Məhkəmə qərarları › İş №2-1(114)-824/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-824/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-824/2021 31.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional Ərazi filialına qarşı işlədiyi və həqiqi hərbi xidmətdə olduğu illərin sosial sığorta (iş) stajına daxil daxil edilməklə ona 24.11.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional Ərazi filialının (bundan sonra mətndə cavabdeh) üzərinə iddiaçının Azərbaycan Dəmir Yollar Qapalı Səhmdar Cəmiyyətinin X5 şöbəsində 07.07.1971-ci il tarixdən 11.11.1974-cü il tarixədək, 22.12.1976-cı il tarixdən 31.12.2000-ci il tarixədək işlədiyi və 12.11.1974-cü il tarixdən 24.11.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olduğu illərin ona əmək pensiyası hüququ verən sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Dəmir Yolunun X5 Şöbəsində aşağıda qeyd etdiyi tarixlərdə sürücü işləmişdir: 07.07.1971-ci ildə 1-ci dərəcəli rəngsaz tikinti qrupuna 13.07.1971-ci il tarixli əmrlə daxil edilmiş, 12.11.1974-24.11.1976cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 22.12.1976-cı ildə tikinti qrupuna 21.12.1976-cı il tarixli əmrlə rəngsaz qəbul edilmişdir. 04.05.1985-ci ildə 30.04.1985-ci il tarixli əmrlə tikinti qrupunun maşın sürücüsü vəzifəsinə keçirilmişdir. 31.12.2000-ci il tarixdə 30.12.2000-ci il tarixli əmrlə Azərbaycan Respublikasının ƏQM-nin 36 maddəsinin l bəndinə əsasən işdən azad edilmişdir. Bundan sonra isə Azərbaycan Dəmir Yolunun X5 Şöbəsi ləğv olunmuş, əmək kitabçası isə itmişdir. Onun həqiqətən qeyd etdiyi illərdə işlədiyini təsdiq edən arxiv arayışı olsa da, əmək kitabçası olmadığı üçün DSMF-nin 18 saylı Regional ərazi filialı ona həmin illər üçün pensiya verməkdən imtina edir. 19.04.2021-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə «iddianın həcminin artırılmasına dair» ərizə təqdim edərək, iddia həcminin artırılaraq yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Bundan sonra, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil 31.08.2021ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək, iddiaçının Azərbaycan Dəmir Yollar Qapalı Səhmdar Cəmiyyətinin X5 şöbəsində 07.07.1971-ci il tarixdən 11.11.1974-cü il tarixədək, 22.12.1976-cı il tarixdən 31.01.1997-ci il tarixədək işlədiyi və 12.11.1974-cü il tarixdən 24.11.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olduğu illərin ona yaşa görə əmək pensiyası hüququ verən sosial sığorta (iş) stajına daxil edilməklə, 24.11.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə 15.04.2021-ci il tarixdə etiraz, 07.05.2021-ci il tarixdə isə etiraza əlavə ünvanlayaraq bildirmişdir ki, İddiaçı 24.11.2020-ci il tarixində pensiya hüququ yaranmış, 19 fevral 2021-ci il tarixində Fondun 18 saylı regional ərazi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Resplikası Qanunun 3.2-ci maddəsinə əsasən iddiaçının əmək kitabçası təqdim etməməsinə əsaslanaraq imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçı əmək kitabçasını təqdim etmədiyi üçün 07.07.1971-ci il tarixdən 31.12.2000-ci il tarixədək Azərbaycan Dəmir Yolunun X6 Şöbəsində işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. İddiaçı təqdim etdiyi "xxxx" QSC Yükdaşımaları Departamenti Qərb istiqaməti üzrə arxiv bölməsinin 19.02.2021-ci il tarixli arxiv arayışı vətəndaşın işlədiyini iddia etdiyi illərin sosial sığorta stajına daxil edilməsi üçün mötəbər sübut kimi hesab olunmadığı üçün həmin illər sosial sığorta stajı kimi hesablana bilməz. Həmçinin, 18 saylı regional ərazi filialı ilə “X4” QSC-nin Qərb istiqaməti üzrə arxiv bölməsinin tərtib etdiyi 05 mart 2021-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən, işdən çıxma əmri yazılmış vərəqdə çap maşını ilə 2001-ci il yazıldığı halda, qələmlə 2000-ci il kimi düzəliş edilmişdir. Bundan əlavə, əməkhaqqı cədvəllərində iddiaçının 1997-ci ilin yanvar ayına qədər əməkhaqqı aldığı məlum olmuşdur. Əlavə olaraq "xxxx" QSC-nin 04.05.2021-ci il tarixli 58772 nömrəli arxiv arayışında İddiaçı yalnız 1993-1997-ci illər arasında əməkhaqqı aldığı göstərilmişdir. Digər illərə dair qeydlər mövcud deyildir. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə cavabdehin etirazının və etiraza əlavənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının 05.03.2021-ci il tarixli **********7 nömrəli əmək pensiyası barədə bildirişi, "xxxx" QSC Yükdaşımaları Departamenti Qərb İstiqaməti üzrə arxiv bölməsinin 19.02.2021-ci il tarixli 7/1 nömrəli arxiv arayışı, iddiaçıya məxsus NZ ******* nömrəli hərbi bilet, 18 saylı regional ərazi filialı ilə “X4” QSC-nin Qərb istiqaməti üzrə arxiv bölməsinin tərtib etdiyi 05 mart 2021-ci il tarixli qarşılıqlı yoxlama aktı, "xxxx" QSC-nin 04.05.2021-ci il tarixli 58772 nömrəli məktubuna əlavə edilmiş arxiv arayışları, "xxxx" QSC-nin 11.06.2021-ci il tarixli 72824 nömrəli məktubuna əlavə edilmiş arxiv arayışları, "xxxx" QSC Yükdaşımaları Departamenti Qərb İstiqaməti üzrə arxiv bölməsinin 27.05.2021-ci il tarixli 361/1 nömrəli və 18.08.2021-ci il tarixli 58/14, 58/15, 58/16 nömrəli arxiv arayışı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01.01.1993-cü ildən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan "xxxx" QSC Yükdaşımaları Departamenti Qərb İstiqaməti üzrə arxiv bölməsinin arxiv arayışlarında (19.02.2021-ci il tarixli 7/1 nömrəli, 27.05.2021-ci il tarixli 361/1 nömrəli və 18.08.2021-ci il tarixli 58/14, 58/15, 58/16 nömrəli arxiv arayışları) və "xxxx" QSC-nin 04.05.2021-ci il tarixli 58772 nömrəli və 11.06.2021-ci il tarixli 72824 nömrəli məktublarına əlavə edilmiş arxiv arayışlarında iddiaçının Azərbaycan Dəmir Yollar Qapalı Səhmdar Cəmiyyətinin X5 şöbəsində 07.07.1971-ci il tarixdən 11.11.1974-cü il tarixədək və 22.12.1976-cı il tarixdən 31.01.1997-ci il tarixədək sürücü işləyərək qazandığı əmək haqqı qeyd olunmuşdur. Cavabdeh ilə “X4” QSC-nin Qərb istiqaməti üzrə arxiv bölməsinin tərtib etdiyi 05 mart 2021-ci il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, vətəndaş İddiaçı adına verilmiş arxiv arayışı yerində yoxlanılmış, yoxlama zamanı arayışda göstərilən işə girmə və çıxma tarixləri və əmrlərin düzgünlüyü təsdiq olunmuş, yalnız işdən çıxma əmri yazılmış vərəqdə çap maşını ilə 2001-ci il yazıldığı halda, qələmlə 2000-ci il kimi düzəliş edilmişdir. Əmək haqqı cədvəllərində iddiaçının 1997-ci ilin yanvar ayına qədər əmək haqqı aldığı məlum olmuşdur. Cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında sözügedən arayışda qeyd olunan illərə dair iş stajı barədə əmək kitabçası olmaması ilə bağlı həmin illəri nəzərə ala bilmədiklərini bildirmişdir. Bu fakt cavabdehin 15.04.2021-ci ili tarixli **********2 nömrəli etiraz məktubunda da öz təsdiqini tapmışdır. Məhkəmə gəldiyi nəticənin daha aydın olması üçün göstərir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasnı təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarının əvəzsiz ləğv edə bilməz. Yuxarıda şərh olunan maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, arxiv arayışında göstərilən illərin İddiaçı sosial sığorta stajına daxil edilməsi əsaslıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası) inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumararın tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qeyd olunan maddənin tələbinə görə tələb olunan minimum staj 25 il olmalıdır ki, hazırki işdə iddiaçının stajı 25 il 5 ay 25 gün (07.07.1971-11.11.1974-cü ilə qədər 3 il 4 ay 4 gün; 22.12.1976-31.01.1997-ci ilə qədər 20 il 1 ay 9 gün; hərbi xidmətdə olduğu 12.11.1974-24.11.1976-cı ilə qədər 2 il 12 gün) təşkil edir. Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional Ərazi filialının üzərinə İddiaçı Azərbaycan Dəmir Yollar Qapalı Səhmdar Cəmiyyətinin X5 şöbəsində 07.07.1971-ci il tarixdən 11.11.1974-cü il tarixədək, 22.12.1976-cı il tarixdən 31.01.1997-ci il tarixədək işlədiyi və 12.11.1974-cü il tarixdən 24.11.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar