Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-806/2021 24.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı 17 fevral 2021-ci il tarixdən etibarən mənzillə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Gəncə şəhəri üzrə müəyyən edilmiş məbləğin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin dekabr ayından mənzillə təmin olunanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin dekabr ayından «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusuyla) əsasən Silahlı Qüvvələrdən istefaya buraxılmış və 28.12.2020-ci il tarixdə 119 nömrəli Sərəncamla Gəncə şəhər İcra Hakimiyyətində ehtiyatda olan hərbi qulluqçu kimi mənzil uçotuna alınmışdır. Lakin cavabdeh tərəfindən onun «öz arzusu» ilə həqiqi xidmətdən ehtiyata buraxılması əsas gətirilərək müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsindən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək 17 fevral 2021-ci il tarixdən etibarən mənzillə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Gəncə şəhəri üzrə müəyyən edilmiş məbləğin ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Məhkəmənin 24 may 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İddiaçı və onun nümayəndəsi (vəkili) X6 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh iddiaya qarşı münasibət bildirməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 29.04.2019-cu il tarixli, EZ ******* nömrəli hərbi bilet, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 28.12.2020-ci il tarixli, 119 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 09.02.2021-ci il tarixli, **********221 nömrəli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışı, 17.02.2021-ci il tarixli kirayə müqaviləsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli ********** nömrəli arayış, Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının 19.02.2021-ci il tarixli, H-27-068 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının 08.05.2021-ci il tarixli **********78 nömrəli məktubu və iddiaçının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsində saxlanılan şəxsi işi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 29.07.1995-ci il tarixdən 08.12.2018-ci il tarixə kimi Xüsusi Təyinatlı Qüvvələrə aid hərbi hissədə N il, N ay N təqvim günü həqiqi hərbi xidmət keçmişdir və 08.12.2018-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən öz arzusu ilə ehtiyata buraxılmışdır. 14.02.2019-cu il tarixdə yaşa görə pensiya hüququ yaranan iddiaçıya 09.04.2019-cu il tarixdə pensiya təyin olunmuşdur. İddiaçıya məxsus EZ ******* nömrəli hərbi biletin 6 və 7-ci səhifələrindən görünür ki, iddiaçı 29.07.1995-ci il tarixdən 08.12.2018-ci il tarixədək hərbi xidmət keçmiş və 08.12.2018-ci il tarixli 0818 nömrəli əmrlə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusuyla) əsasən Silahlı Qüvvələrdən istefaya buraxılmışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 28.12.2020-ci il tarixli, 119 nömrəli Sərəncamından görünür ki, ünvan 1 ünvanında yaşayan ehtiyatda olan hərbi qulluqçu İddiaçı Gəncə şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 09.02.2021-ci il tarixli, **********221 nömrəli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışından görünür ki, 29.01.1977-ci il tarixdə doğulmuş polkovnik-leytenant İddiaçı həqiqətən 29.07.1995-08.12.2018-ci il tarixlərində həqiqi hərbi xidmət keçmiş və öz arzusu ilə ehtiyata buraxılmışdır. İş materiallarında olan 17.02.2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən X1 rayonu, Nadil kəndi ünvanında yerləşən, ümumi sahəsi 144.1 kv.m, yaşayış sahəsi 71.2 kv.m, yardımçı sahəsi 72.9 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsini – aylıq 200 manat kirayə haqqı ödənilməsi qarşılığında kirayəçi İddiaçı kirayə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli ********** nömrəli arayışında İddiaçı adına Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat olmadığı qeyd olunmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının 19.02.2021-ci il tarixli, H-27- 068 nömrəli imtina məktubunda göstərilmişdir ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması ilə bağlı məsələyə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılmış və Gəncə şəhər İcra Hakimiyyəti başçısının 28.012.2020-ci il tarixli 119 nömrəli Sərəncamı ilə ehtiyatda olan hərbi qulluqçu kimi mənzil uçotuna alınmış, Azərbaycan Respublikasının 03.10.1997-ci il tarixli 377-İQ nömrəli Qanuna ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün ona müvəqqəti kirayə haqqının verilməsi qanunauyğun hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının 08.05.2021-ci il tarixli **********78 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən daxil olmuş məlumat vərəqəsinə əsasən İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 14.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. «Hərbi Qulluqçuların Statusu Haqqında» Azərbaycan Respublikası Qanununun 12.7-ci maddəsində qeyd olunmuşdur ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Həmin Qanunun 12.2-ci maddəsinin dördüncü abzasına əsasən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarından görünür ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən hərbi qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. Bu mənada qanunvericilikdə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq, həmçinin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutmuşdur. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı həqiqi hərbi xidmətdə olması müddətini, habelə istefaya buraxıldıqdan sonra ona yaşa görə pensiya təyin olunduğunu nəzərə alınaraq kirayə yaşadığı mənzilin müvəqqəti mənzil kirayəsi xərclərinin mənzillə təmin olunanadək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara a l d ı: İddia təmin edilsin. İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı 17 fevral 2021-ci il tarixdən etibarən mənzillə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Gəncə şəhəri üzrə müəyyən edilmiş məbləğin ödənilməsi vəzifəsi cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-806/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-806/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver