Məhkəmə qərarları › İş №2-1(114)-82/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-82/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-82/2023 11.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6105/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildən 1992-ci ilin avqust ayına kimi Şuşa rayon Polis Şöbəsinin tərkibində yaradılmış “Şuşa özünü müdafiyə” batalyonunun tərkibində könüllü olaraq erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 1992-ci ilin avqust ayının 28-də Ağdərə rayon Mehmanə kəndi ərazisində döyüşlər zamanı ağır yaralanmış, qardaşı X1 isə həmin döyüşdə şəhid olmuş və Prezidentin fərmanı ilə igidliyə görə medalı ilə təltif olunmuşdur. Onun İ Qarabağ döyüşlərində Şuşa rayon Polis Şöbəsinin tərkibində döyüşməyini və yaralanmağını təsdiq edən bütün sənədləri var. Həmçinin bu faktı həmin dövrdə Şuşa rayon Polis Şöbəsinin rəhbərliyində təmsil olunmuş hər kəs təsdiq edə bilər. Bunu təsdiq edə biləcək arayışları da illər öncə Şuşa rayon Polis Şöbəsi ona təqdim etmişdir. Ümumiyyətlə dediklərini təsdiq edəcək bütün sənədləri var və həmin sənədlərin surətini ərizəsinə əlavə etmişdir. Arayışda da onun şəxsi işi və hərbi bileti işğal zamanı Şuşa RPŞnin inzibati binasında qalması göstərilmişdir. Şəxsi işi işğal zonasında qaldığı üçün onun cəzalandırılmağı və sanki cəza olaraq “X2” adınının verilməsindən imtina edilməsi ədalətsizlik olardı. Ona müharibə veteranı adının verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinə müraciət etmiş, AR SHXÇ üzrə DX-nin Xocalı rayon bölməsi Azərbaycan Respublikası DİN-nə sorğu göndərmiş, lakin sorğuya cavab olaraq onun sənədlərinin DİN-in arxivində olmaması bildirilmişdir. Bundan əlavə 5 azyaşlı övladı var. Onlara baxmaqda çətinlik çəkir. Veteran adını almaq üçün müxtəlif dövlət qurumlarına, Azərbaycan Respublikası Prezidentinə, AR DİN-nə və AR SHXÇ üzrə DX-nə müraciət etmiş, hər 3 ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” AR Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş Əsasnamənin tələbinə əsasən ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsini AR SHXÇ üzrə DX verir. AR SHXÇ üzrə DX-i onun sonuncu müraciətinə cavab olaraq bildirmişdir ki, döyüşdüyünü sübut edən sənədləri notarial qaydada təsdiq etdirərək göndərmişdir. O sənədləri notarial qaydada təsdiq edərək göndərməyinə baxmayaraq yenə eyni məzmunda cavab verilmişdir. Döyüş əməliyyatlarında iştirak etməyi barədə Şuşa Rayon Hərbi Komissarlığı ona xx.xx.1999-cu il tarixdə 4/296 nömrəli arayış vermiş, lakin sonuncunun yerinə yaradılmış SHXÇ üzrə DX canı və qanı bahasına qazandığı haqqını özünə vermir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə hazırki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı adına tərtib edilmiş keçmiş Şuşa rayon hərbi komissarlığının xx.xx.1999-cu il tarixli, 4/296 nömrəli arayışı və Şuşa rayon Polis şöbəsinin xx.xx.1999-cu il tarixli, 305 nömrəli arayışının verilməsinə əsas olmuş sənədlərin hüquqi qüvvəsi müəyyən edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Şuşa və Xocalı Rayon İcra Hakimiyyətlərinin "Döyüş əmaliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzre Dövlət Xidmətinə təqdim etmişlər, lakin tərtib olunmuş siyahılarda İddiaçı adı keçmir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 012-3235-1221 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində şəxsi iş DİN-in arxivinə verilməmişdir. -surəti işə əlavə edilmiş 154 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Ağdərə bölgəsi uğrunda gedən döyüşlərdə erməni quldurlarına qarşı könüllü döyüşən zaman başından və ayaqlarından çoxsaylı qəlpə yarası, həmçinin qapalı kəllə-beyin travması almışdır. -surəti işə əlavə edilmiş xx.xx.1999-cu il tarixli, 305 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı 1990-cı ildən 1992-ci ilin avqust ayına kimi Şuşa rayon polis şöbəsinin nəzdində özünümüdafiə batalyonunun tərkibində könüllü kimi erməni işğalçılarına aparılmış döyüşlərdə fəal iştirak etmiş və 1992-ci ilin avqust ayında Ağdərə rayonunun Mehmanə kəndində gedən döyüşlərdə yaralanmışdır. Şöbənin nəzdində fəaliyyət göstərən könüllülər ləğv edilən zaman İddiaçı xəstəliklə əlaqədar könüllü olaraq azad edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1999-cu il tarixli, 4/296 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib yaralanmışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon bölməsinin xx.xx.2022-ci il tarixli, 555 nömrəli məktubundan qeyd edilmişdir ki, iddiaçının İ Qarabağ müharibəsi döyüşlərində iştirak edib-etməməsi barədə Xidmətin Xocalı rayon bölməsində heç bir məlumat yoxdur. -Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 999 nömrəli məktubu və ona əlavə edilmiş siyahıdan görünür ki, Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəliklərinin və yerli əhalinin şahidliyi əsasında tərtib edilmiş, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən təsdiq edilmiş “12 fevral 1988-ci ildən 26 fevral 1992-ci ilə qədər erməni silahlı qüvvələrinə qarşı keçirilmiş hərbi əməliyyatlarda və Xocalı şəhərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş Xocalı ərazi dəstələrinin üzvləri” nin adlı siyahısında İddiaçı adı 452 -ci sırada qeyd edilmişdir. İddiaçı Xocalı şəhərinin könüllü özünümüdafiə dəstəstələrinin tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirakı ilə bağlı Xocalı RİHB-sı Aparatında yuxarıda sözügedən siyahıdan başqa iddiaçının döyüşlərdə iştirakını sübüt edən sənədlər mövcud deyil. -Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 5/463 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı İ Qarabağ müharibəsi döyüşlərində özünümüdafiə batalyonunda iştirak edib-etməməsi barədə Şuşa Rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. -işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, H/4812 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırki iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun döyüş əməliyyatlarında iştirakı sübuta yetirilmədiyindən imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon bölməsinin xx.xx.2022-ci il tarixli, 555 nömrəli və Şuşa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 5/463 nömrəli məktublarında iddiaçının İ Qarabağ müharibəsi döyüşlərində iştirak edib-etməməsi barədə heç bir məlumatın olmaması bildirilmişdir. Həmçinin Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 999 nömrəli məktubunda da həmin məktuba əlavə edilmiş adlı siyahıdan başqa iddiaçının Xocalı şəhərinin könüllü özünümüdafiə dəstəstələrinin tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər mövcud deyil. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirakı sübuta yetirilməməsidir. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8- ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın. Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq, etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qeyd olunan maddi hüquq normalarından görünür ki, şəxsə müharibə veteranı statusu verilməsi üçün yalnız yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar deyil, siyahı ilə yanaşı döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 999 nömrəli məktubunda isə təqdim edilmiş siyahının Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəliklərinin və yerli əhalinin şahidliyi əsasında tərtib edildiyi qeyd edilmişdir. Bu fakt isə həmin siyahının mötəbərliyini öz-özlüyündə şübhə altına alır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair arxiv sənədlərinin mövcud olmaması onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1992-ci ilin 18 may tarixinədək erməni millətçi dəstələrinə qarşı Xocalı rayonu ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsini şübhə altına almışdır. Bununla yanaşı iddiaçının döyüş əməliyyatlarında iştirakı arxiv sənədləri ilə öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hər-hansı hüququnun pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvİ h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonar qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar