Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-81/2023 31.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Avtozavod ərazisində 58 nömrəli məhəllənin 2-ci küçəsində yerləşən bağ evi tikintisi üçün ayrılmış 400.0 kv.m olan torpaq sahəsi və üstündə tikilmiş ev üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 23 noyabr 1992-ci il tarixli 3859 saylı sərancamına və 3 №-li trestin 23 dekabr 1992-ci il tarixli 04 №-li protokoldan çıxarışa əsasən Avtozavod qəsəbəsi ərazisindən bağ evi tikintisi üçün iddiaçıya 400.0 kv.metr torpaq sahəsi ayrılıb verilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xərtəçəkmə Komitəsi tərəfindən 12 fevral 2008-ci il tarixli, 689 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçülərinə dair kadastır sənədi tərtib olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən verilmiş rəydən də görünür ki, həqiqətən Gəncə şəhəri Avtozavod qəsəbəsi ərazisindən bağ evi tikintisi üçün ona 400.0 kv.metr torpaq sahəsi ayrılıb verilmişdir. Rayonlararası İstehsal Təmir- Tikinti Birliyinin 3 №-li Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyi Həmkarlar İttifaqının 14 oktyabr 1994-cü il tarixli 116 saylı arayışından da məlum olur ki, ona həqiqətən də Gəncə şəhəri Avtozavod ərazisində 58 nömrəli məhəllənin 2-c küçəsində bağ evi tikintisi üçün 400.0 kv.m. olan torpaq sahəsi ayrılmışdır. Gəncə lahiyə arxitektura kooperativi tərəfindən tərtib edilmiş lahiyədən görünür ki, həmin torpaq sahəsində evin plan cizgisi işlənib hazırlanmışdır. Hazırda iddiaçı həmin evdə ailəsi ilə birlikdə yaşayır. İddiaçı 400.0 kv.metr torpaq sahəsi və üstündə tikilmiş ev üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı müraciətə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi, həmçinin bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. 23 noyabr 1992-ci il tarixli, 3859 nömrəli ki, “3 saylı Trest”in arayışına əsasən, İddiaçı Gəncə şəhəri, Avtozavod ərazisi, yer 3, küçə 2-də olan 400 kv.m torpaq sahəsinin verildiyi qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “torpaq sahəsinin planı və ölçüsü”ndə Gəncə şəhər İHB-nin xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı və 3 saylı Trestin BYB-nin xx.xx.1992ci il tarixli, 04 saylı protokolu qeyd olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “torpaq sahəsinin planı və ölçüsü”ndə 400 kv.m olan torpaq sahəsinin bağ evi tikmək üçün ayrıldığı və X3 kitabında xx.xx.2008-ci il tarixli, 689 nömrə ilə uçota alınması qeyd olunmuşdur. İddiaçı adına tərtib olunmuş **********0718 nömrəli plan ölçü sənədində torpaq sahəsi 400.0 kv.m göstərilsə də, müayinə baxışı zamanı vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 324.0 kv.m olduğu müəyyən olunmuşdur. Yalnız, vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin 181.0 kv.m hissəsi, **********0718 nömrəli plan ölçü sənədində göstərilən 400.0 kv.m torpaq sahəsinin sənədləri ilə üst-üstə düşür. Plan ölçü sənədində göstərilən 400.0 kv.m torpaq 219.0 kv.m hissəsi isə faktiki olaraq digər şəxslərin istifadəsindədir. Sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları hesab olunur və Gəncə Şəhər Kəpəz Bələdiyyəsinin mülkiyyətindədir. Torpaq sahəsinin təxminən 20 m məsafəsindən yüksək gərginlikli hava elektrik ötürücü xətti keçir. 3 saylı Gəncə Ərazi İdarəsində həmin elektrik xəttinin gərginliyi barədə dəqiq məlumat yoxdur. Həmin elektrik xəttinin gərginliyinin 35kVt olduğu ehtimal olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə şəhəri Rayonlararası İstehsal Təmir-Tikinti Birliyinin 3 №-li Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyi Həmkarlar İttifaqının 14 oktyabr 1994cü il tarixli 116 saylı arayışından görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 23 noyabr 1992-ci il tarixli 3859 saylı sərancamına əsasən Avtozavod ərazisində İddiaçı bağ yeri üçün sahəsi 400 kv.m olan yer 58 nömrəli məhəllədə, 2-ci küçədə torpaq sahəsi ayrılmışdır. -surəti işə əlavə edilmiş 3 nömrəli trestin qərarından görünür ki, xx.xx.1992-ci il tarixli 4 nömrəli protokol əsasında Avtozavod ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı 0.04 ha torpaq sahəsinin bağ evi üçün ayrılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş DT və XK-nin Gəncə şəhər şöbəsinin xx.xx.2008-ci il tarixli. TŞ-8-113 nömrəli rəyindən görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 23 noyabr 1992-ci il tarixli 3859 saylı sərəncamına və 3.№-li trestin xx.xx.1992-ci il tarixli 04 №-li protokoldan çıxarışa əsasən Avtozavod qəsəbəsi ərazisindən bağ evi tikintisi üçün İddiaçı verilmiş 400,0 kv. metr torpaq sahəsi Kəpəz rayonunun ərazisində olmaqla İddiaçı istifadəsindədir, ayrılmış torpaq sahəsi Gəncə şəhərinin 6-cı qiymət zonasında yerləşir, ona görə həmin torpaq sahəsi üçün "Torpaq sahəsinin planı və ölçüsü" 1 saylı nümunənin hazırlanmasına DT və XK-si Gəncə şəhər şöbəsi etiraz etmir. -surəti işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli, A 029037 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, bu sənəd Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 23 noyabr 1992-ci il tarixli 3859 saylı sərəncamına və 3.№-li trestin xx.xx.1992-ci il tarixli 04 №-li protokoluna əsasən İddiaçı ayrılmış 400 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X4 Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli, 01-01/024 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Avtozavod ərazisi, 58 nömrəli məhəllənin 2-ci küçəsində yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən 16 metr məsafədən 35 KV-luq “Göygöl” hava xətti keçir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********71 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********33 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfin faktiki istifadə sahəsi kimi təqdim etdiyi torpaq sahəsinin koordinatları 029037 nömrəli, xx.xx.2008-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən 400.0 kv.m torpaq sahəsinin 181.0 kv.m hissəsinin koordinatları ilə üst-üstə düşür, iddiaçı tərəfin faktiki istifadə sahəsi kimi təqdim etdiyi torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin 64.0 kv.m hissəsi 029037 nömrəli, xx.xx.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş torpaq sahəsi üzərində yerləşir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Gəncə şəhəri, Avtozavod ərazisində 58 nömrəli məhəllənin 2-ci küçəsində yerləşən bağ evi tikintisi üçün ayrılmış 400.0 kv.m olan torpaq sahəsi və üstündə tikilmiş ev üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasına səbəb iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 324.0 kv.m olması, həmin torpaq sahəsinin yalnız 181.0 kv.m hissəsinin **********0718 nömrəli plan ölçü sənədində göstərilən 400.0 kv.m torpaq sahəsinin sənədləri ilə üst-üstə düşməsi, plan ölçü sənədində göstərilən 400.0 kv.m torpaq sahəsinin 219.0 kv.m hissəsinin isə faktiki olaraq digər şəxslərin istifadəsində olması, sözügedən torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları hesab olunması və Gəncə Şəhər Kəpəz Bələdiyyəsinin mülkiyyətində olması, həmçinin torpaq sahəsinin təxminən 20 m məsafəsindən yüksək gərginlikli hava elektrik ötürücü xəttinin keçməsi olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş tikililərə dair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd əsasdır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. İş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçının faktiki istifadə sahəsi kimi təqdim etdiyi torpaq sahəsinin koordinatları onun adına verilmiş 029037 nömrəli, xx.xx.2008-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən 400.0 kv.m torpaq sahəsinin 181.0 kv.m hissəsinin koordinatları ilə üst-üstə düşür, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin 64.0 kv.m hissəsi onun adına verilmiş 029037 nömrəli, xx.xx.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş torpaq sahəsi üzərində yerləşir. Beləliklə müəyyən olunur ki, iddiaçının təqdim etdiyi "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatları ilə faktiki istifadə sahəsi kimi təqdim etdiyi torpaq sahəsinin koordinatları yalnız 181.0 kv.m hissədə üstü-üstə düşür, eyni zamanda sözügedən fərdi yaşayış evinin yalnız 64.0 kv.m hissəsi 029037 nömrəli, xx.xx.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş torpaq sahəsi üzərində yerləşir. Göründüyü kimi iddiaçı fərdi yaşayış evinin bir hissəsini ona məxsus olmayan torpaq sahəsi üzərində inşa etmişdir, eyni zamanda iddia etdiyi torpaq sahəsinin yalnız müəyyən hissəsi onun faktiki istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-81/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-81/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver