Məhkəmə qərarları › İş №2-1(114)-807/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-807/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-807/2024 25.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0327003AAJDU nömrəli göndərişinə əsasən “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Keçirilmiş barotravma, qapalı KBT ə baş, beyin silkələnməsi nəticəsində üzvi şəxsiyyət poz. Üzvi koqnitiv poz. Üzvi emos-labil pozğunluğu, üzvi affektiv poz.” diaqnozu əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanası PHŞ-nin ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2022-ci il tarixli çıxarışı ilə müəyyən olunur ki, İddiaçı həmin tibb müəssisəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Kəskin dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Postkommosion sindrom, davamlı baş ağrıları, əhval-ruhiyyə pozulmaları ilə” (F06.5, F43.1) diaqnozları üzrə müalicədə olmuşdur.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanası PHŞ-nin ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2022-ci il tarixli çıxarışı ilə müəyyən olunur ki, İddiaçı həmin tibb müəssisəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Əhvalın üzvi mənşəli affektiv pozuntusu. Posttravmatik stress pozuntusu" (F06.3, F43.1) diaqnozları üzrə müalicədə olmuşdur.

4. X3 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsindən məlum olur ki, müayinə oyaq vəziyyətdə, hiperventilyasiya və fotosimulyasiya sınaqları zamanı keçirilib. Fon çəkilişdə elektroensefaloqramma aşağı voltajlıdır, hər iki yarımkürənin ənsə-gicgah paylarında delta diapazonlarda yavaş dalğalar izlənilir. Funksional sınaqlar zamanı hiperventilyasiyada (HV) və fotosimulyasiyada (FS) beyin qabığında aktivlik artmamışdır. Baş beynin bioelektrik aktivliyinin mülayim diffuz dəyişiklikliyi qeyd olunur.

5. “İstanbul NS” klinikasının xx.xx.2022-ci il tarixli Beynin maqnit rezonans tomoqrafiya müayinəsinin nəticəsindən məlum olur ki, retroserebellyar, ekstraaksial, likvor kistası. Hər iki gicgahın paylarının anteromediobazal kəsimlərində ekstraaksial likvor kistaları. Alın paylarının ön kəsimlərində, Silvian fissurların proksimalında ekstraaksial likvor məsafələrinin 5-6 mm qədər genişlənmələri. Görmə sinirlərinin perinevral likvor məsafələrinin həcminin mülayim artması. Qeyd edilən dəyişikliklər kliniki şikayətlərlə birgə dissirkulyator ensefalopatiya lehinə dəyərləndirilə bilər.

6. Gəncə şəhəri Psixo-Nevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 395 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən “Kəskin dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Postkommotsion sindrom, davamlı baş ağrıları, əhval ruhiyyəsinin pozulması” diaqnozu ilə qeydiyyatdadır. Xəstə İddiaçı mütəmadi olaraq qoruyucu müalicədən istifadə edir, hər ay pulsuz dərmanlarla (Depakin 500, Finlepsal, Aminazin və s.) təmin edilir.

7. M.Ə.Əfəndiyev adına X5 ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2022ci il tarixli çıxarışı ilə müəyyən olunur ki, İddiaçı həmin tibb müəssisəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Keçirilmiş qapalı kəllə-beyin travması, beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya” (T90.5), “Təkrarlanan qıcolma tutmaları” (G40.3), “Sol orta sinirin posttravmatik neyropatiyası” (G56.0), “Əhvalın üzvi mənşəli affektiv pozulması” (F06.3), “Posttravmatik stress pozuntusu” (F42.1) diaqnozları üzrə müalicədə olmuşdur.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 12733 nömrəli şəhadətnaməsində İddiaçı “Keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, təkrarlanan qıcolma tutmaları, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol orta sinirin posttravmatik nevropatiyası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Əhvalın üzvi mənşəli affektiv pozulması. Posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Qalxanvari vəzin kistaları, eutireoid forma. Sağ gözün sadə miopik astiqmatizmi, M 1.25D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0, sol gözün görmə itiliyini 1,0 olmaqla’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, İddiaçı həmin tibb müəssisəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Keçirilmiş QKBT-nın qalıq əlamətləri, qıcolma tutmaları ilə” (F07.0, F43.1), “Posttravmatik stress pozuntusu, Üzvi mənşəli affektiv pozuntu” (F06.3) diaqnozları üzrə müalicədə olmuşdur.

10. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xxxxxxx0002 nömrəli göndərişinə əsasən “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Posttravmatik stress pozuntusu. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Astiqmatizm” diaqnozu əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

11. Cavabdeh orqan iddiaçının imtina barədə qərardan verdiyi şikayətə xx.xx.2023cü il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3-451/2023 nömrəli qərar qəbul etmişdir.

12. Həmin qərarda qeyd edilir ki, İddiaçı hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi affektiv pozuntu (depressiv) daxilolmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır.

13. X4 “36.6 med Gəncə” klinikasının xx.xx.2022-ci il tarixli laborator-müayinə nəticələrinə görə İddiaçı qan nümunələrində Valproy turşusu (Depakin) və Karbamazepin (Tagretol) aşkar edilmişdir.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 47 nömrəli rəyinə əsasən müayinə nəticəsində İddiaçı diaqnozu “Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlarla, epileptiform tutmalar ilə. F06.3” kimi müəyyənləşdirilmişdir.

15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Keçirilmiş QKBT-nın qalıq əlamətləri, qıcolma tutmaları ilə” (F07.0, F43.1), “Posttravmatik stress pozuntusu, Üzvi mənşəli affektiv pozuntu, suisidial cəhdlərlə” (F06.3) ambulator müalicədə olmuşdur. Həmin çıxarışda qeyd edilmişdir ki, mütəmadi olaraq amitriptilin, fenozepam, depokin xrono, vitaminlər və s. dərman preperatlarından istifad edir.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Əhvalın üzvi mənşəli affektiv pozulması” (F06.3) diaqnozu ilə ambulator müalicədə olmuşdur. Həmin çıxarışda qeyd edilmişdir ki, mütəmadi olaraq amitriptilin, fenozepam, depokin xrono, vitaminlər və s. dərman preperatlarından istifad edir. II. Məhkəmədə icraat

17. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx xxxx 1993-cü ildə Goranboy rayonunda doğulmuşdur. 02 aprel 2011-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 1 il 6 ay Milli Qvardiyada həqiq hərbi xidmət keçmişdir. Daha sonra öz arzusu ilə xx.xx.2017-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. Xidməti dövründə 6 (altı) ay sülhməramlı qoşun tərkibində bir il Əfqanıstan Respublikasında xidmətdə olmuşdur. “44” X2 iştiakıçısı olmuş və xidməti vəzifəsini yerinə yetirən zaman Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə olduğu nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində yəni partlayış nəticəsində kəllə-beyin travması almışdır. Uzun müddət xəstəxanada daha sonra isə həm Bakı şəhərində həm də Gəncə şəhərində ruhi dispanserlərdə müalicə olunmuşdur. Halhazırda Gəncə şəhər Ruhi Dispanserdə qeydiyyatdadır. Xidməti vəzifəsinin icrası zamanı xəsarət almağı barədə N nömrəli hərbi hissə komandiri tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına təqdim etmək üçün “Travma haqqında” arayış verilmişdir. Arayışda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə Partlayış Travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı vəziyyət Sol median sinirin postravmatik meyropatiyasından sonrakı vəziyyət xəsarət almışdır. Bundan sonra uzun sürən müalicə və müayinələrdən sonra nəhayət xx.xx.2022-ci ildə 12733 №-li Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən keçirilmiş qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı postravmatik təkrarlanan qıcolma tutulmaları, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə Sol orta sinirin posttravmatik neyropatiyası funksiyasının mülayim dərəcədə pozulması, Əhvalın üzvi mənşəli affektiv pozulması, posttravmatik stress pozuntusu Mülayim dərəcədə ifadə olunan üzvi mənşəli affektiv pozuntu, Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu diaqnozu qoyulmuşdur. Eyni zamanda HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR qeyd olunmuşdur. “Hərbi Xidmət keçmə haqqında” əsasnamənin 157-ci maddəsinin “b” bəndinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. Ona müvafiq əlillik dərəcəsinin təyin olunması üçün müayinədən keçsə də ilk dəfə Göygöl rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında əlillik dərəcəsi verilməsindən əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina edilmişdir. Bundan sonra ruhi dispanserdə yatmışdır. Yenidən müayinə olunsa da Gəncə şəhər Ruhi əsəb dispenserinin göndərişi əsasında Gəncə Şəhər Psixiatrik xəstəxanasına müalicə və müayinə üçün göndərilmişdir. Müalicə və müayinə olmağına baxmayaraq yenidən əlavə müalicəyə ehtiyac olunması səbəbindən imtina edilmişdir. Ruhi-əsəb xəstəliyi olan insanların sağalması tibbə məlum olmasa da ona əlillik təyin edən orqanlara məlumdur deyəsən. Sağlamlığından məhrum olduğu üçün bu gün heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir. Onun 30 yaşı var amma aldığı travmalar buna imkan vermir ki, əmək fəaliyyəti ilə məşğul olsun. Bundan sonra X7 Baş Komandan İlham Əliyev tərəfindən xx.xx.2020-ci il tarixdə “Vətən uğrunda” medalı, xx.xx.2020-ci il tarixdə “Cəbrayılın azad olunması uğrunda” və xx.xx.2022-ci il tarixdə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın ona əlillik dərəcəsinin təyin olunmasından imtinası əsassızdır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

20. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

21. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

24. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

27. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

28. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

29. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0327003AAJDU nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 12733 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-bevin travması. bas-bevin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Təkrarlanan qıcolma tutmaları mərkəzi sinir sisteminin funksiyasının mülavim dərəcədə pozulması ilə. Sol orta sinirin posttravmatik neyropatiyası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Əhvalın üzvi mənşəli affektiv pozulması. Posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriva Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 636/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz Kəskin dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Postkommosion sindrom, davamlı baş ağrıları, əhval-ruhiyyə pozulması” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 9391/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz Əhvalın üzvi mənşəli affektiv pozuntusu. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1138/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, qıcolma tutmaları ilə. Posttravmatik stress pozuntusu. Üzvi mənşəli affektiv pozuntu” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı gözdə ağrılardan, zəif görmədən, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gecə yuxusunun pozulmasından, əhval-ruhiyyə düşkünlüyündən, yaddaşın zəifləməsindən şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi affektiv pozuntu (depressiv) daxilolmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Verilən sualları qısa, əsəbi cavablandırmış, ünsiyyətə həvəssiz daxil olmuş, emosional labillik, əhvalının dəyişkən olması izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2022-ci il tarixli 12733 nömrəli şəhadətnaməsi; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 47 nömrəli rəyi; - Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışlar; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli 395 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2020-ci il tarixli 6359 nömrəli,xx.xx.2021-ci il tarixli 6559 nömrəli, xx.xx.2020-ci il tarixli 10748 nömrəli və xx.xx.2021-ci il tarixli 207 nömrəli arayışları; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

32. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 12733 nömrəli şəhadətnaməsində İddiaçı “Keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, təkrarlanan qıcolma tutmaları, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol orta sinirin posttravmatik nevropatiyası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Əhvalın üzvi mənşəli affektiv pozulması. Posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

33. İddiaçı əlillik vəziyyəti əvvəlcə tibb müəssisəsinin 0327003AAJDU nömrəli göndərişinə əsasən “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Keçirilmiş barotravma, qapalı KBT və baş, beyin silkələnməsi nəticəsində üzvi şəxsiyyət poz. Üzvi koqnitiv poz. Üzvi emos-labil pozğunluğu, üzvi affektiv poz.” diaqnozu əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra isə iddiaçının barəsində tibb müəssisəsinin xxxxxxx0002 nömrəli yeni göndərişi rəsmiləşdirilmiş və “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Posttravmatik stress pozuntusu. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Astiqmatizm” diaqnozu əsasında onun əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh orqan iddiaçının imtina barədə qərardan verdiyi şikayətə xx.xx.2023-cü il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3-451/2023 nömrəli qərar qəbul etmişdir.

34. Halbuki, iş üzrə təqdim olunmuş xəstəlik tarixçəsindən çıxarışlarla müəyyən edilir ki, İddiaçı dəfələrlə Gəncə şəhər Psixiatriya Xəstəxanası PHŞ-də və M.Ə.Əfəndiyev adına X6 “Kəskin dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Postkommosion sindrom, davamlı baş ağrıları, əhval-ruhiyyə pozulmaları ilə” (F06.5, F43.1), “Əhvalın üzvi mənşəli affektiv pozuntusu. Posttravmatik stress pozuntusu" (F06.3, F43.1), “Keçirilmiş qapalı kəllə-beyin travması, beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya” (T90.5), “Təkrarlanan qıcolma tutmaları” (G40.3), “Sol orta sinirin posttravmatik neyropatiyası” (G56.0), “Əhvalın üzvi mənşəli affektiv pozulması” (F06.3), “Posttravmatik stress pozuntusu” (F42.1), “Keçirilmiş QKBT-nın qalıq əlamətləri, qıcolma tutmaları ilə” (F07.0, F43.1), “Posttravmatik stress pozuntusu, Üzvi mənşəli affektiv pozuntu, suisidial cəhdlərlə” (F06.3) diaqnozları üzrə ambulator və stasionar müalicələrdə olmuşdur.

35. Hətta cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-4/3-451/2023 nömrəli qərarının özündə də qeyd edilmişdir ki, İddiaçı hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi affektiv pozuntu (depressiv) daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Qərarda həmçinin əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntularının müəyyən olunmadığı qeyd edilsə də, İddiaçı suidisial (intihar) cəhdlərinin olması, özünə qapanması, gərgin olması, ətrafına qarşı reaksiyalarının qeyri-adekvat olması, təkliyə meyllik etməsi və s. kimi hallar xx.xx.2022-ci il tarixli həkim müayinəsi zamanı müəyyən edilmiş və göndərişdə əks etdirilmişdir.

36. X3 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsindən məlum olur ki, müayinə oyaq vəziyyətdə, hiperventilyasiya və fotosimulyasiya sınaqları zamanı keçirilib. Fon çəkilişdə elektroensefaloqramma aşağı voltajlıdır, hər iki yarımkürənin ənsə-gicgah paylarında delta diapazonlarda yavaş dalğalar izlənilir. Funksional sınaqlar zamanı hiperventilyasiyada (HV) və fotosimulyasiyada (FS) beyin qabığında aktivlik artmamışdır. Baş beynin bioelektrik aktivliyinin mülayim diffuz dəyişiklikliyi qeyd olunur.

37. “İstanbul NS” klinikasının xx.xx.2022-ci il tarixli Beynin maqnit rezonans tomoqrafiya müayinəsinin nəticəsindən məlum olur ki, retroserebellyar, ekstraaksial, likvor kistası. Hər iki gicgahın paylarının anteromediobazal kəsimlərində ekstraaksial likvor kistaları. Alın paylarının ön kəsimlərində, Silvian fissurların proksimalında ekstraaksial likvor məsafələrinin 5-6 mm qədər genişlənmələri. Görmə sinirlərinin perinevral likvor məsafələrinin həcminin mülayim artması. Qeyd edilən dəyişikliklər kliniki şikayətlərlə birgə dissirkulyator ensefalopatiya lehinə dəyərləndirilə bilər.

38. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli 395 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən “Kəskin dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Postkommotsion sindrom, davamlı baş ağrıları, əhval ruhiyyəsinin pozulması” diaqnozu ilə Gəncə şəhəri Psixo-Nevroloji Dispanserinin qeydiyyatdadır. Xəstə İddiaçı mütəmadi olaraq qoruyucu müalicədən istifadə edir, hər ay pulsuz dərmanlarla (Depakin 500, Finlepsal, Aminazin və s.) təmin edilir.

39. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 47 nömrəli rəyinə əsasən müayinə nəticəsində İddiaçı diaqnozu “Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlarla, epileptiform tutmalar ilə. F06.3” kimi müəyyənləşdirilmişdir.

40. X4 “36.6 med Gəncə” klinikasının xx.xx.2022-ci il tarixli laborator-müayinə nəticələrinə görə İddiaçı qan nümunələrində Valproy turşusu (Depakin) və Karbamazepin (Tagretol) aşkar edilmişdir ki, həmin dərmanlar epilepsiya xəstələri tərəfindən qıcolma tutmalarına qarşı istifadə olunur.

41. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışların hamısında iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Eyni zamanda bütün müalicələrin yekununda rayon psixiatrının nəzarəti və müalicəsi məsləhət görülmüşdür ki, bu da iddiaçının sağalmadığını bir daha təsdiq edir.

42. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda həmin qərardan verilmiş şikayətə baxılarkən iddiaçının xx.xx.2023-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2023-cü il tarixli 3-17-4/3-451/2023 nömrəli diaqnoz əlillik əlaməti təyin edilməməsinə dair qərar qəbul edilmişdir.

43. Lakin yuxarıda qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir.

44. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

45. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

46. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun sağlamlığının qiymətləndirildiyi zaman (xx.xx.2022-ci il tarixli göndəriş əsasında) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

48. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.

6.7 Epilepsiya G40

Qiymətləndirmə 6.7.2. gündə 3-4 yüngül tutma, yaxud 50-60 2 il ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması.

Qeyd. Ağırlıq dərəcəsi, davametmə müddəti, intihar riski, nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - göstərilən pozuntuların davametmə müddəti (2 ildən çox davam edən simptomlar uzunmüddətli sayılır); - simptomların ağırlıq dərəcəsi (müvafiq klinik protokollarda olan şkalalar vasitəsilə müəyyən edilir); - intihar davranışları yerinə yetirmə riski; - dərman və psixoterapevtik müdaxilələrin effektliliyi. 7.5.1. posttravmatik stres pozuntusu F43.1 Qiymətləndirmə 7.5.1.1. 2 il müddətində əmək 35-60 2 il qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2. baş beynin zədələnməsi və F06 disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin 35-60 2 il nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) Qeyd. Bu bölmədə üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdən keçirilə bilər. 7.7. Spesifik şəxsiyyət pozuntuları Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə 35-60 2 il hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski

49. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş “F43.1 – Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu, F07.0 – üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da iddiaçıya 2 il müddətinə orqanizmin funksiyalarının pozulması ilə bağlı qərar qəbul edilməsinə əsas verir.

50. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 12733 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı həmin diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...

52. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar