Məhkəmə qərarları › İş №2-1(114)-81/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-81/2022

10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-81/2022 10.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının 12.01.2017-ci il tarixli qərarının ləğv edilməsini və eyni zamanda həmin iddia ərizəsi ilə buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, Tibbi-Sosial Ekspert Komissiyasının 12.01.2017-ci il tarixli qərarını 04.02.2020-ci il tarixdə almış, eyni zamanda sənədlərin toplanması, lazımı təşkilatlara yazılı müraciətlərin cavablarının gecikməsi və həmin müddətdə respublika ərazisində koronovirus (COVİD-19) pandemiyasının yayılması səbəbindən məhkəməyə vaxtında müraciət edə bilməmişdir. Odur ki, buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosessual müddətin bərpa edilməsi barədə iddiaçının dəlillərini araşdırıb, hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı məhkəmə iclasında ötürülmüş müddətin ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar olduğunu qeyd etsə də Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilən zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.03.2020-ci il tarixli 05 nömrəli, 23.04.2020-ci il tarixli 06 nömrəli qərarlarında, habelə 02.05.2020-ci il, 15.05.2020-ci il, 20.07.2020-ci il və 05.08.2020-ci il tarixli məlumatlarında məhkəmələrə ünvanlanmış ərizələrin poçt vasitəsi ilə və ya elektron şəkildə göndərilməsinə heç bir qadağa nəzərdə tutulmamış, əksinə fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrin, apelyasiya və kassasiya şikayətlərinin poçt vasitəsi ilə və ya elektron şəkildə göndərilmələri tövsiyə olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.05.2020-ci il tarixli məlumatı ilə Gəncə şəhəri inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə 18.05.2020-ci il saat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 12.01.2017-ci il tarixli məlumatından görünür ki, həmin məlumat 04.02.2021-ci il tarixdə (Çap tarixi: 04.02.2020 10:06:01) çap edilmişdir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi məhkəməyə 31.05.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayıt verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsində qeyd edilənlər məhkəmə tərəfindən üzürlü səbəb kimi qəbul edilə bilməz. İddiaçı müddətin ötürülməsini əsaslandıran mötəbər sübutları məhkəməyə təqdim etməli olduğu halda, bunu edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Tibbi-Sosial Ekspert Komissiyasının 12.01.2017-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət bərpa edilməməli və iddia mümkün sayılmamalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 24 və 80-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilsin və iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar