Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-813/2024 31.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı və üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs X3 və Gəncə şəhər Kəpəz bələdiyyəsi) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: 18 fevral 1993-cü il tarixli X7 fabrikinin müdriyyəti və həmkarlar ittifaqı komitəsinin birgə iclasının protoklundan çıxarışa əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin 11 dekabr 1992-ci il tarixli 4316 sıralı sərəncamı ilə Şəmkir yolunun şimal hissəsində X7 fabrikinə bostanlıq sahələrinin yaradılması üçün ayrılmış torpaq sahəsindən aşağıdakı fabrik əməkdaşlarından hər birinə (İddiaçı mərkəzi laborotariyada mühəndis kimyaçı, 25 №lı sahə) bostan sahəsi üçün 400,0 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli, 60 nömrəli arayışına əsasən Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 4316 saylı sərəncamına və Qənnadı fabriki Həmkarlar İttifaqı Komitəsinin 18 fevral 1993-cü il tarixli iclasının 4 nömrəli protokuluna əsasən “Sevinc” qəsəbəsi ərazisindən 400 kv.m 25№li torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. İddiaçıya X7 fabrikinin 1993-cü il tarixli 4 saylı protokolundan çıxarışa əsasən bostan sahəsi üçün 400,0 kv.m torpaq sahəsi ayrılmışdır. Bu barədə A seriyalı 511225 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 3201 nömrə ilə uçota alınmışdır. İddiaçı Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,06 torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-8188/2023 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı "xxxx" bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahısinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi aşkar edilmişdir.Həmçinin faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu belə ki, sənəd üzrə torpaq sahəsinin bir hissəsinin (30 kv.m) Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst üstə düşdüyü müəyyən edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən (xx.xx.2014-cü il tarixli, 3201 nömrəli plan-ölçü sənədi üzrə) 0,04 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır: 1.İddiaçı adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli, A-511225 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən 400.0 kv.m torpaq sahəsinin 352.0 kv.m hissəsi İddiaçı faktiki istifadəsində, 48.0 kv.m hissəsi isə ərazidə mövcud olan yol ilə üstüstə düşdüyü müəyyən olunmuşdur. Həmin 352.0 kv.m torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur.
2. İddiaçı adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli, A-511225 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən 400.0 kv.m torpaq sahəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli **********23-11301 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan 0.0343 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur.
3. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 396.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD məlumatlarına əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı sahədir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili mövcuddur. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 352,0 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı və üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X5 məhkəmə iclasına gəlmiş, cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək təmin olumasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X5 torpaq sahəsinin iddiaçının adına qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi Elmar Aslanov sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı torpaq sahəsini istifadə edir. Mütəxəssis rəyi tərtib edilən zaman həmin torpaq sahəsi üzərində heç kəsin hüquqları qeydə alınmamışdır.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, X7 fabrikinin 1993-cü il tarixli 4 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə “Sevinc” qəsəbəsi ərazisindən 400 kv.m torpaq sahəsi ayrılmış, bununla bağlı Bu barədə A seriyalı 511225 nömrəli torpaq sahəsinin planı və ölçüsünü tərtib edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 352,0 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva