Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-816/2024 24.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1981-ci il tarixdə Beyləqan rayonun Dünyamalılar kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı hərbi xidmətdə olarkən Azərbaycan Respublikası Müdafiə nazirinin 0103t nömrəli, xx.xx.2013-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 İLLİYİ” yubiley medalı, Azərbaycan Respublikası Müdafiə nazirinin 0164t nömrəli, xx.xx.2018-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 İLLİYİ” yubiley medalı, Azərbaycan Respublikası Müdafiə nazirinin 0157t nömrəli, xx.xx.2019-cu il tarixli “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli sərəncamına əsasən “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2716 nömrəli sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. xx.xx.2022-ci il tarixli, 294 saylı Xəstəlik haqqında Şəhadətnaməyə əsasən, Partlayış travması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli qəlp. yaralanmasına sağ baldır sümüklərinin orta və aşağı 1/3-nin açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, baldır sümüklərinin Q.A.llizarov aparatı ilg osteosintezi (xx.xx.2020), yaraların ikincili-cərrahi işlənməsi, Q.A.llizarov aparatının korreksiyası (xx.xx.2020), Q.A.llizarov aparatın demontajından (xx.xx.2021) sonrakı sağ qamış sümüyünün zəif konsolidasiya edən sümük döyənəyi, sağ incik sümüyünün sümük defekti və bitişməmiş sınığı, sağ baldırın valqus deformasiyası, yumşaq toxumaların atrofiyası, sağ aşıq-baldır oynağının çapıq- əzələ mənşəli kontrakturası, ağrı sindromu ilə, yerişin pozulması. Partlayış travması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ ön qamış arteriyasınır zədələnməsinə görə aparılmış liqasiyası cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı vəziyyət qan dövranının və funksiyasının cüzi dərəcədə pozulması ilə. Keçirlmiş sağ incik sinirin posttravmatik neyropatiyasınin qalıq əlaməltəri, funksiyanı mülayim dərəcədə pozulması ilə diaqnozu qoyulmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi X5 ilə xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. . Cavabdehin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli protokol-qərarına əsasən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması(xx.xx.2020),sağ baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli qəlpə yaralanmasına sağ baldır sümüklərinin orta və aşağı 1/3-nin açıq,çoxqəlpəli ,yerdəyişmiş sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi,baldır sümüklərinin Q.A.ilizarov aparatı ilə osteosintezi(xx.xx.2020),yaraların ikincili-cərrahi işlənməsi, Q.A.llizarov aparıtının korreksiyası(xx.xx.2020)Oynaqların kontrakturası, sağ baldırın valqus deformasiyası,yumşaq toxumaların atrofiyası,sağ aşıq- baldır oynağının çapıq əzələ mənşəli kontrakturası Sümük sınığının pis bitişməsi, sağ incik sümüyünün smüük defekti və bitişməmiş sınığı Hipertrofik çapıq, sağ aşıq- baldır oynağının çapıq -əzələ mənşəli kontrakturası nozun mətnı: Partlayış travması(xx.xx.2020), sağ baldırın aşağı 1/3nin yumşaq toxuma defektili qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi ,sağ ön qamış arteriyasının zədələnməsinə görə aparılmış liqasiyası cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı vəziyyət,qan dövranının və funksiyasının cüzi dərəcədə pozulması ilə. Keçirlimiş sağ incik sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri,funksiyanın mülayim dərəcədə pozulması ilə. Bud arteriyasının travması, sağ ön qamış arteriyasının zədələnməsi.sağ incik sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri,funksiyanın mülayim dərəcədə pozulması ilə” diaqnozu əsasında Meyarların 2.3.3 əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G832) bəndi ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3071/2023 nömrəli qərarına əsasən xx.xx.2023 cü il tarixdə vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və qərara almışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətine üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılsın; Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verməmişdir. İddiaçı “Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin yenidən qiymətləndirilməsi, reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi və mənzillə təmin olunması” barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdir. İddiaçının müraciətinin əlilliklə bağlı olan hissəsinə cavabdeh tərəfindən baxılmışdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-F-23591/9/2023 nömrəli məktubunda bildirmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün göndəriş və müraciəti əsasında iddiaçının xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuş, qəbul zamanı təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq iddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı ilə bağlı” xx.xx.2022-ci il tarixli qərar qüvvədə saxlanıldığını və göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən iddiaçıya minik avtomobilinə tibbi göstəriş verilməsinin mümkün olmadığını nəzərinizə çatdırılmışdır. Məhkəmə mübahisəsi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi etirazda əyani müayinə nəticələrini qeyd etmiş və sonda qeyd etmişdir ki, "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona "əks göstəriş yoxdur" səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, praktikada bir ətrafın parezi dedikdə ayağın bütünlükdə, ayağın kəmər hissəsindən sona qədər olan hissəsi, nəzərəçarpan parezi dedikdə sağ və ya sol yuxarı ətrafın tam iflici nəzərdə tutulur. Məhkəmə iclasında həkim-mütəxəssis qismində dindirilmiş həkim-travmatoloq X6 izahatında bildirmişdir ki, bir ətrafın parezi dedikdə bir tərəfin funksiyalarını itirməsi başa düşülür. İddiaçının vəziyyətinə gəldikdə bir ayağında gödəklik mövcuddur, sümük defekti vardır. Bir aşağı ətrafın parezi-iflici var. İddiaçının sağalması üçün uzun illər lazımdır. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi barədə müraciətinə cavabdeh tərəfindən baxılmış və cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyinə görə iddiaçıya imtina verilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 30.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3-cü maddəsinə əsasən Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının: 1.2-ci bəndinə əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4-cü bəndinə əsasən Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X3 tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 3.1-ci bəndində qeyd olunur ki, minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2-ci bəndində göstərilir ki, şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarının “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 57-ci bəndinin 3-cü hissəsində minik avtomobilləri “bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” tibbi göstərişi olduğu hallarda təyin edilir İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixli, 10829 saylı Xəstəlik haqqında Şəhadətnaməyə əsasən Partlayış travması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli qəlp. yaralanmasına sağ baldır sümüklərinin orta və aşağı 1/3-nin açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına görə aparılmış yaraların birincilicərrahi işlənməsi, baldır sümüklərinin Q.A.llizarov aparatı ilg osteosintezi (xx.xx.2020), yaraların ikincili-cərrahi işlənməsi, Q.A.llizarov aparatının korreksiyası (xx.xx.2020), Q.A.llizarov aparatın demontajından (xx.xx.2021) sonrakı sağ qamış sümüyünün zəif konsolidasiya edən sümük döyənəyi, sağ incik sümüyünün sümük defekti və bitişməmiş sınığı, sağ baldırın valqus deformasiyası, yumşaq toxumaların atrofiyası, sağ aşıq-baldır oynağının çapıq- əzələ mənşəli kontrakturası, ağrı sindromu ilə, yerişin pozulması. Partlayış travması (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin yumşaq toxuma defektli qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ ön qamış arteriyasınır zədələnməsinə görə aparılmış liqasiyası cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı vəziyyət qan dövranının və funksiyasının cüzi dərəcədə pozulması ilə. Keçirlmiş sağ incik sinirin posttravmatik neyropatiyasınin qalıq əlaməltəri, funksiyanı mülayim dərəcədə pozulması ilə diaqnozu qoyulmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi X5 ilə xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli protokol-qərarına əsasən iddiaçıya 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, əlilliyin müəyyən olunma meyarı kimi əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi qeyd olunmuşdur. Cavabdeh imtina səbəbi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarını əsas götürərək minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyini bildirir. Məhkəmə işdəki ekspert rəyinə münasibətdə qeyd edir ki, iş üzrə ekspert rəyinə istinad edilə bilməz. Çünki həmin rəydə qoyulmuş sualla bağlı tədqiqat aparılması zamanı hansı tibb müayinələrinin keçirilməsi qeyd olunmamışdır. Ümumiyyətlə, rəy əsaslandırılmamış, yalnız tibbi sənədlər sadalanmış, müayinə edilən şəxsin zahiri görünüşü ilə bağlı məlumatlar (orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir) göstərilmişdir. Məhkəmə hesab edir ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilən tibbi göstərişlər iddiaçıya qoyulan diaqnozu özündə əhatə etdiyindən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə 57-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir. Beləliklə, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi yuxarıda qeyd edilən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğundur. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən cavabdeh inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. İnzibati orqanların inzibati praktikası həm onların özlərinin müstəqil olaraq formalaşdırdığı, həm də məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1181/2023 nömrəli qərarı). Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-816/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-816/2024
24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver