Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-823/2022 12.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməyən son 3 ilin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “AZDÖVSUTƏSLAYİHƏ” də işlədiyi illərin Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı əsasında güzəştli kateqoriyaya aid edilməsini, pensiyanın yenidən hesablanaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməyən son 3 ilin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08.10.1955-ci il tarixdə Tovuz rayonu Sarıtala kəndində anadan olmuşdur. 05.10.1971-ci ildən əmək fəaliyyətinə başlamış, 29.03.1977-ci il tarixində Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X1 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “AZDÖVSUTƏSLAYİHƏ”də çöl işlərində sürücü, 11.05.1984-cü ildən sürücü-qazmaçı, 07.06.1985-ci ildən isə texnik vəzifələrində işləmişdir.08.04.2020-ci ildə yaşa görə pensiya yaşına çatmışdır. Pandemiya ilə əlaqədar rayonlara giriş-çıxış məhdudlaşdığı üçün güzəştli pensiya hüququnun bərpa olunması üçün cavabdehə ilk dəfə 04.05.2021-ci ildə müraciət etmiş, ona müvafiq sənədlərlə yenidən müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunan sənədləri əlavə edərək 07.09.2021-ci ildə yenidən müraciət etmiş, lakin cavabdeh 17.11.2021-də imtina məktubu ilə onun tələbindən imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavbadehin 17.11.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həm də Xüsusi Şərtlərlə Təyinat üzrə X3 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin Fərmanlarını və Sərəncamların, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ƏƏSMN Əsasnaməsini və DSMF-nin Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) geologiya kəşfiyyat işləri (yerüstü) bəndində (1.3) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər nəzərdə tutulmuşdur. Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına yalnız çöl şəraitində olan iş dövrləri daxil edilir. İddiaçının cavabdehə təqdim etdiyi "xxxx" ASC-nin 20.08.2021-ci il tarixli, 06 nömrəli arayışında iddiaçının 29.03.1977-02.01.1992-ci il tarixləri arasındakı dövr ərzində X1 Layihələndrilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “AZDÖVSUTƏSLAYİHƏ”-də çöl işlərində sürücü, sürücü-qazmaçı və texnik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda, nə də adıçəkilən cəmiyyətin iddiaçıya dair digər 30.09.2021-ci tarixli, 04/08 nömrəli arayışında çöl şəraitində işlədiyi müddət barədə hər hansı məlumat göstərilməmişdir. Cavabdeh 06.05.2022-ci il tarixli, **********7 nömrəli etiraz məktubunda imtina səbəblərini təkrarlayaraq bildirmişdir ki, iddiaçının tələbi qanunvericilik baxımından mümkün olmadığından təmin edilməməlidir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə araşdırmasının predmetini “AZDÖVSUTƏSLAYİHƏ”nin 27.04.2021, 03.05.2021 və 20.08.2021-ci il tarixli və 03/K, 02 və 06 nömrəli arayışları, cavabdehin 17.11.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubu, iddiaçıya məxsus 10.11.1971-ci il tarixli əmək kitabçası, cavabdehin 06.05.2022-ci il tarixli, **********7 nömrəli etiraz məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olsa da, əsassızdır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “AZDÖVSUTƏSLAYİHƏ”nin 27.04.2021-ci il tarixli, 03/K nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “AZDÖVSUTƏSLAYİHƏ”-də 29.03.1977-ci il tarixdən (əmr nömrə 78ls- 29.03.1977; əmr nömrə 292/ls-14.07.1982; əmr nömrə 209/-11.05.1984) 07.06.1985-ci il tarixinədək ağır çöl-axtarış işlərində sürücü, sürücü-qazmaçı, vəzifələrində, 07.06.1985-ci il tarixdən (əmr nömrə 147/ls- 06.06.1985) 02.01.1992-ci il tarixinədək texnik vəzifəsində işləmişdir. 02.01.1992-ci il tarixdən Azərbaycan Respublikası ƏPQ-nin 38-ci maddəsinin 1-ci bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “AZDÖVSUTƏSLAYİHƏ”nin 20.08.2021-ci il tarixli, 06 nömrəli Arayışında qeyd olunmuşdur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən texnik vəzifədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su Təsəsrrüfatı obyektlərinin layihələndirilməsi üzrə “AZDÖVSUTƏSLAYİHƏ” İnstitutunda 29.03.1977-ci il tarixdən (əmr nömrə 78/ls- 29.03.1977; əmr nömrə 292/ls-14.07.1982; əmr nömrə 209/ls- 11.05.1984; əmr nömrə 147/ls- 06.06.1985) ağır çöl-axtarış işlərində sürücü, sürücüqazmaçı, texnik vəzifələrində 02.01.1992-ci il tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 14 il 09 ay 03 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri – ağır çöl- axtarış işləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndində 1.1.1-ci yarımbəndinə və ç vəzifə kodunda müəyyən edilmiş sahəsinin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su Təsəsrrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “AZDÖVSUTƏSLAYİHƏ”nin cavabdehə ünvanladığı 30.09.2021-ci il tarixli, 04/18 nömrəli məktubunda sadalanan arayışlardaki məzmundan əlavə olara qeyd olunmuşdur ki, Ezamiyyə haqqında əmrlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X4 Salan Mərkəz tərəfindən 1996-cı il daxil olmaqla silinmiş və məhv edilmişdir. Cavabdeh həm 17.11.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubunda, həm də 06.05.2022-ci il tarixli, **********7 nömrəli etiraz məktubunda iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinaya əsas səbəb kimi iddiaçının işlədiyi peşənin iş stajına yalnız çöl şəraitində olan iş dövrləri daxil edildiyini, lakin iddiaçının cavabdehə təqdim etdiyi arayışda çöl şəraitində işlədiyi müddət barədə hər hansı məlumat göstərilmədiyini qeyd etmişdir. Tətbiq edilən maddi hüquq: “Əmək Pensiyaları haqqında“ Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İş materialları ilə iddiaçının pensiya yaşına çatması və 1977-1992-ci illərdə iş stajının olduğu təsdiq olunsa da, cavabdehin etirazının əsas dəlili - iddiaçının cavabdehə təqdim etdiyi arayışda çöl şəraitində işlədiyi müddət barədə hər hansı məlumat göstərilmədiyi öz təsdiqini tapmışdır. Belə olan halda, Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmasından imtinasını qanuni və əsaslı hesab edir. Beləliklə, sadalananlara görə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən son 3 ilin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-823/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-823/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver