Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-821/2023 30.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş **********7541 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektini icarə müqaviləsi əsasında icarəyə götürərək sahibkarlıq fəaliyyəti göstərmiş və həmin obyektdə un və kəpəyin pərakəndə satışı ilə məşğul olmuş, cavabdeh tərəfindən fəaliyyəti tam məhdudlaşdırılana qədər daim kiçik sahibkarlıq fəaliyyətini davam etdirmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********2806 nömrəli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarına əsasən ona məxsus obyektdə operativ nəzarət tədbirinin nəticəsi olaraq xx.xx.2021-ci il tarixli **********7541 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarı ilə barəsində tətbiq edilmiş 49580,36 manat maliyyə sanksiyası qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün müvafiq qərarın ləğv olunması barədə tərəfindən inzibati orqana şikayətlər olunmuş, lakin xx.xx.2021-ci il tarixli **********7541 nömrəli qərar qanunsuz olmasına baxmayaraq qanuni və əsaslı olduğu bildirilərək dəyişdirilmədən saxlanılmışdır. İnzibati şikayətin təmin olunmaması barədə qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apelyasiya şurasına şikayət göndərilmiş, Apelyasiya Şurası isə öz növbəsində 45 nömrəli xx.xx.2021-ci il tarixli qərarla şikayəti təmin etməmişdir. 49580.36 manat maliyyə sanksiyasının hesablanması tamamilə qanunsuzdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı “xx.xx.2021-ci il tarixli **********7541 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Eyni zamanda, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, uçot-baza məlumatına əsasən fiziki şəxsin xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün «ümumi həkim praktikası sahəsində fəaliyyət» «ixtisaslaşdırılmış mağazalarda çörək-bulka məmulatlarının, un və qənnadı məmulatlarının pərakəndə satışı» olduğu müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli **********2806 nömrəli qərarla malların vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti keçirilmiş, Operativ vergi nəzarəti zamanı malların təqdim edilməsi ilə əlaqədar ümumi dəyəri 2947.70 manat olan 190 ədəd kassa çeki vurulmuş, lakin kassa aparatının yaddaş məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək olan dövrdə ümumi dəyəri 495803.60 manat olan 1097 ədəd kassa çeki vurulmuş, vergi ödəyicisində operativ vergi nəzarəti zamanı bir çekə düşən orta satış məbləği 2947.70/190=15.51 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə isə bir çekə düşən orta satış məbləği 4958xx.xx/1097=451.96 manat olduğu müəyyən edilmiş, bir kiloqram unun orta qiymətinin 60 qəpik olduğunu nəzərə alsaq, 451/0.60=753 kiloqram un məhsulunun fərdi istehlakçı tərəfindən son istehlak məqsədilə alınması istisna olunduğundan həmin məhsulun digər pərakəndə ticarətçi və yaxud unlu məmulat istehsalçısı olan digər vergi ödəyiciləri tərəfindən alındığını deməyə əsas verir ki, bu halda qanunvericiliyin tələblərinə əsasən satış zamanı alıcı olan vergi ödəyicilərinə elektron qaimə-faktura verilməli, beləliklə də istehsal və ya satış prosesində istifadə etmək məqsədilə malları alan vergi ödəyicilərinin öz xərclərini və dolayısı ilə də gəlirlərini gizlətmək imkanları aradan qalxmış olur. Vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək nəzarət kassa aparatında hər hansı nasazlığın olması barədə vergi orqanına müraciət edilməmişdir. İddaçının topdansatış fəaliyyəti ilə deyil, pərakəndə satış fəaliyyəti ilə məşğul olması barədə iddiası ilə bağlı bildiririlir ki, un məhsulunun son istehlakçısı tərəfindən 451.96 manat dəyərində 753 kiloqram (15 kisə) un məhsulunun son istehlak məqsədilə alınması mümkün olmadığı üçün fəaliyyətinin topdansatış kimi qiymətləndirilməsi Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin tələblərinə uyğundur. Topdansatış yaxud pərakəndə satış fəaliyyəti olmasını fərqləndirən əsas cəhət pərakəndə satış zamanı malın istehlak məqsədilə son istehlakçıya satılması, topdansatış zamanı isə malın sonradan təkrar təqdim etmək və yaxud istehsal prosesində istifadə etmək üçün digər vergi ödəyicilərinə təqdim edilməsi baş verir. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Yəni, vergi ödəyicisinin topdansatış, yaxud pərakəndə satış fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq əgər təqdim etdiyi malların dəyərini nağd qaydada alırsa, bu zaman nəzarətkassa aparatı vasitəsilə hesablaşmalar həyata keçirilir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materialların əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********2806 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Mingəçevir şəhəri, Nizami 21 ünvanda yerləşən İddiaçı məxsus mağazada xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -iş materialların əlavə edilmiş xx.xx.2020-ci il tarixli DVX 000028 seriyalı aktdan görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********2806 nömrəli qərarına əsasən İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən mağazada xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək aparılmış xronometraj müşahidə zamanı 190 ədəd NKA çeki ilə 2947.7 manat satış dövriyyəsi olmuş, bir çekə düşən məbləğ 15.51 manat etmişdir (1947.7:190=15.51). Vergi ödəyicisində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1097 ədəd NKA çeki ilə 495803.6 manat satış dövriyyəsi olmuş, bir çekə düşən məbləğ 451.96 manat olmuş, bu da malların elektron qaimə-faktura tərtib edilmədən təqdim edilməsi kimi müəyyən edilmişidir. -iş materialların əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********7541 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, cavabdeh tərəfindən İddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 49580.36 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********709100 nömrəli qərardan görünür ki, İddiaçı operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli şikayət təmin edilməmiş, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli **********7541 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. -iş materialların əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasının xx.xx.2021-ci il tarixli 45 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 15 mart 2021-ci il tarixli **********709100 nömrəli qərarından verdiyi şikayət təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********2806 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı fəaliyyəti barədə operativ vergi nəzarəti təyin edilmiş və aparılmış nəzarət tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixli DVX 000028 seriyalı akt tərtib edilmiş, həmin akt əsasında xx.xx.2021-ci il tarixli **********7541 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı qeyd olunan qərarı mübahisələndirmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********7541 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: -50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə görə operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə görə operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə-malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın:- 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1- 1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. -4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. -4.3-cü bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərini və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Hazırkı iş üzrə vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2806 nömrəli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2806 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə aparılmış əməliyyatlar (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POSterminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesabfakturası təqdim edirlər. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanının iddiaçıya məxsus mağazada quraşdırılmış NKA-ya xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumi məbləği 495803.60 manat olmaqla 1097 sayda çek vurulması hallarının onun topdansatış fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirməsi əsassız sayılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********7541 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7541 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-821/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-821/2023
30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver