Məhkəmə qərarları › İş №2-1(114)-826/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-826/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-826/2021 22.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı aylıq kirayə haqqının ödənilməsinə dair məlumatın göndərilməsi öhdəliyinin qoyulması və ödənilməmiş kirayə haqqının hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi 704 saylı Hərbi hissə komandirinin 23.12.2014-cü il tarixli, 386 №-li əmrindən çıxarışda qeyd olunur ki, mayor İddiaçı, 7043cü motoatıcı tabor komandirinin müavini, Azərbaycan Respublikası Müdafiə Nazirinin 12 avqust 2014-cü il tarixli, 0594 saylı əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 23 dekabr 2014-cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün RSHXÇ üzrə Kəlbəcər rayon şöbəsinə göndərilsin. Mayor İddiaçı 2014-cü il yanvar-noyabr aylarındakı xidmətinə görə Müdafiə Nazirinin 05 iyun 2002-ci il tarixli 220 saylı əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Mayor İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilsin. 2014-cü il üçün nəzərdə tutulmuş maddi yardım verilib. 2014-cü ilin növbəti məzuniyyətindən tam istifadə edib. Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyətinin 01.03.2021-ci il tarixli 482 nömrəli məktubu ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin tərəfindən rayon icra hakimiyyətinə daxil olmuş 09 iyun 2020-ci il tarixli 458 və 13 avqust 2020-ci il tarixli 613 nömrəli məktublara əsasən aidiyyəti üzrə köməkdarlığın göstərilməsinin mümkün olmadığı qeyd edilərək müraciətdən imtina edilmişdir. İmtina ilə razılaşmayan İddiaçı cavabdehlər Kəlbəcər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müvəqqəti mənzil kirayəsi xərclərinin, yəni müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay nağdsız qaydada kompensasiya ödənilməsinin təmin edilməsində qanunvericiliyin cavabdeh orqanlar üzərinə qoyduğu öhdəliklərinin yerinə yetirilməsi vəzifəsinin cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidməti Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Bölməsi və Kəlbəcər Rayon İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulması, ona müvəqqəti mənzil kirayəsi xərclərinin, yəni müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay nağdsız qaydada kompensasiya ödənilməsi məqsədilə onun və ailə üzləri haqqında məlumatların Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Bölməsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməsinin Kəlbəcər Rayon İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulması, həmçinin həmin məlumatların Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Bölməsi tərəfindən Kəlbəcər Rayon İcra Hakimiyyətinə təqdim edilməsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Bölməsinin üzərinə vəzifə olaraq qoyulması, eləcə də əvvəlki dövrlər ərzində, yəni 2020-ci ilin fevral ayından 2021-ci ilin mart ayına qədər 13 aylıq dövr ərzində ödənilməmiş müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın hesablanaraq ödənilməsinin təmin edilməsinin hər iki cavabdeh orqanın üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək məhkəmədən cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyətinin üzərinə ona və ailə üzvlərinə yaşayış sahəsinin kirayəsi üçün aylıq kirayə haqqının ödənilməsinə dair məlumatın Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi öhdəliyinin qoyulması barədə, eləcə də əvvəlki dövrlər ərzində, yəni 2020-ci ilin fevral ayından 2021ci ilin mart ayına qədər 13 aylıq dövr ərzində ödənilməmiş müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.08.1993-cü ildən 07.06.1995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Daha sonra 07.06.1995-ci il tarixdən 12.08.2014-cü il tarixədək, eləcə də 30.10.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. Ehtiyata buraxıldıqdan sonra bir müddət qanuna müvafiq olaraq ona müvəqqəti mənzil kirayəsi xərci hər ay müntəzəm olaraq ödənilmişdir. Lakin son 13 ay ona mənzil kirayəsi xərcinin ödənilməsi dayandırılmışdır. Buna səbəb isə həmin mənzil kirayəsi xərclərinin ödənilməsi barədə razılaşdırılmış sənədlərin Kəlbəcər rayon İcra hakimiyyəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon Bölməsi tərəfindən Maliyyə Nazirliyinə göndərilməməsi olmuşdur. Belə ki, əvvəl Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidməti Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon Bölməsi tərəfindən Kəlbəcər rayon İcra Hakimiyyətindən onun barəsində tələb olunan məlumatlar barədə arayışlar təqdim olunur və həmin məlumatlar Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən Maliyyə Nazirliyinə təqdim edilir və nəticədə o, həmin mənzil kirayəsi xərcini alırmış. İndi isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon Bölməsi onun barəsində tələb olunan məlumatları Kəlbəcər rayon İcra Hakimiyyətinə təqdim etməkdən imtina edir və imtinasını belə əsaslandırır ki, “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydalarının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 saylı qərarı ona şamil edilmir. İddiaçı hesab edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon Bölməsinin bu barədə mövqeyi qanuna ziddir və onun hüquqlarını pozur. Belə ki, “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydalarının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 saylı Qərarının 1-ci hissəsində qeyd edilir ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər yalnız nağdsız qaydada kompensasiya ödənilir. Göründüyü kimi, qeyd edilən qərara əsasən yaşayış sahəsinin kirayəsi üçün ona hər ay kompensasiya ödənilməlidir və həmin qərarın müddəaları ona şamil olunur. Lakin cavabdeh orqanlar bununla bağlı qanunun onların üzərinə qoymuş olduğu vəzifələrin yerinə yetirilməsindən əsassız olaraq imtina edirlər. Bu barədə hər iki cavabdeh orqana müraciət etsə də 09.06.2020-ci il tarixli və 01.03.2021-ci il tarixli məktublarla ona imtina cavabı verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, Kəlbəcər rayon sakini, məcburi köçkün İddiaçı yaşayış sahəsinə ehtiyacı olan ailə kimi Kəlbəcər RİH-də mənzil uçotuna alınmamışdır. Belə ki, rayonunun ərazisi işğal altında olduğu üçün və tikinti quruculuq işlərinin aparılmaması, həmçinin RİH-nin balansında boş mənzil fondunun olmaması səbəbindən yaşayış sahəsinə ehtiyacı olan imtiyazlı ailələrin uçota alınması müvəqqəti olaraq məcburi köçkün rayon İcra hakimiyyətlərində aparılmır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı Qərarının 1-ci hissəsini əsas gətirərək müraciət etmiş vətəndaşların bu kateqoriyaya aid olmadığını bildirmişdir. Həmin qərarın 3.1-ci hissəsinin “bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavəsitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər” tələblərinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin imtina məktubuna əsasən aidiyyəti üzrə köməkdarlıq göstərilməsi mümkün olmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin etibarnamə üzrə nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydalarının müəyyən edilməsi barədə” 06.08.2012-ci il tarixli 174 saylı qərarı İddiaçı şamil edilmir. Ona görə də, iddia tələbi əsassızdır. Cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə hazırkı şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı mayor İddiaçı 12.08.1993-07.06.1995, 07.06.1995-12.08.2014, 30.10.2020-31.12.2020-ci illərdə xidmət etdiyini qeyd edərək “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı Qərarına əsasən kirayə haqqı ödənilməsinə dair ilkin olaraq inzibati orqana daha sonra isə məhkəməyə müraciət etmişdir. İnzibati orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etməsini onunla əsaslandırmışdır ki, “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı Qərarının 1-ci hissəsinə əsasən iddiaçı zabit heyətinə aid olduğundan və yalnız yaşa, xəstəliyə və ailə vəziyyətinə görə ehtiyata buraxılan zabitlərin güzəşt və imtiyazdan istifadə hüququ vardır. İddiaçı isə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə(öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə ona adı çəkilən Nəzirlər Kabinetinin qərarının müddəalarının tətbiqi mümkün deyildir. Məhkəmə inzibati orqanın imtina dəlilləri ilə razılaşır və gəldiyi hüquqi nəticəni aşağıda qeyd olunan normalarla əsaslandırır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. - 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı Qərarının 1. bədinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Göründüyü kimi vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Ehtiyata və istefaya buraxılmanın əsasları isə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə ilə konkret qaydada və hər bir əsas üzrə ayrılıqda hüquqi nəticələr müəyyən edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12 maddəsində ehtiyata buraxılan hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ və bu hüquqların həyata keçirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı Qərarı ilə təsdiqlənmiş "Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarının 1. bədinin müddəalarından görünür ki, yalnız üç halda birincisi yaşa, xəstəliyə, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara; ikincisi 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, üçüncüsü isə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı mayor rütbəsi olmaqla zabitdir və zabitlərin adıçəkilən kompensasiyanın alması üçün yaşa, xəstəliyə, ailə vəziyyətinə görə və ya ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılması tələb olunur. Lakin iddiaçı qeyd edilən əsaslarla deyil məhz «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə(öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə məhkəmə hesab edir ki, inzibati orqanın imtina dəlilləri əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyəti (üçüncü şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı aylıq kirayə haqqının ödənilməsinə dair məlumatın göndərilməsi öhdəliyinin qoyulmasına və ödənilməmiş kirayə haqqının hesablanaraq ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar