Məhkəmə qərarları › İş №2-1(114)-81/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-81/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-81/2020 18.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərtər rayon Təhsil şöbəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı X1 Mərkəzi) əmək haqqından tutulmuş gəlir vergisindən azad olunan hissənin birdəfəyə qaytarılması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərtər rayon Təhsil şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2012-ci il tarixdən indiyədək onun əmək haqqından tutulmuş gəlir vergisindən azad olunan hissənin ona birdəfəyə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hazırlıq icraatı iclasında iddianı müdafiə etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrnin iştirakını təmin etməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi onun əmək haqqının düzgün hesablanmaması, yəni əmək haqqından tutulan gəlir vergisinin güzəştlə deyil, tam tutulmasıdır ki, sözügedən məsələ əmək-hüquq münasibətləri ilə bağlı mübahisə olduğundan və həmin mübahisələrə ümumi (rayon) məhkəmələr tərəfindən baxılmalı olduğundan iddiaçı hazırki mübahisə üzrə tələblə Gəncə İnzibati Məhkəməsinə deyil, cavabdehin hüquqi ünvanı üzrə ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ətraf mühitin qorunması, vergi, inzibati və ya digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirilməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmçinin qeyd olunmalıdır ki, inzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prosessual qaydada inzibati məsuliyyət daşıyırlar. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Hazırki iş üzrə iddiaçı və cavabdeh arasında olan münasibətlər əmək hüquq münasibətlərindən yaranan mübahisədir. Həmin münasibətlərin subyekti kimi işəgötürən və işçi çıxış edir. İşəgötürən üçün müəyyən üstün hüquqlar müəyyən edilməsinə baxmayaraq, bu tabeçilik inzibati əmək hüquq münasibətlərinin inzibati münasibətlər kimi qiymətləndirilməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərtər rayon Təhsil şöbəsinə qarşı əmək haqqından tutulmuş gəlir vergisindən azad olunan hissənin birdəfəyə qaytarılması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar