Məhkəmə qərarları › İş №2-1(114)-82/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-82/2021

25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-82/2021 25.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.1997ci il tarixədək 130,701 və N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli əmrləri ilə hərbi xidmətdən təxris olunmuşdur. Onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-174N nömrəli arxiv arayışı və Bərdə Rayon Komissarlığı tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, ******* nömrəli hərbi bileti təsdiq edir. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 25 yanvar 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 11/3094 nömrəli iddia ərizəsinə etirazda qeyd etmişdir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. İddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli, 1/N-3947 nömrəli məktubu. - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, HP-12/697 nömrəli məktubu. - məhkəmənin sorğusu əsasında Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli 122-21275-1220 nömrəli məktubu - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020cİ il tarixli, 9/2-174N nömrəli arxiv arayışının surəti. - iddiaçıya məxsus xx.xx.1997-ci il tarixli, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti. - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/2-6665 nömrəli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X1 Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddsəinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında”Əsasnamə”sinin 1-ci maddəsinin tələblərinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 9/2 6665 nömrəli məktubda göstərilir ki, Bərdə RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 231 №-li əmrilə (əsas: səh.13, §1, sıra-9) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq sıravi hərbi rütbəsi verilməklə müvafiq vəzifəyə təyin olunmuşdur. İddiaçı döyüş bölgəsinə göndərildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 335 №~li əmrilə (əsas: səh.14, §2, sıra-53, qeyd döyüş bölgəsi hansı rayon olduğu qeyd olunmayıb) qazan təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 46 №-li əmrilə (əsas: səh.27, §1, sıra-1189) şəxsi heyətin siyahısından çıxarılaraq hərbi qeydiyyat sənədləri Bərdə RHK-a göndərilmişdir. X3 X2 hərbi xidmətə göndərilmiş 1975-ci il təvəllüdlü Bərdə RHK-dan çağırılmış sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 333 №-li əmrilə (əsas: səh.72, §11, sıra-13) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin müvafiq sərəncamına əsasən 3-cü MAT-un ştatdan kənar əsgəri sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 112 №-li əmrilə (əsas: səh.129, §1, sıra-6) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş sıravi Nəcəfov Mayis Əli oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 327 №-li əmrilə (əsas: səh.8, §1) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən 9-cu artilleriya batareyasının 1-ci atəş tağımının heyət nəfəri Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış sıravi İddiaçı N nömrəli hərbi hissə komandirnin xx.xx.1997-ci il tarixli 62 №-li əmrilə (əsas: səh.21, §2) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Bərdə RHK-na göndərilmişdir. - Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 12-21275-12220 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı məhkumluğu və axtarışda olub-olmaması barədə heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli HP12/697 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı barəsində hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə araşdırmaları zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatı, məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarına əsasən də müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının qanunla qorunan hüquqlarını pozaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, İddiaçı xidmət yerini tərk etməsi barədə arxiv arayışında qeydlər olsa da, həmin halın hüquqi nəticə verməsi göstərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddia tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinin tələblərinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə əsasən isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, İddiaçı arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu məhkəmə araşdırmaları zamanı sübuta yetirə bilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar