsəbəsində XDS İK-nin xx xxxxxx 1989-cu il tarixli, 5 nömrəli iclas protokolu ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. 2019-cu ildə həmin torpağı öz adına rəsmiləşdirmək istədə də, həmin torpağa dair şəhadətnamə verilməsi aşkar olunmuşdur. Şəhadətnamənin surətini əldə edərkən ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə JN-610A KOD 50400018 nömrəli şəhadətnamə ümumiyyətlə Azərbaycan Respublikası vətəndaşı olmayan, Dəllər qəsəbəsində heç bir zaman qeydiyyatda olmayan X1 adına verilmişdir. Texniki səhv olaraq və ya saxtakarlıqla verilməsi ona məlum deyil. Aqrar İslahat Komissiyasının və XDS-nin adlı siyahısında X1 adı yoxdur. O, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə verilmiş JN-610A KOD 50400018 nömrəli şəhadətnamənin ləğv olunması barədə varis olaraq Şəmkir Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmiş və ona həmin orqandan rəsmi imtina məktubu ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmçinin, həmin torpaq sahəsi onun istifadəsindədir. O, həmin torpaq sahəsində ağaclar əkmiş və tikili tikdirmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı eyni tələblə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx xxxxxx 2020-ci il tarixli sərəncam göndərilərək real yardım edilmiş və yardıma uyğun nöqsanların aradan qaldırılması təklif olunmuş, lakin iddiaçı məhkəmənin müraciətinə uyğun nöqsanları aradan qaldırmamışdır. Ona görə də, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-2214/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Hazırkı iddia ərizəsi ilə İddiaçı tələbini sadəcə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı yönəltsə də, yenə də inzibati akt olmayan JN-610A KOD 50400018 saylı şəhadətnaməni mübahisələndirmiş, iddia tələbinin mümkünsüzlüyünə səbəb olmuş hallar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə ərizəyə artıq qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə münasibət bildirilmiş və qərardad qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Yəni, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Çünki məhkəmə tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyəti üzrə yeni qərar qəbul edə bilməz. Əksinə məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir. Başqa sözlə eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun. Odur ki, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı şəhadətnamənin ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-801/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-801/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver