Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-806/2020 22.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin N saylı hərbi hissəsi) pul tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2018-ci il üçün pul mükafatının, yəni 13-14-cü əmək haqqının ödənilməmiş 50%-ni, 2019-cu il üçün isə 13-14-cü əmək haqqının tam olaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edərək Gəncə şəhəri N saylı hərbi hissədə 2-ci dəstənin 3-cü bölməsində 1-ci qrupun 1-ci yarımqrupun komandiri vəzifəsində çalışmış və Daxili Qoşunların komandanının müvafiq əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq birdəfəlik pul mükafatı, yəni 2018-ci il üçün 13-14cü əmək haqqının 50%-ni almış, 2019-cu il üçün isə ümumiyyətlə almamışdır. Həmin pul mükafatının alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin N saylı hərbi hissəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə hazırlıq icraatı iclasında İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2018-ci ildə aylıq əmək haqqı 880 manat olmuş, mükafatın 50% hissəsini almış, hərbi xidmət müddəti bitdiyinə görə ehtiyyata buraxılmış və hərbi hissənin rəhbərliyi onun xəbəri və məlumatı olmadan barəsində cəza tədbirləri tətbiq etmişdir. Şifahi məhkəmə baxışı iclasında isə iddiaçı 2018-ci il üzrə ödənilməli olan məbləği tam aldığını bildirərək, hazırda yalnız 2019-cu il üçün ödənilməli olan məbləğin ödənilməsini tələb etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya 2018ci ildə 100% pul mükafatı ödənilmişdir, 2019-cu ildə isə cəzaya məruz qaldığına görə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarınının hərbi qulluqçularına əlavə pul təminatı növlərinin ödənilməsi qaydalarının təsdiq edilməsi haqqında” qərarın 4.17.3-cü bəndinə əsasən mükafatdan məhrum edilmişdir, həmçinin barəsində tətbiq edilmiş cəzalar ona elan edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -İddiaçı məxsus AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmişdir. -N saylı hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli, N nömrəli əmrindən çıxarışdan görünür ki, gizir İddiaçı 2018-ci ilin yekunlarına görə 100% məbləğində pul mükafatı verilməsi əmr edilmişdir. -N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli, 34 nömrəli arayışından görünür ki, İddiaçı 2018-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatına 100% layiq görüldüyü üçün 1686,00 manat məbləğində pul vəsaiti ilə təmin olunmuş və pul müvafiq bank hesabına köçürülmüşdür. -N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli, 114-Ə nömrəli məktubundan görünür ki, İddiaçı 2019-cu il ərzində bir neçə dəfə intizam cəzası elan olunduğundan “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarınının hərbi qulluqçularının pul təminatı haqqında” qərarın 4.17.3-cü bəndinə əsasən birdəfəlik pul mükafatının verilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X2 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmiş, xidmət etdiyi 2018-ci il üçün pul mükafatının, yəni 13-14-cü əmək haqqının ödənilməmiş 50%-ni, 2019-cu il üçün isə 13-14-cü əmək haqqının tam olaraq birdəfəlik ona ödənilməsini tələb etmiş, cavabdeh orqan isə ona 2019-cu il ərzində bir neçə dəfə intizam cəzası elan olunduğundan “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarınının hərbi qulluqçularının pul təminatı haqqında” qərarın 4.17.3-cü bəndinə əsasən birdəfəlik pul mükafatının verilməsindən imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla, eləcə də tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, N saylı hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin zabit, gizir və MAXE hərbi qulluqçularına 2018-ci ilin yekunlarına görə yüksək döyüş hazırlığını təmin etdiklərinə, vəzifə borclarını vicdanla yerinə yetridiklərinə və hərbi intizamda nümunəvi olduqlarına görə 100% məbləğində pul mükafatı verilməsi əmr edilmiş və gizir İddiaçı 2018-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatına 100% layiq görüldüyü üçün 1686,00 manat məbləğində pul vəsaiti ilə təmin olunmuş və pul müvafiq bank hesabına köçürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı barəsində xx.xx.2019-cu il tarixdə dəstə komandiri tərəfindən (raport № 1205, xx.xx.2019) sıraya gecikdiyinə və gün nizam qaydasını pozduğuna görə “Töhmət”, xx.xx.2019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən Daxili Qoşunlar komandanının 52 saylı əmrinin 5.1-ci bəndinin (Milli əxlaq və ictimai davranış normalarının tələblərinə əməl etmə) tələblərinə əməl etmədiyinə görə “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən (əmr № 464, xx.xx.2019) dəfələrlə ona tutulmuş iradlardan və verilmiş intizam cəzalarından düzgün nəticə çıxartmadığına, hərbi qulluqçuların xidməti vəzifə borcunun icrası zamanı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyinə və hərbi hissə komandanlığı tərəfindən aparılan çoxsaylı fərdi söhbətlərdən düzgün nəticə çıxartmadığına görə “Töhmət” və xx.xx.2019-cu il tarixdə hərbi hissə komandiri tərəfindən (əmr № 520, xx.xx.2019) hərbi hissədə keçirilən ümumi inspeksiya yoxlaması zamanı təlim fənlərinin nəticələri üzrə ümumi “qeyri kafi” qiymət aldığına görə “Töhmət” intizam cəzaları tətbiq olunmuşdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” xx.xx.1992-ci il tarixli 562 nömrəli qərarının 1-ci hissəsinin 12-ci bəndində qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatının verilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx xxxxx 2018-ci il tarixli Q21- 001-18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” nin 4.17-ci bəndində qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı nəzərdə tutulmuşdur. Əsasnamənin 4.17.3-cü bəndinə əsasən Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanının, Ali Hərbi Məktəbin rəisinin və hərbi hissə komandirlərinin xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların birdəfəlik pul mükafatı məbləğinin 50 faiz azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər. İstinad olunan normaların məzmunundan görünür ki, qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə hərbi qulluqçulara pul mükafatının verilməsi nəzərdə tutulmuş, həmin pul mükafatının verilməsi hərbi qulluqçunun xidmət etdiyi qurumların rəhbərlərinin səlahiyyətinə aid edilmiş, eləcə də həmin şəxslər üçün hərbi qulluqçuları bu mükafatdan məhrum etmək hüquqları müəyyən edilmişdir. İşin faktiki halları ilə də müəyyən olunmuşdur ki, iddiaçı 2019-cu il üzrə xidmət ili ərzində dəfələrlə yol verdiyi intizam pozuntularına görə intizam qaydasında cəzalandırılmış, bu əsasla hərbi hissə rəhbərliyi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarınının hərbi qulluqçularının pul təminatı haqqında” qərarının 4.17.3-cü bəndinə əsasən birdəfəlik pul mükafatının verilməsindən imtina etmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 2018-ci il üzrə tələb olunan pul mükafatı iddiaçıya ödənildiyinə və 2019-cu ildə iddiaçı intizam qaydasında cəzalandırıldığına görə cavabdeh orqan haqlı olaraq ona müvafiq pul mükafatının ödənilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı pul tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-806/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-806/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver