Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-823/2021 17.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə qarşı “hərbi hissə komandirinin 23.09.2019-cu il tarixli 036əç nömrəli əmrinin ləğv edilməsi” barədə iddia tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə qarşı 15.03.2021-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək hərbi hissə komandirinin N saylı hərbi xidmət keçmə haqqında əsasnamənin 156-cı maddəsinin “E” bəndinin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma qeydinin ləğv olunmasının cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddia “dəqiqləşmə barədə” ərizə təqdim edərək N nömrəli hərbi hissə komandirinin 23.09.2019-cu il tarixli 036əç nömrəli əmrinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmənin 17.05.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ilin noyabr ayından müqavilə əsasında Müdafiə Nazirliyinin N saylı hərbi hissədə müddətdən artıq xidmət keçmə ilə əlaqədar MAXE vəzifəsində xidmət etmişdir. 2019-cu ildə xidməti müqavilə başa çatdığı üçün tutduğu vəzifədən azad olunmuşdur. Lakin azad olunduqdan sonra müqaviləni artırmaq üçün müraciət etsə də, ona N saylı hərbi hissə komandirinin 23.09.2019-cu il tarixli N saylı əmrinə əsasən hərbi xidmət keçmə haqqında əsasnamənin 156-cı maddəsinin “E” bəndinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığını bildirdilər və bu barədə hərbi biletinə qeyd edərək hərbi biletini özünə verdilər. Müqavilə əsasında xidmət etdiyi 2015-2019-cu illər müddətində heç bir nöqsanı, cəzası və barəsində başqa təqsirləndirici material olmamışdır. Fiziki cəhətdən sağlamdır. Müdafiə Nazirliyinin hər hansı hərbi hissəsində xidmət etməyə hazırdır. Bu barədə dəfələrlə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Pozulmuş hüquqlarını bərpa etmək və hərbi biletində qeyd olunmuş xidməti uyğunsuzluğun ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı inzibati aktdan şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət təqdim edərək bildirmişdir ki, hərbi biletini gec almış və pandemiya dövrü olduğu üçün Nazirlər Kabinetinin qərarına əsasən evdən çıxma mümkün olmadığından ərizə verərkən müddəti ötürmüşdür. Məhkəmə iclasında iştirak etmiş iddaçı izahatında və dəqiqləşmə barədə ərizəsində hərbi biletini 2019-cu ilin noyabr ayında təhvil aldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 165-ci maddəsinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. 166-cı maddəsinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Göründüyü kimi, qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur. Hazırkı iş üzrə iddiaçı 23.09.2019-cu il tarixli 036əç nömrəli əmrini 01 il 05 ay sonra - 15.03.2021-ci il tarixli iddia ərizəsi ilə mübahisələndirmişdir. Habelə, mübahisələndirilən əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması və ya elan olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmasa belə, iddiaçının barəsində qəbul edilmiş əmrin mövcudluğundan ən geci 2019-cu ilin noyabr ayından, yəni özünün də etiraf etdiyi kimi hərbi biletini təhvil aldığı zaman xəbərdar olduğu qənaətinə gəlmək mümkündür. Belə ki, iddiaçının hərbi biletində onun 23.09.2019-cu il tarixli əmrlə «Hərbi xidmətçəkmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı açıq və qəti şəkildə qeyd olunmuşdur. İddiaçı “şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair” vəsatətində müddətin buraxılmasını onunla izah edir ki, hərbi biletini gec almış və pandemiya dövrü olduğu üçün Nazirlər Kabinetinin qərarına əsasən evdən çıxma mümkün olmadığından ərizə verərkən müddəti ötürmüşdür. Lakin Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Belə ki, elan olunmuş karantin rejimi vətəndaşların və ya inzibati orqanların məhkəmələrə müraciət etməsinə, iddia ərizəsinin təqdim ediməsinə maneə olan hal deyildir. Karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu təmin olunmuşdur. Hazırkı iş üzrə iddiaçı da göstərilən qaydalara uyğun olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi Maddə 24.1. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.5 Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirmə haqqında iddia tələbi üzrə xüsusi mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı “şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair” vəsatəti təmin olunmasın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə qarşı “hərbi hissə komandirinin 23.09.2019-cu il tarixli 036əç nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-823/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-823/2021
17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver