Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-803/2021 02.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı1 (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) ərizə yazaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Nazirliyin Şəxsi Heyət Baş idarəsinin 11.02.2021-ci il tarixli 1№2876 saylı məktubunda qeyd edilir ki, sənədlərə nazirliyin nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın 09.06.2017-ci il tarixli iclasında baxılmış və 437 nömrəli protokol ilə müsbət qərar qəbul edilməmişdir. Şəmkir Rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağrılmış, 01.05.1994-cü ildə aldığı travma (sağ göz almasının kontuziyası) nəticəsində 17.05.1994-cü ildən 16.06.1994-cü ilədək N saylı hərbi hissədə müalicə olunmuşdur.02.05.1994-cü ildə atəşkəs imzalanarkən iddiaçı hospitalda olmuş, sonra isə hərbi hissədən evə buraxılmışdır. Yəni, döyüş bölgəsini özbaşına tərk edərək fərarilik etməmişdir. Ona görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı1 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi ona məxsus olan SX ******* nömrəli hərbi biletin 21-ci səhifəsindən görünür ki, N nömrəli hərbi hissəni özbaşına tərk etməsi barədə qeydlər vardır. Azərbaycan Respublikası Milli Məclisin 17.10.1997-ci il tarixli 383-İ QR Qərarının 9-cu bəndində əsasən qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 30.05.2017-ci il tarixli SX seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, cavabdehin 11.02.2021-ci il tarixli 1N-2876 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28.10.2014-cü il tarixli 610 nömrəli qərarının surəti, iddiaçıya məxsus qeydiyyat kartasının təsdiqlənmiş surəti, N nömrəli hərbi hissənin arayışının surəti, cavabdehin 03.06.2021-ci il tarixli 11/2682 nömrəli etirazı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin 18.06.2021-ci il tarixli 1251 nömrəli məktubu, N saylı hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabından çıxarışın təsdiqlənmiş surəti, N saylı hərbi hissə komandirinin 16.04.1994-cü il tarixli 93 nömrəli əmrinin təsdiqlənmiş surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin ümumi hüquqi əsasını «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü abzası təşkil edir. Həmin normanın mənasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Adı çəkilən qanunun “Veteran adlarının və vəsiqəsinin verilməsi” adlanan 7-ci maddəsi, müharibə veteranı sayılması şərtləri və qaydası ilə bağlı göndərici norma olmaqla, veteran adının verilməsi üçün həm də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarının rəhbər tutulmasını ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İddia tələbinin hüquqi əsasları kimi nəzərdən keçirilən “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinin və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarının baxılan işə tətbiqi, iddianın təmin olunması üçün aşağıdakı şərtlərin cəm halında mövcud olmasını tələb edir: 1. Hərbi qulluqçu 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək hərbi xidmət keçməli; 2. Hərbi qulluqçunun bu dövrdə hərbi xidmət keçməsi arayışlar, şəxsi işlər, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər mövcud olmalıdır. İş materiallarına iddiaçının şəxsi heyətin siyahısından çıxarılması barədə 16.04.1994-cü il tarixli 93 nömrəli əmr əlavə edilsə də, hərbi biletdə və qeydiyyat kartasında iddiaçının 07.11.1994-cü il tarixli N nömrəli əmrlə hərbi hissənin siyahısından çıxarıldığı müəyyən olunur. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ücün əsas kimi 1993-cü ildən hərbi xidmətə çağrılması, 17.05.1994-cü il tarixdən 16.06.1994-cü il tarixədək müalicə alması və bu məlumatları əks etdirən hərbi bileti təqdim etməsinə baxmayaraq, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarını təqdim etməmişdir. Habelə, işdə olan sənədlərdə iddiaçının həmin tarixlərdə hərbi hissənin şəxsi heyətindən ümumi siyahısından çıxarılması barədə məlumatlar olsa da, bu iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis edilməsi anlamına gəlməyə əsas vermir. Belə ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23.01.1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlanılmışdır. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. İddiaçının istinad etdiyi dövrə münasibətdə hərbi qulluqçu olmaqla hərbi xidmət keçməsi və tərxis olunması qanunvericiliyin yuxarıda göstərdiyi tələbləri ilə uzlaşmır, çünki hərbi xidmətdən tərxis olunma müddəti 1996-cı ildən sonra başlandığından, 1994-cü ildə iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətdən tərxis oluna bilməzdi. İddiaçının hərbi biletinin 21-ci səhifəsində və hərbi kartasının ikinci səhifəsində qeydlərdə düzəliş edilərək “hərbi hissənin tərkibində xidmət etmişdir” sözləri yazılsa da, həmin düzəlişlər əlavə imza və möhürlə təsdiqlənməmiş, cavabdeh etirazında isə həmin 21-ci səhifədə “hərbi hissəni özbaşına tərk etmişdir” yazıldığını bildirmişdir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-803/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-803/2021
02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver