Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-817/2024 31.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.2023-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi müddətin əmək stajına daxil edilməsini və ana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyini və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə uyğun olaraq zərərli işlərdə işlədiyi üçün ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixində iddiaçıya rəsmi qaydada cavab verərək, təqdim etdiyi arayışda işlədiyi sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvarı 2007-ci il tarixli Qərarında təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahəyə vəzifəyə istinad edilmədiyi üçün iddiaçıya güzəştli iş stajı müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçı qeyd edir ki, ümumi iş stajı 13 il 8 ay (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1993-cü il tarixləri arasındakı dövrləri) təşkil edir. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu müddətdə ona əmək stajı kimi yazılmışdır. Hərbi xidmətimi başa vurduqdan sonra xx.xx.1982-ci il tarixdə yenidən "X4 Emalı" ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Zavodu) "tökücü" vəzifəsində işə başlamışdır. 1990-cı illərdən başlayaraq zavodun fəaliyyətində müəyyən problemlər yaranmış və işçilərin sayında müyyən ixtisarlar edilmişdir. İddiaçının qeyd etdiyi səbəbdən ötrü, xx.xx.1993-cü il tarixində yenidən tutduğu vəzifədən azad edilmişdir. Onun işlədiyi 15 ilə yaxın müddətin hamısı zərərli iş staji olub. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi arayışda işlədiyi sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olması barədə müvafiq qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilmədiyi üçün güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12656,23 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının mübahisəsiz qəbul edilən ümumi sığorta stajı 13 il 8 ay (25 ildən az) təşkil edir: xx.xx.1979-xx.xx.1980-ci il; xx.xx.1980-xx.xx.1982-ci il; xx.xx.1982-xx.xx.1993-cü il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajının və güzəştli iş stajını təsdiq edən arayışın olmaması və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının kifayət qədər olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mahiyyətindən də məlum olur ki, iddiaçının hüquqi marağı işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və güzəştli iş stajına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12,13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq iddiaçının pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Deməli ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin ediləcəyi tələb olunan yaş həddindədir. Belə ki, 1 iyul 2020 – 30 iyun 2021-ci il üzrə kişilər üçün pensiya yaşı 65 yaş müəyyən edilmişdir, müvafiq qanunun 9.1-ci maddəsinə əsasən yaş həddi 5 il azaldıldığından və iddiaçı buna müvafiq olaraq 60 yaşına xx.xx.2021-ci ildə çatdığından deməli həmin vaxtdan da onun pensiya hüququ yarana bilər. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletdən görünür ki o, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həmçinin, X5 Təhsil Mərkəzinin xx.xx.2022-ci il tarixli, 208 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdə 9 nömrəli texniki peşə məktəbinə “suvaqçırəngsaz” ixtisasına daxil olmuş və xx.xx.1980-ci il tarixdə məktəbi əyani təhsil almaqla bitirmişdir. Beləliklə, iddiaçının ümumi iş stajı ilə bağlı müəyyən olunur ki, onun qeyd etdiyi iş müddətləri nəzərə alınsa da qeyd olunan müddətlər ümumilikdə təqribən 16 il təşkil edəcəkdir. Beləliklə müəyyən olunur ki, iddiaçının iş stajını təsdiq edən sənədlərə (əmək kitabçası, hərbi bilet və arxiv arayışı) əsasən müəyyən olunur ki, onun ümumilikdə sosial sığorta stajı 25 ildən azdır. Həmçinin müəyyən olunur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı movcud deyildir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmır. Məhkəmə bundan əlavə qeyd edir ki, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan, onun güzəştli iş stajı olub-olmaması hissəsinin araşdırılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqanın imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-817/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-817/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver