Məhkəmə qərarları › İş №2-1(114)-82/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-82/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-82/2022 10.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X1) qarşı torpaq sahəsinin plan və ölçüsü sənədinin yenidən işlənilərək verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X1) qarşı xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona torpaq sahəsinin plan və ölçüsü sənədinin yenidən işlənilərək verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-107/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2020-ci il tarixli 2- 1(104)69/2020 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 08 dekabr 2020-ci il tarixli, 2-1(102)- 2203/2020 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin qərarı qismən təmin edilərək, iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2-1(104) 296/2021 nömrəli qərarı ilə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-107/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1304/2021 nömrəli qərardadı ilə mütəxəssis rəyinin verilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qərardadla təyin olunmuş mütəxəssis rəyinin tərtib edilərək məhkəməyə təqdim edilməsi məqsədilə tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyinin hazırlanması təmin edildiyi, lakin rəyinin verilməsinə dair nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəyi bildirlmişdir. Xidmət haqqına dair smeta və hesab nömrəsi, smetada göstərilən məbləğin ödənilməsi barədə iddiaçının ünvanına xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, bundan başqa 05 may 2022ci il tarixli telefon vasitəsilə məlumat verilmişdir. İddiaçıya göndərilmiş, məhkəmə bildirişində və telefon vasitəsilə əlaqə saxlanılan zaman ona məhkəmə ödənişin vacibliyi, həmçinin ekspertiza xərci ödənilmədiyi təqdirdə iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı ödəniş etməkdən imtina etmiş və bunu veriləcək rəyin onun xeyrinə olub-olmaması əsaslandırmışdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına(xidmət haqqını ödıəmədiyinə) görə onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan, iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X1) qarşı torpaq sahəsinin plan və ölçüsü sənədinin yenidən işlənilərək verilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar