Məhkəmə qərarları › İş №2-1(114)-811/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-811/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-811/2024 22.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyinat tarixinin dəyişdirilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik təyinatının xx.xx.2021-ci il tarixdən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, müharibədən qayıtdıqdan sonra 2015-ci ildə insult keçirmişdir. Ümumi səbəbdən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir (diaqnoz: keçirilmiş baş-beyin qan dövranının kəskin pozulmasının davamlı qalıq əlamətləri: sağ tərəfli hemipares, beyin atrofiyası. Dissirkulyatorensefalopatiya İİ mərhələ, koqnitiv funksiyaların disfunksiyası ilə Arterialhipertenziya İİİ mərhələ, əlavə risk İV qrup. Hipertenziv ensefalopatiya. Kəskin asteno-nevrotik hal).Qeyd edilən əlillik müddətinin bitdiyi tarixdən sonrakı dövrdə əlillik vəziyyəti müvafiq göndərişlər əsasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il,03.05.202.2-ci il tarixlərdə qiymətləndirilmiş, üç halda göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatının aparılması mümkün olmamışdır. Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, əlavə müalicəyə ehtiyacının olması barədə qərar qəbul edilərək stasionar müalicə olunmağı məsləhət görüldüyündən, əliliyin müəyyən edilməsi mümkün olmamışdır. Obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə qeyd edılmış diaqnoza və obyektıv müayinələrin nəticəsinə əsasən Azərbaycan Respublıkası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdıq edılmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 6.5.1.2. bəndinə müvafiq olaraq xx.xx.2022-ci il tarıxdən umumı səbəbdən orqanizmin funksiyalarının 60% pozulması ilə 2 il müddətinə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilə kimi ona ödənılməmiş müavinətin ödənilməsi ilə əlaqədar müxtəlif instansiyalara müracıət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabılıtasıya Agentliyinin cavabında əlillik müddətininin bitdiyi tarix ilə yenidən təyinat verildiyi tarix arasında 6 aydan çox vaxt keçdiyindən ötürülmüş müddətə görə müavinətin ödənilməsi mümkün olmadığı bildirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinə sənədlərindən görünür ki, İddiaçı xx.xx.2016cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti, yəni xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli müayinələr zamanı « Göndərişin natamam doldurulması » səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlillərində bildirilir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin G000058881CA nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması" barədə qərar verilmişdir. Ətraflı səbəb: "Əlavə stasionar müalicəyə ehtiyyacı var ». Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyanı müayınənın araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin G000058881CA nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Əlavə müalicəyə ehtiyacın olması qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər(epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Keçirilmiş baş beyin qan dövranının kəskin pozulmasının davamlı qalıq əlamətləri. Sağtərəfli hemiparez, beyin atrofiyası, Dissirkulyator ensefalopatiya İİ mərhələ, koqnitiv funksiyaların disfunksiyası ilə, Arterial hipertenziya İİl mərhələ, əlavə risk İV grup. Hipertenziv ensefalopatiya. Kəskin asteno-nevrotik hal.) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəliqərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 6.5.1.2 bəndinə əsasən 60% 2 il müddətinə əlillik təyini qərarı verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddianın təmin edilməsi üçün hüquqi əsas yoxdur. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından da əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti, yəni xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli müayinələr zamanı «Göndərişin natamam doldurulması» səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 6.5.1.2 bəndinə əsasən 60% 2 il müddətinə əlillik təyin edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslı deyil. Belə ki, iddiaçının hüquqi marağı əlillik təyinatı aparılmamış zaman kəsiyində ödənilməmiş müavinətin ona ödənilməsidir. Bunla bağlı ona xx.xx.2022-ci il tarixdə təyin edilmiş əlillik təyinatının xx.xx.2021-ci il tarixdən aparılmasını tələb edir. İşdə olan müayinə sənədləri ilə müəyyən edilir ki, ilkin əlillik təyinatının bitdiyi tarixdən sonra xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli müayinələr zamanı «Göndərişin natamam doldurulması» səbəbi ilə əlillik təyinatından imtina edilsə də iddiaçı qeyd olunan zaman kəsiyində əlilliyin qiymətləndirilməsinə dair imtina hərəkətlərini mübahisələndirməmiş, yalnız əlillik təyin edildikdən sonra uzun müddət keçdikdən sonra həmin hərəkətlərdən narazılığını ifadə etmiş və bununla da əlillik təyinatının tarixini dəyişmək qərarına gəlmişdir. Beləliklə, əlilliyin qiymətləndirilməsindən imtina barədə cavabdehin inzibati aktları qüvvədə olduğu halda iddiaçının hazırki məzmunda tələbi əsaslı hesab edilə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxsin özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət etmək hüquqları olduğu halda iddiaçı yuxarıda qeyd olunduğu kimi cavabdehin əlilliyin qiymətləndirilməsinə dair imtina hərəkətlərini mübahisələndirməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyinat tarixinin dəyişdirilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar