Məhkəmə qərarları › İş №2-1(114)-804/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-804/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-804/2022 06.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X7, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) şəhadətnamənin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 25.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X2 və X6 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-086A, KOD-50303018 nömrəli şəhadətnamənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Alakol kəndində X3 və X1 məxsus 0.28 ha torpaq sahəsində 1960-cı ildə fərdi yaşayış evi tikilmiş və onların birgə nikahından 7 uşaq olmuş, həmin torpaq sahəsi hələ SSR-in vaxtından onlara məxsus olmuşdur. Həmin şəxslərin nəvəsi olan Elşən Məmmədov onların razılığı ilə 1990-cı illərdə 3 il Alakol kənd məktəbində oxuyub, bu o demək deyil ki, Elşən Məmmədovun onlarla şərikli əmlakı var, sadəcə onların təsərrüfatında qeydiyyatda olub, sonuncu məktəbi bitirmiş, əsgərliyə getmiş, oradan da Sumqayıt şəhərinə getmiş, orada yaşamış və işləmişdir. Hazırda məlum olur ki, bir yer üzrə iki akt mövcuddur, onlardan birində X2 və X6 adı, digərində isə yalnız X2 adı var. İddiaçının anası X5 2012-ci ildə vəfat etmişdir, iddiaçı anasının ölümündən sonra həmin torpaq sahəsində əlavə olaraq fərdi yaşayış evi tikmiş, mirası faktiki olaraq qəbul etmişdir, mərhumdan qalan 0,28 ha torpaq sahəsi hal-hazırda da onun istifadəsindədir, hətta anası ilə onun sağlığında birgə təsərrüfatda yaşamışdır. Bu səbəbdən də iddiaçı hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-086A, KOD- 50303018 nömrəli şəhadətnamə ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək bildirmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı qüvvədə olduğu halda onun əsasında verilmiş şəhadətnamənin ləğvi tələbi mümkün sayıla bilməz. Üçüncü şəxs X8 iddianı qəbul etməyərək bildirmişdir ki, onun adına verilmiş şəhadətnamə qanunidir, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 086A, KOD-50303018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 08.02.1999-cu il tarixli 30 nömrəli qərarına əsasən 0.28 ha torpaq sahəsi X2 və X6 mülkiyyətinə verilmiş, həmin şəhadətnamədə qeyd olunan torpaq sahəsi üzərindəki qeyd olunan şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq ********** qeydiyyat nömrəli, 11.03.2021-ci il tarixli çıxarış verilmişdir. Qeyd olunmalıdır ki, mübahisələndirilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 086A, KOD-50303018 nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş hüquqi sənəd (Tovuz rayon Aqrar İslahat Komissiyasının 08.02.1999-cu il tarixli 30 nömrəli qərarı) qüvvədə olduğu halda həmin qərar əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi tələbinə mahiyyəti üzrə baxılması mümkün deyil. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar