Məhkəmə qərarları › İş №2-1(114)-819/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-819/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-819/2021 06.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X4) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəmkir rayonu, Tatarı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair X1 adına verilmiş, 19.10.2000-ci il tarixli A 244090 saylı X3 və Ölçüsü sənədinin etibarsız hesab edilməsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Şəmkir rayonu, Tatarı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair verilmiş 08.04.2017-ci il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X1 adına verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin Şəmkir Rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini və X2 Şəmkir rayonu Tatarlı kəndində 806,51 kv.m həyətyanı torpaq sahəsinin verilməsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 55 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 14.04.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1987-ci ildə hərbi xidmətdən doğma kəndlərinə qayıdaraq Şəmkir rayonu, Tatarlı kənd sovxozunda fəhlə işləmiş, sonra 1991-ci ildə həmin sovxozdan fərdi yaşayış evi tikdirmək üçün ona kənd ərazisindən 0.08 ha torpaq sahəsi ayrılmışdır. Hazırda Şəmkir rayonu, Tatarlı kəndində ümumilikdə 0.7 ha torpaq sahəsi onun istifadəsindədir. 35 ildir ki, həmin torpaq sahəsində ağaclar əkərək çəpərləmiş və becərir. Qonşuluqda yaşayan X4 onun rəsmi olaraq mülkiyyətində olan torpaq sahəsindən yol kimi istifadə edərək torpağını yararsız hala salmışdır və onun istifadəsində olan torpaq sahəsində qeyri-qanuni olaraq özünə ev tikdirmək istəyir. Onun etirazına müvafiq icra hakimiyyəti və hüquq mühafizə orqanları biganə münasibət bəslədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Şəmkir rayonu, Tatarlı kəndində 0.08 ha torpaq sahəsi 20.12.2016-cı il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən onun adına qeyd edilmişdir. X4 onun kənddə olmamağından sui-istifadə edərək ona məxsus torpaq sahəsini zəbt edərək özünə qanunsuz olaraq fərdi yaşayış evi tikdirir. X4 onun istifadəsində olan 0.7 ha torpaq sahəsinə dair qanunla müəyyən edilmiş qaydada hüquqlarını həyata keçirməyə imkan vermir, onun konstitusion hüquqlarını pozur, torpaqda iş aparmağına maneçilik törədir və ona məxsus torpaq sahəsi üzərində qanunvericiliyin tələblərinə uyğun sərəncam vermək hüququnu məhdudlaşdırmaqla bərabər ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edərək orada özbaşına tikililər tikdirir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə həmçinin Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi əlavə olaraq bildirdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 55 nömrəli qərarı ilə üçüncü şəxsə torpaq sahəsi verilsə də, həmin sahə illərdir onun istifadəsindədir. Hesab edir ki, onun 0,08 ha torpaq sahəsinə dair hüquqları qeydə alınsa da ətrafda olan və üçüncü şəxsə verilmiş torpaq sahəsinin də yerləşdiyi bütün ərazi ona verilməli idi. Odur ki, prosessual müddətin bərpasına dair ərizəsinin və X2 Şəmkir rayonu Tatarlı kəndində 806,51 kv.m həyətyanı torpaq sahəsinin verilməsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 55 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbinin təmin olunmasını xahiş edir. Üçüncü şəxs İddiaçı məhkəmə iclasında iddia tələbini qəbul etməyək bildirmişdir ki, Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ona verilmiş 08.04.2017-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli çıxarış ona Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 55 nömrəli qərarı əsasında verilmişdir. İddiaçı ilə qardaşdırlar və sonuncu ona verilmiş torpaq sahəsinin və ətrafda olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin də ona verilməli olduğunu iddia edir. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh orqana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmə qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Çünki, iddiaçı tərəfindən verilmiş iddia mübahisələndirmə iddiasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın qəbul (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı 22 il əvvəl, yəni Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 25.09.1998-ci il tarixli, 55 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 22-ci fəslinin müddəları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Bununla da, iddiaçı inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını da istisna etmir. Belə ki, İPM-nin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, iddiaçının marağı olduğu torpaq sahəsinin 1998-ci ilin sentyabr ayından üçüncü şəxsə verilməsindən məlumatı olmuş, iddia ərizəsində qeyd etdiyi kimi üçüncü şəxs qeyd edilən torpaq sahəsindən istifadə etdiyi ona məlum olmuşdur. Məhkəmə onu da qeyd edir ki, müddətin üzrlü hesab edilməsi üçün tutarlı sübutlar təqdim edilməmişdir. Halbuki, müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün isə göstərilən hallar mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamalı və iddia tələbi isə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı müddətin bərpasına dair ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X4) qarşı X2 Şəmkir rayonu Tatarlı kəndində 806,51 kv.m həyətyanı torpaq sahəsinin verilməsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 55 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar