Məhkəmə qərarları › İş №2-1(114)-811/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-811/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-811/2023 24.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə verilmiş əvvəlki «torpaq sahəsinin planı və ölçüsü» sənədinə uyğun «torpaq sahəsinin planı və ölçüsü» sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4-lə bağlı «torpaq sahəsinin planı və ölçüsü» sənədlərinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında 0.05 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ilə bağlı cavabdeh orqandan çıxarış almışdır. Həmin torpaq sahəsi ilə bağlı «torpaq sahəsinin planı və ölçüsü» sənədi hazırlanması üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, iddiaçıya qeyd edilən torpaq sahəsi ilə bağlı müvafiq çıxarış verilsə də, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən imtina etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2007-ci il tarixli, AA001332 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədində göstərilmiş koordinatlara uyğun yeni «torpaq sahəsinin planı və ölçüsü» sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli qərardadla iddia dəyişdirilmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə müayinə baxışı keçirilən zaman uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin koordinatları arasında 42-45 metr fərqin olduğu aşkarlanmışdır. Həmçinin sənəd üzrə torpaq sahəsində başqa şəxsə məxsus və başqa şəxsin istifadəsində olan 13.5 həyət tikilisi (anbar) vardır. Odur ki, iddiaçının tələbi təmin edilməməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, AA 001332 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, sözügedən sənəd X7 məxsus olmuş Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -surəti işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli, AA 001498 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, sözügedən sənəd X3 məxsus olmuş Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -surəti işə əlavə edilmiş «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamədən görünür ki, X1 vərəsəsi İddiaçıdur, miras əmlak isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi olmuşdur. -surəti işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. -işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi elektron baza məlumatlarına ümumi istifadədə olan yola işlənmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi isə hər iki tərəfdən qonşu torpaqları ilə həmsərhəddir və dəmir çəpərlə hasarlanmışdır. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********48 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, **********23 reyestr nömrəli, çıxarışa əsasən Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1 sahə 4 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi, həmin çıxarışın verilməsinə əsas 2V-110 nömrəli 13 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən, **********23 reyestr nömrəli, çıxarışa əsasən X1 mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixli, AA 001498 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən eyni torpaq sahəsidir. İddiaçının nümayəndəsi X2 naturada təqdim etdiyi faktiki istifadə sahəsinin koordinatları, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər hər hansı üçüncü şəxsin adına qeydə alınmış çıxarış sənədi ilə üst-üstə düşmür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin faktiki halları və təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Gəncə şəhəri, Azərbaycan KTA ərazisi, məhəllə A-1, sahə 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli «qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməyə əsasən əldə etmiş və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin texniki göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini xahiş etsə də cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin koordinatları arasında fərqin olması və sənəd üzrə torpaq sahəsində başqa şəxsə məxsus, başqa şəxsin istifadəsində olan anbar qeyri-yaşayış sahəsi olması təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qanun üzrə vərəsəlik hüququ əsasında əldə etdiyi torpaq sahəsi ilə xx.xx.2008-ci il tarixli, AA 001498 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədində göstərilən torpaq sahəsi eynilik təşkil edir və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi hər hansı üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə də üst-üstə düşmür. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bir halda ki, xx.xx.2007-ci il tarixli, AA 001332 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədi və xx.xx.2008-ci il tarixli, AA 001498 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədində qeyd olunmuş torpaq sahələri ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli torpaq sahəsi ilə eynilik təşkil edir, iddiaçıdan əvvəlki mülkiyyətçilərə «torpaq sahəsinin planı və ölçüsü» sənədləri tərtib edilərək verilməsinə baxmayaraq sonuncuya məxsus eyni torpaq sahəsi ilə bağlı «torpaq sahəsinin planı və ölçüsü» sənədinin tərtib edilməməsi hüququn bərabərlik prinsipinin də pozulmasıdır. Bu məqsədlə, müvafiq çıxarışa əsasən iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsinin texniki göstəricilərinin elektron kadastr baza məlumatlarına düzgün işlənməməsi iddiaçının ziyanına şərh oluna bilməz, başqa sözlə həmin hal torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsinə mane olan hal deyil. Belə ki, hər-hansı subyektin mülkiyyətində olan əmlakın texniki göstəricilərini əks etdirən sənədin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, AA 001332 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar