Məhkəmə qərarları › İş №2-1(114)-807/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-807/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-807/2021 19.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 16.07.N0-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin onun barəsində olan 08 iyun N0-ci il tarixli 0411 saylı əmrinin ləğv olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı ildə anadan olmuş, 2009-cu ilin avqust ayından Azərbaycan Respublikası Ali Hərbi Məktəbin kursantı, 2013-cü ildən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit dinləyicisi olmuşdur. 2014-cü ildən quru qoşunlarında zabit kimi hərbi xidmətə başlamış, 2019-cu ilin dekabr ayında Naxçıvan Muxtar Respublikasında xidmətə keçirilmişdir. O, hərbi hissədəki neqativ hallarla bağlı X1 Komandiri general-leytenant Kərim Mustafayevin qəbuluna getmişdir. Bundan sonra o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) 08 iyun N0-ci il tarixdə 0411 saylı əmrlə ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, həmin əmr ləğv olunmalıdır. Belə ki, həmin Əsasnamənin 161 və 162-ci maddələrinə əsasən ehtiyata buraxılmağına 2 ay qalmış xəbərdar və iki dəfə onunla fərdi söhbət edilməli olduğu halda bu olmamış, onun ehtiyata buraxılması Əsasnaməyə uyğun olmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 03.05.N1-ci il tarixli, 11/2082 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 08.06.N0-ci il tarixli 0411 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmrin verilməsinə əsas iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair tərtib edilmiş N iyun N0-ci il tarixli təqdimat olmuşdur. Təqdimatın məzmunundan məlum olmuşdur ki, iddiaçı hərbi hissədə xidmət etdiyi müddətdə özünü intizamsız və vəzifəsinin öhdəsindən gələ bilməyən bir zabit kimi göstərmişdir. Onun N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə yol verdiyi ciddi nöqsanlara görə 02.05.N0-ci il tarixdə rütbəsi bir pillə “leytenant” hərbi rütbəsinədək endirilib. Gələcəkdə xidmətində dönüş yaratması üçün onun xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Lakin o, sonrakı xidmət dövründə də xidmətində heç bir dönüş yaratmamış, hərbi hissədə xidmətə başladığı ilk gündən əvvəlki xidmət etdiyi hərbi hissədə etdiyi intizamsılıqları davam etdirmiş, göstərilən iradlardan nəticə çıxarmamışdır. İddiaçının mütəmadi olaraq üzərində çalışmadığını, xidmətinin təşkili və aparılmasında sistematik olaraq nöqsanlara yol verməsini, hərbiçi xarakterinə malik olmamasını və şəxsi keyfiyyətlərinin aşağı olmasını nəzərə alaraq 04.06.N0-ci il tarixdə N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinə çıxarılmış, lakin şərəf məhkəməsinin heyətinə və məhkəmədə iştirak edən digər şəxslərə hörmətsizlik edərək məhkəmə keçirilən sinifi tərk etmişdir. Ümumiyyətlə, xidmət etdiyi müddət ərzində xidmətinə mövcud vəziyyətə verilən qiymət “qeyri-kafi” olmuşdur. Bütün bunlar iddiaçının öz xidməti vəzifəsinə məsuliyyətsiz yanaşmasından irəli gəlir. Ona görə də, hərbi hissə komandiri öz səlahiyyətlərindən istifadə edərək, onun dəfələrlə intizam məsuliyyətinə cəlb etmişdir. Lakin iddiaçı bütün bunlardan düzgün nəticə çıxarmamışdır. Nəticədə “xidməti uyğunsuzluğa görə” Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılmasına təqdim olunmuşdur. Təqdimatın hazırlanmasına əsas olmuş sənədləri nəzərdən keçirərkən məlum olur ki, iddiaçı xidməti vərəqəsi ilə mütəmadi imza atmaqla tanış olmuş və ona verilmiş heç bir intizam cəzasını mübahisələndirməmişdir. Ona görə də, öz əməllərindən düzgün nəticə çıxarmayan iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə, yəni xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunmuşdur. İddiaçı barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Bu səbəbdən də iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə nazirinin 08.06.N0-ci il tarixli 0411 nömrəli əmrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -İddiaçı məxsus “xidməti vərəqədən çıxarış”ın təsdiqlənmiş surətindən görünür ki, 2014-N0-ci illər ərzində 171, 812, N və N nömrəli hərbi hissə komandirləri tərəfindən iddiaçı barəsində ümumilikdə 33 dəfə intizam cəzası (töhmət, şiddətli töhmət və vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq) tətbiq edilmişdir. -N nömrəli hərbi hissə komandiri tərəfindən İddiaçı barəsində tərtib edilmiş Xidməti xasiyyətnamədə qeyd olunur ki, sonuncu N nömrəli hərbi hissədə xidmət etdiyi qısa müddətdə özünü intizamsız, bacaraqsız, səriştəsiz və perespektivi olmayan bir zabit kimi göstərmiş, xidmətində yol verdiyi ciddi nöqsanlara görə dəfələrlə intizam qaydasında cəzalandırılmış, bununla belə, görülmüş profilaktik tədbirlərin, aparılmış işlərin heç bir nəticəsi olmamış, əksinə xidmətində geriləmələr davam etmişdir. -04.06.N0-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, həmin tarixdə N nömrəli hərbi hissənin 2-ci reaktiv artilleriya divizionun mühafizə taqımının komandiri leytenant İddiaçı törətdiyi intizamsızlıqlara kiçik zabitlərin şərəf məhkəməsində baxılan zaman o, heç bir üzrlü səbəblər olmadan məhkəmə üzvlərinə və iştirakçılarına hörmətsizlik edərək məhkəmə keçirilən sinifi tərk etməsi qeyd edilmişdir. -N nömrəli hərbi hissə kiçik zabitlərin şərəf məhkəməsinin 04.06.N0-ci il tarixli 12 nömrəli protokolunun surətindən görünür ki, şərəf məhkəməsində leytenant İddiaçı dindirilməsi üçün yazılan raport məhkəmə iştirakçılarına çatdırıldıqdan sonra sonuncu heç bir üzrlü səbəblər olmadan məhkəmə üzvlərinə və iştirakçılarına hörmətsizlik edərək məhkəmə keçirilən sinifi tərk etməsi qeyd edilmişdir. -N nömrəli hərbi hissə komandirinin N iyun N0-ci il tarixli təqdimatının təsdiqlənmiş surətindən görünür ki, leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən 08.06.N0-ci il tarixdə verilmiş və iddiaçı hazırki tələb üzrə iddia ərizəsini 07.07.N1-ci il il tarixdə məhkəməyə göndərilməsi üçün poçt xidmətinə təqdim etmişdir. Deməli iddia qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, işdəki sənədlərlə müəyyən olunur ki, iddiaçı xidmət etdiyi müddət ərzində özünü intizamsız və vəzifəsinin öhdəsindən gələ bilməyən bir zabit kimi göstərmişdir. Barəsində görülmüş tədbirlər nəticə vermədiyindən ehtiyata buraxılmışdır. Sənədlərdən görünür ki, 2014-N0-ci illər ərzində 171, 812, N və N nömrəli hərbi hissə komandirləri tərəfindən iddiaçı barəsində ümumilikdə 33 dəfə intizam cəzası (töhmət, şiddətli töhmət və vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq) tətbiq edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Qeyd edildiyi kimi, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İstinad olunan normadan görünür ki, qanunverici məlum Əsasnamənin 156-158-ci maddələri üzrə buraxılma haqqında əmrlərin dəyişdirilməsinə bir qayda olaraq yol vermir. Təhlil olunan normaların işin hallarına tətbiqi onunla bağlıdır ki, əgər iddiaçı ehtiyata buraxılması ilə əlaqədar vəziyyətinin dəyişilməsini arzulayırsa, bu zaman çıxarılmış əmrin qanunvericiliyin pozulması ilə müşayiət olunduğunu və buraxılma ilə əlaqədar yeni halların aşkara çıxdığını sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Müdafiə Nazirliyinin 08 iyun N0-ci il tarixli 0411 saylı əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar