Məhkəmə qərarları › İş №2-1(114)-807/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-807/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-807/2022 15.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X17 oğlunun katibliyi ilə, iddiaçı X5 cavabdeh Göygöl rayon Toğanalı bələdiyyəsinə (üçüncü şəxs X11) qarşı Gögöl rayon Toğana bələdiyyəsinin 26.08.2014-cü il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddianın mümkünlüyünə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: X9 cavabdeh Göygöl rayon Toğanalı bələdiyyəsinə (üçüncü şəxs X11) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 26.08.2014-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 31.10.1967-ci il tarixli qərarı ilə mərhum atası X13 və ailə üzvləri nəzərə alınmaqla Göygöl rayonu Toğana kəndində yerləşən 0,11 ha torpaq sahəsi fərdi ev tikintisi üçün verilmişdir. Valideyinləri həmin torpaq sahəsində inşa etdikləri evdə övladları ilə birlikdə yaşamış, qeyd edilən torpaq sahəsinin bir hissəsi atası tərəfindən qardaşı Yaşar Məmmədova verilmişdir. Mərhum atası Paşa Məmmədova 0,11 ha torpaq sahəsi veriləndən sonra həmin ərazidə 4 sot torpaq sahəsi boş qalmış, məhz bu səbəbdən də, həmin torpaq sahəsinin gələcəkdə öz adına rəsmiləşdirməsi üçün mərhum atası Paşa Məmmədov həmin 4 sot torpaq sahəsində müvvəqəti olaraq heyvanlar üçün tövlə tikdirmişdir. Sözügedən torpaq sahəsi həm də ata evinin su yolu olmuşdur. Atasına verilmiş torpaq sahəsinə qonşu olan və hazırda qardaşı Nəcəfxan Məmmədovun mülkiyyətində olan 0.12 ha torpaq sahəsi boş və əkin üçün yararsız olduğundan, valideyinləri tərəfindən daşlardan və zibillərdən təmizlənərək əkin üçün yararlı vəziyyətə salınmış və uzun müddət istifadələrində olmuşdur. 0.12 ha torpaq sahəsini atası öz adına sənədləşdirmək istəmiş, ancaq qardaşı Nəcəfxan Məmmədov 0.12 ha torpaq sahəsini mülkiyyətində olarsa valideyinlərinə baxacağını vəd edərək atasının l qrup əlil olmasından istifadə etmişdir. Sonradan atası Paşa Məmmədov öz adına olan evi ona bağışlamış və bunun əsasında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən həmin evə dair iddiaçıya çıxarış verilmişdir. 2013-cü ildə qardaşı Nəcəfxan Məmmədov mərhum atası X13 və qeyrilərinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatının etibarsız hesab edilməsi, torpaqdan payın ayrılması və evə köçürülmə tələbinə dair məhkəməyə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 04.09.2013-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalaraq iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17.01.2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 04.09.2013cü il tarixli qətnaməsi X6 evdən istifadə hüququ ilə həmin evə köçürülməsi hissəsində ləğv edilməsi, həmin hissəsdə iddianın təmin edilməsi, qətnamə 0,0196 ha torpaq sahəsinin ümumi mülkiyyətdə X6 payının hesab edilməsi hissəsində dəyişdirilməsi, torpağın ümumi mülkiyyətdə X6 0,0169 ha hesab edilməsi, qətnamənin torpağın mülkiyyətinə verilməsinə dair 30 yanvar 2006-cı il tarixli şəhadətnamənin, o cümlədən X8 məxsus olması faktının müəyyən edilməsi, X11 ilə X7 arasında Göygöl rayonu Toğana kəndində 0,0509 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 89,2 m olan evə dair bağlanmış 17 aprel 2013-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. 2014-cü ildə anası Zirəngiz X3 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 14.01.2014-cü il tarixli qətnaməsi ilə iddianın rəd edilməsi qət edilmişdir. Həmin ərəfədə 4 sot torpaq sahəsinin Bələdiyyə tərəfindən qardaşı X2 və bununla bağlı qardaşının adına sənəd verilməsinə dair məlumatı olmamışdır. X4 həmin vaxt onun Rusiya Fedarasiyasında olmasından istifadə edərək qeyd olunan torpaq sahəsində olan tövləni icazəsiz sökərək, özünə məxsus 0,12 ha torpaq sahəsində deyil, həmin torpaq sahəsinə bitişik iddiaçının istifadəsində olan ərazidə ev tikmişdir. İddiaçıya bununla bağlı kənd bələdiyyəsindən bildirilmişdir ki, 04 sot torpaq guya qardaşına uzun müddət bundan əvvəl rəsmi qaydada satılmışdır. Bələdiyyə sədri ilə iddiaçı arasında şifahi sövdələşmə olmuşdur ki, 4 sot torpaq sahəsi iddiaçıya satılacaqdır. Həmin torpaq sahəsi qardaşı X1 qabaq ona təklif edilməmişdir. Torpaq sahəsi 30 ildən artıq müddətdir ki, iddaçının istifadəsində olmuşdur. Cavabdehlə məhkəmə mübahisələri getdiyi ərəfədə və ondan əvvəl 4 sot torpaq sahəsinin Göygöl rayonu Toğana bələdiyyəsi tərəfindən Nəcəfxan Məmmədova satılması barədə məlumatı olmamış, nəticədə hüquqları pozmuşdur. Belə ki, üçüncü şəxs özünün mülkiyyətində olan 0.12 ha torpaq sahəsində deyil, sonradan qeyri qanuni yolla əldə etdiyi 4 sot torpaq sahəsində ev tikdirmişdir. Hazırda mülkiyyətində olan evdən sərbəst istifadə edə bilmir, su yolu kəsilib. X11 4 sot torpaq sahəsində ev tikdirən zaman atası tərəfindən tikilən tövləni və iddiaçıya məxsus olan evin həyətində olan çardağı sökmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Sözügedən torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli, 11.06.2014-cü il tarixli çıxarışdan görünür ki, həmin torpaq sahəsinə Göygöl rayon Toğanalı bələdiyyəsinin mülkiyyət hüququ 11.06.2014-cü il tarixdə qeydə alınmışdır. Bundan əlavə, iddia müddəti də ötürülmüşdür. Belə ki, iddiaçı ərizəsində 4 sot torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair cavabdehin qərarından həmin vaxt məlumatının olmadığını qeyd etsə də, iş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsini 2- 1(083)-1220/2019 nömrəli, 15.07.2019-cu il tarixli Qərardadından görünür ki, X9 19.16.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Göygöl rayonu Toğana kənd bələdiyyəsinin 26.08.2014-cü il tarixli qərarının və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsini, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və ödənilmiş rüsumun dövlət xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə tərəfindən bu iddia tələbi mümkün sayılmamışdır. Burdan da belə nəticə çıxarmaq olar ki, iddiaçı hazırda mübahisələndirdiyi Göygöl rayonu Toğana bələdiyyəsinin qərarının varlığından 19.06.2019-cu il tarixdə xəbərdar olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 24.4 Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu maddədə nəzərdə tutulmuş müddətin ötürüldüyü üçün məhkəmə iddiaçıya prosessual müddətin bərpası barədə ərizə verməyi təklif etmək zərurəti görməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı cavabdehin 26.08.2014-cü il tarixli qərarının ləğv edilməsi tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar