Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-816/2020 02.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı (üçüncü şəxs Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Məharət Mustafayev) daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai (H.Əliyev) prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində olan 0,15 ha torpaq sahəsində yerləşən 229,7 kv.m ümumi, 194.0 kv.m əsas, 35,7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi (yanacaq doldurma məntəqəsi) üzərində mülkiyyət hüquqlarının tanınması və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Məharət Mustafayev tərəfindən sökülmüş 71.4 kv.m olan operator otağının bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi əmlak artıq qeydiyyatdan keçmişdir, digər tələbin isə təmsil etdiyi quruma aidiyyəti yoxdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı bir neçə müstəqil tələb (əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının tanınması və sökülmüş tikilinin bərpa edilməsi) irəli sürmüşdür. Tələbin “əmlak kompleksi üzərində mülkiyyət hüquqlarının tanınması” hissəsi ilə bağlı qeyd olunur ki, sözügedən əmlak kompleksi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində artıq qeydiyyatdan keçmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə Şəmkir şossesinin kəsişməsinin şimal-şərq hissəsində olan 0,15 ha torpaq sahəsində yerləşən 229,7 kv.m ümumi, 194.0 kv.m əsas, 35,7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi (yanacaq doldurma məntəqəsi) tam mülkiyyət hüququ əsasında İddiaçıadına qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbi mövcud olmadığına görə o, həmin tələblə cavabdehə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Bundan başqa tələbin “sökülmüş tikilinin bərpa edilməsi” hissəsi ilə bağlı qeyd olunur ki, iddiaçının iddia ərizəsində qeyd etdiyinə görə sözügedən tikili (71.4 kv.m olan operator otağı) Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülmüşdür. Belə olan halda iddiaçı hazırki tələb üzrə ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsini cavabdeh qismində qeyd etməkdə haqlı olmamışdır. Tələbin qeyd olunan hissəsi ilə bağlı məhkəmə bildirir ki, iddiaçı həmin tələblə müvafiq orqana (hazırki halda Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə) müraciət etməli, imtina cavabı aldığı təqdirdə məhkəməyə müraciət etməlidir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və cavabdehin imtinasının olub-olmaması həmin şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-816/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-816/2020
02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver