Məhkəmə qərarları › İş №2-1(114)-804/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-804/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-804/2021 05.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Gömrük İdarəsinə qarşı pul tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə 16.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində xidmətdə olduğu 09.04.1992-ci il tarixdən 23.09.2002-ci il tarixədək müddət üçün istifadə etmədiyi məzuniyyət pulunun, 08.11.2000-ci il tarixdən 23.09.2002-ci il tarixədək sərəncamda olduğu müddət üçün əmək haqqının və 09.04.1992-ci il tarixdən 23.09.2002-ci il tarixədək müddət üçün sonuncu əmək haqqına görə müavinətin məbləğinin müəyyən edilərək ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 09.04.1992-ci il tarixdən 23.09.2002-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmiş, ona məlum olmayan səbəbdən Komitənin 08.11.2000-ci il tarixli, 359-Ş saylı əmri ilə baş inspektor vəzifəsindən azad edilərək Komitənin sərəncamına götürülmüş, daha sonra isə yenə ona məlum olmayan səbədən 23.09.2002-ci il tarixli, 433-ş saylı əmrlə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Ona görə də iddiaçı 09.04.1992-ci il tarixdən 23.09.2002-ci il tarixədək müddət üçün istifadə etmədiyi məzuniyyət pulunun, 08.11.2000-ci il tarixdən 23.09.2002-ci il tarixədək sərəncamda olduğu müddət üçün əmək haqqının və 09.04.1992-ci iltarixdən 23.09.2002-ci il tarixədək sonuncu əmək haqqına görə müavinətin məbləğinin müəyyən edilərək ona ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbindən göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında 09.04.1992-ci il tarixdən 23.09.2002-ci il tarixədək əmək münasibətləri mövcud olmuşdur. İddiaçı 08.11.2000-ci il tarixdən 23.09.2002-ci il tarixədək sərəncamda olduğu müddət üçün əmək haqqının və 09.04.1992-ci il tarixdən 23.09.2002-ci il tarixədək müddət həmin illər ərzində istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 269.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək münasibətlərinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı 09.04.1992-ci il tarixdən 23.09.2002-ci il tarixədək istifadə etmədiyi məzuniyyətlərə görə 20 ildən sonra pul əvəzinin ödənilməsini tələb edir. Hazırkı mübahisə üzrə iddia müddətinin isə üzrlü səbədən buraxılması inzibati işin materiallarından da müəyyən edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08.11.2000-ci il tarixli, 359- Ş nömrəli əmrinin surətindən görünür ki, Tovuz gömrükxanasının “Böyük Kəsik” gömrük postunun baş inspektoru İddiaçı tutduğu vəzifəsindən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. -ИТ ******* nömrəli, 25.08.1980-cil tarixli əmək kitabçasının surətindən görünür ki, 23.09.2002-ci il tarixdə İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23.02.2021-ci il tarixli 1000-240/240-26/003026 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 09.04.1992-ci il tarixdən 23.09.2002-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində xidmətdə olduğu 09.04.1992-ci il tarixdən 23.09.2002-ci il tarixədək müddət üçün istifadə etmədiyi məzuniyyət pulunun, 08.11.2000-ci il tarixdən 23.09.2002-ci il tarixədək sərəncamda olduğu müddət üçün əmək haqqının və 09.04.1992-ci il tarixdən 23.09.2002-ci il tarixədək müddət üçün sonuncu əmək haqqına görə müavinətin məbləğinin müəyyən edilərək ona ödənilməsini tələb etsə də, cavabdeh orqan Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə istinad edərək bundan imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. -34-cü maddəsinə əsasən Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. -2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi dövlət qulluğu haqqında qanunun müddəlarına əsasən qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək qanunvericiliyində isə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsi nəzərdə tutulub. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Gömrük İdarəsinə qarşı pul tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar