Məhkəmə qərarları › İş №2-1(114)-825/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-825/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-825/2025 12.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxsin ailə üzvü üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilərək sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1956-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır.

2. Maraqlı şəxs ilə X9 nikahlarını xx.xx.1986-cı il tarixdə bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd aparılmış, nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir.

3. 03.07.2002-ci il tarixdə Goranboy Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Goranboy rayonun Dəliməmmədli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə (xəritə nömrəsi 1076 olan) Maraqlı şəxs adı qeyd olunmuşdur.

4. X19, Monitorinqi və İnformasiya Mərkəzinin mütəxəssisi tərəfindən xx.xx.2005-ci il tarixdə tərtib edilmiş cədvəlin akt nömrəsi 1076 olan hissəsində Maraqlı şəxs faktiki torpaq sahəsinin və bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,2555 ha göstərilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, 581 nömrəli qərarı ilə Maraqlı şəxs qoyulmuş “Başın cırılmış qəlpə yarası” diaqnozu “hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi təsdiq edilmişdir.

6. xx.xx.1952-ci il təvəllüdlü Maraqlı şəxs ilk dəfə xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

7. Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə Goranboy rayonun Dəliməmmədli kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydlərində xx.xx.2017-ci il tarixdə 21 nömrəli qeyd aparılmışdır.

8. İddiaçının hazırda ailə tərkibi bu kimidir: oğlu xx.xx.1996-cı il təvəllüdlü X1, qızı xx.xx.1987-ci il təvəllüdlü X3, nəvəsi xx.xx.2013-cü il təvəllüdlü X6, nəvəsi xx.xx.2016cı il təvəllüdlü X10.

9. İddiaçı imtiyazlı şəxs kimi mənzil növbəliliyinə qeydiyyata alınmaq üçün Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət etmiş, müraciətə cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli, 5-45/2-A-45-068/2024 nömrəli məktubda bildirilmişdir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hazırda rayon İcra Hakimiyyəti tərəfindən imtiyazlı şəxslərin (Şəhid ailəsi, Müharibə əlili və digər səbəbdən əlilliyi müəyyən edilmiş şəxslər) mənzil növbəliliyi qeydiyyatı aparılır. İmtiyazlı mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilir ve ciddi növbəlilik əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və konstitusiya quruluşu ilə əlaqədar əlilliyi müəyyən edimiş şəxslərə və Şəhid ailələrinə paylanılılır. İddiaçının qeyd olunan imtiyazları olmadığı üçün imtiyazlı mənzil növbəliliyine qeydiyyata alınması mümükün olmamışdır. Eyni zamanda, hazırda rayon İcra Hakimiyyətinin balansında asudə mənzil və ya fərdi yaşayış evi olmadığı üçün köməklik göstərilməsi mümkürı olmamışdır

10. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş cavabdehin xx.xx.2024-cü il tarixli, 5-45/2-286/4/2024 nömrəli məktubuna əsasən cavabdeh tərəfindən qeydiyyatı aparılan imtiyazlı mənzil növbəliliyi ilə əlaqədar tərtib edilmiş adlı siyahıda iddiaçının mərhum həyat yoldaşı barədə məlumat aşkarlanmamışdır.

11. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Goranboy rayonu Dəliməmmədli bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 03 nömrəli məktubuna əsasən halhazırda mərhum Maraqlı şəxs istifadəsində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nəzdində kadastr mərkəzinin həyətyanı torpaq sahəsi adlı siyahısında 1076-cı sırada 0,2555 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir.

12. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş cavabdehin xx.xx.2025-ci il tarixli, 5-45/2-289/2025 nömrəli məktubuna əsasən iddiaçının mərhum həyat yoldaşı xx.xx.1952-ci il təvəllüdlü Maraqlı şəxs Cavabdeh tərəfindən imtiyazlı şəxs qismində mənzil növbəsinə qeydiyyata alınmamış və yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsinin verilib-verilməməsi barədə məlumat müəyyənləşdirilməmişdir.

13. Məhkəmə sorğusuna cavab olaraq Cavabdeh başçısının Dəliməmmədli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 178 nömrəli arayışında qeyd olunur ki, iddiaçının yaşadığı ünvandakı yaşayış evinin və 0,005 ha torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edəcək heç bir sənəd yoxdur.

14. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 46/2-2140/2025 nömrəli məktubuna əsasən ünvan 2 ünvan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı cavabdehə qarşı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxsin ailə üzvü üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilərək sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı Maraqlı şəxs l Qarabağ müharibəsində iştirak etmiş, ağır yaralanmışdır, ona 2-ci dərəcə müharibə əlilliyi təyin edilmişdir, uzun sürən xəstəlikdən 2017-ci ildə rəhmətə getmişdir. Hal-hazırda mənzil şəraiti çox pis vəziyyətdədir, yaşadığı mənzil də qəzalıdır, daimi su buraxır, bir sözlə bu mənzildə yaşamaq mümkün deyil. Bu səbəbdən iddiaçı, övladları və nəvələri əziyyət çəkir. Qeyd edir ki, mərhum həyat yoldaşı Maraqlı şəxs Qarabağ müharibəsi əlilli olduğuna görə onun imtiyazlı şəxs olması nəzərə alınaraq ailənin yaşaması üçün mənzillə təmin edilməsinə ehtiyac vardır. Cavabdeh dəfələrlə edilən müraciətimə cavab verməmişdir. Hesab edirəm ki, Cavabdeh mən müharibə əlilli ailəsinə qarşı hərəkətsizliyi qanunsuz və tam əsassızdır, belə ki, mənim mərhum həyat yoldaşım Maraqlı şəxs 1-ci Qarabağ müharibəsində iştirak etmiş, ağır yaralanmışdır, ona 2-ci dərəcə müharibə əlilliyi təyin edilmişdir, uzun sürən xəstəlikdən 2017-ci ildə rəhmətə getmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4337/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7546/2022 nömrəli xx.xx.2022-ci il tarixli və Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3616/2018 nömrəli xx.xx.2018-ci il tarixli analoji qərarlarına müvafiq olaraq iddia tələbi haqlıdır və təmin olunması qanuna uyğundur. Nəzərə çatdırır ki, Bakı şəhər, Yasamal rayon İcra Hakimiyyəti Başçısının bir çox müharibə əlilləri X18 (mənzillə təmin edilib), X7, X8 (mənzillə təmin edilib), X11, X12, X14 və sairlərinin 5 il müddət istinad edilmədən olan Sərəncamları vardır. Hal-hazırda qeydiyyatı Cavabdeh Başçısının Sərəncamı ilə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsinə ehtiyacı vardır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Göründüyü kimi subyektiv hüququn mövcudluğu inzibati məhkəmə icraatında iddianın mümkünlük şərtidir. Həmin şərtin pozulması isə iddiaya mahiyyəti üzrə qiymət verilməsinə imkan vermir. Hazırkı iş üzrə də məhz həmin mümkünlük şərtinin pozulması iddianın mahiyyəti üzrə baxılmasına imkan vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması” Qaydalarının 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir. 2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. 2.5. Bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. Sadalanan normaların tələblərindən müəyyən olunur ki, qanunvericilik yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxsin vəfat etdiyi halda həmin uçotun onun ailə üzvlərindən birinin adına keçirilməsini mümkün sayır. Məhkəmə qeyd edir ki, mərhum müharibə əlili Maraqlı şəxs mənzil növbəliyinə götürülmə barədə ərizə ilə cavabdehə müraciət edib, lakin müraciətinə mahiyyəti üzrə cavab verilmədən vəfat etmiş olsa idi, iddiaçının vəfat etmiş əlilin ailə üzvü olaraq mərhumun mənzil növbəliyinə götürülməsi və eyni zamanda onun mənzil növbəliliyinin özünün adına keçirilməsini tələb etməyə subyektiv hüququ olardı. Lakin, məhkəmə araşdırması zamanı iddiaçının vəfat etmiş mərhum əri - müharibə əlili Maraqlı şəxs vəfat etməzdən öncə imtiyazlı şəxs kimi mənzil növbəliliyinə qeydiyyata alınması, mənzil növbəliyinə götürülmə barədə ərizə ilə cavabdehə müraciət etməsi müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxsin ailə üzvü üçün nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilərək sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar