Məhkəmə qərarları › İş №2-1(114)-822/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-822/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-822/2025 07.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları İddiaçı xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə “Şəkərli diabet.İnsulin tələbi.Sol ağ ciyərin infiltrativ vərəmi TÇ İİ dər” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən etibarən beş il müddətinə “Şəkərli diabet.İnsulin tələbi.Sol ağ ciyərin infiltrativ vərəmi TÇ İİ dər” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti S00169070HFİ nömrəli göndərişə əsasən “Ağciyər vərəmi,bakterioskopik təsdiq edilmiş, kultural üsulla-mühitdə artımla və ya artımsız, Sol ağ ciyərin fibroz kavernoz vərəmi, sağa səpələnmə ilə.Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu.Tənəffüs çatışmazlığı İİ dərəcə” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun üçüncü qrup əlil olması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi- ekspertizası təyin edilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli S00169070HFİ Forma 088 saylı göndərişində XBT 10 kodu ilə qeyd edilən “Al5- Ağciyər vərəmi, baterioskopik təsdiq edilmiş, kultural üsulla - artımla ya artımsız. Sol ağciyərin fıbroz-kavemoz vərəmi, sağa səpələnmə ilə. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dər. J96.1-Xroniki respirator çatmamazlıq. Qarışıq tipli əhəmiyyətli ventilyasiyaq pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə. E 10.7- İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet 2 tip insulindən asılı”. Diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədi. Vətəndaş İddiaçı sağ böyrəyi ilə əlaqədar nefrektomiya əməliyyatı keçirməmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçının göndərişi natamam doldurması əsası ilə xx.xx.2024-cü il tarixli qərarı qəbul etmişdir, lakin natamamlığın nədən ibarət olmasını sübut etmədiyindən, qeyd olunan qərar imtina qərar kimi məhkəmə tərəfindən qəbul edilir. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2024-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Məhkəmə iclası zamanı iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, iddia müddətini sağlamlığı ilə əlaqədar üzrlü səbəbdən buraxdığını bildirərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.Məhkəmənin qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı və cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsini və ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olmamasını xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Agentliyə müraciəti Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin aparılmış stasionar müalicələri yetərsizdir səbəbiylə imtina verilmişdir. Həmçinin, Xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumatlar səthi qeyd edilib. Eyni zamanda iddiaçının stasionar və ambulator müainəsivlə yanası instrumental müainələrindən aydın olur ki, sənədləri əlillik dərəcəsinin təyin edilməsi üçün yetərli hesab edilmir. Göndərişdə qeyd edilən müavinə nəticələri əsas diaqnozun ağırlaşmalarını təsdiqləmir. Çünki, mövcud əlillik təyinatı aparılması üçün tələb edilən ağırlaşmalar yəni, l-İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlasması, İİB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlasması), multirezistent və ya çoxsaylı dərmanlara davamlı (MDR) vərəm (infiltrasiya, dağılma, yayılma mərhələsi, VMB+ və ya VMB-) iddiaçıda öz əksini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Şəxsin əlilliyi qiymətləndirilərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Qaydalarına uyğun qiymətləndirilir və xəstəliyin ağırlaşmaları nəzərə alınır. . Hazırki vəziyyətdə xəstəliyin ağırlaşmalarının olub-olmamasını müəyyən etmək üçün əyani müayinənin həyata keçirilməsi zərurəti mövcuddur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsəsi barədə qərar qəbul edilməsini xahiş edilir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti Gəncə Şəhər Birləşmiş Xəstəxanasının S00169070HFİ saylı göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2024-ci il tarixli “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Halbuki, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə “Şəkərli diabet.İnsulin tələbi.Sol ağ ciyərin infiltrativ vərəmi TÇ İİ dər” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən etibarən beş il müddətinə “Şəkərli diabet.İnsulin tələbi.Sol ağ ciyərin infiltrativ vərəmi TÇ İİ dər” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, İddiaçı XBT 10 kodu A 15.0 “Ağ ciyər vərəmi” xəstəliyindən əziyyət çəkir. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-ci il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı “Ağciyər vərəmi,bakterioskopik təsdiq edilmiş, kultural üsulla-mühitdə artımla və ya artımsız, Sol ağ ciyərin fibroz kavernoz vərəmi, sağa səpələnmə ilə.Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu.Tənəffüs çatışmazlığı İİ dərəcə” diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2.–ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Göründüyü kimi, iddiaçı “sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə “diaqnozundan əziyyət çəkir. Beləliklə, cavabdehin nümayəndəsinin də təqdim etdiyi eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2–ci bəndində qeyd edilən qiymətləndirmə halının İddiaçı mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Hazırkı işdə iddiaçı “ ağ ciyər vərəmi, tənəffüs çatışmazlığı ” diaqnozundan əziyyət çəkdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2 –ci bəndinə istinad edərək, üçüncü dərəcə əlilliyin təyin edilməsini xahiş edir. İş materialları ilə iddiaçının ağ ciyər vərəmi, tənəffüs çatışmazlığı diaqnozundan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona üçüncü dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən İddiaçı xx.xx.2016-cı il tarixdən etibarən beş il müddətinə “Şəkərli diabet.İnsulin tələbi.Sol ağ ciyərin infiltrativ vərəmi TÇ İİ dər” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.1–ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə xx.xx.2024-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə üçüncü dərəcə əlillik təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 21 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar