Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-813/2023 18.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu Arıqıran kəndi “Spornı” sahəsində yerləşən mal tövləsi və çoban olacağının özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu Arıqıran kəndi, “Spornı” sahəsində yerləşən sahəsi 413 kv.m olan mal tövləsi və 32 kv.m olan çoban olacağı (cəmi 445 kv.m) Gədəbəy rayonu Arıqıran kənd X15 Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli protokolu əsasında atası X2 mülkiyyətinə verilmişdir. Atası Rüstəmov Əli Həmid oğlu xx.xx.2014-cü ildə, anası X3 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həmin obyektlər atasına uzun müddət Füzuli adına kolxozda çoban və kolxozlar ləğv olunandan sonra “Spornı” sahəsində çalışdığına görə satılmışdır. Mərhum atası vəfat edən günə kimi bu obyektlərdən istifadə etmiş və hazırda vərəsəsi kimi o istifadə edir. Bu obyektlərlə eyni bir ərazisində yerləşən pay torpaq sahəsinə dair cavabdeh tərəfindən adına xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu cür yanaşması qanunsuzdur. Belə ki, Gədəbəy rayonu Arıqıran kəndi, “Spornı” sahəsində yerləşən sahəsi 413 kv.m olan mal tövləsi və 32 kv.m olan çoban olacağı Gədəbəy rayonu Arıqıran kənd X15 Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli protokolu əsasında atası X2 onun mülkiyyətinə verilmiş və bu obyektlərin texniki pasportu təsdiqlənmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X11, X12 və X6, xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 18 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Gədəbəy rayonu Arıqıran kəndində, “Spornı” sahəsində yerləşən mal tövləsi və çoban olacağının özəlləşdirilməsi ilə bağlı iddiaçının təqdim etdiyi sənədlər araşdırılarkən sabiq Füzuli adına kolxoza məxsus olmuş mal tövləsinin, çoban olacağının özəlləşməsi ilə bağlı ödəmə qəbzi və yaxud ödənilməsi barədə maliyyə arayışı və Rayon Aqrar İslahat Komissiyasının qərarının olmaması məlum olmuşdur. Bu səbəbdən də ərizənin icrasından imtina edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi(vəkili) Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçıya və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surəti, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-824/2023 nömrəli məktubu, Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 73 nömrəli məktubu, xx.xx.1998-ci il tarixli, 10 nömrəli protokolun surəti, xx.xx.1998-ci il tarixli texniki pasportun surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 nömrəli məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı Gədəbəy rayonu Arıqıran kəndi, “Spornı” sahəsində yerləşən sahəsi 413 kv.m olan mal tövləsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin həmin sahəyə dair özəlləşməsi ilə bağlı ödəmə qəbzi və yaxud ödənilməsi barədə maliyyə arayışı və Rayon Aqrar İslahat Komissiyasının qərarının olmaması səbəbindən müraciətinin icrası mümkün olmamışdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin vərəsəsi olduğu X1 iddia etsə də, sözügedən mal tövləsi və çoban olacağının sonuncu tərəfindən alınmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, həmçinin araşdırma zamanı verilmiş sorğulara da iddiaçının həmin arqumentini təsdiq edən cavablar alınmamışdır. Məhkəmə həmçinin iddiaçının ərizəsindəki mal tövləsi və çoban olacağının Gədəbəy rayonu Arıqıran kənd X15 Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli protokolu əsasında atası X2 onun mülkiyyətinə verilməsi dəlili ilə bağlı qeyd edir ki, həmin protokolda mal tövləsi və çoban olacağının sonuncuya satılmasının qərara alınması göstərilməsinə baxmayaraq X10 tərəfindən qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi, ümumiyyətlə mülkiyyət hüquqlarının əldə edilməsinə istiqamətlənmiş hər hansı hərəkətin edilməsi təsdiqini tapmır. Yuxarıda qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Beləliklə, hazırda mübahisə predmeti olan Gədəbəy rayonu Arıqıran kəndində, yerləşən mal tövləsi və çoban olacağı ilə bağlı hüquqmüəyyənedici sənədlərin, həmçinin maliyyə arayışının və ödəniş qəbzinin əlavə edilmədiyindən cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-813/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-813/2023
18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver