Məhkəmə qərarları › İş №2-1(114)-827/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-827/2021

12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-827/2021 12.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Çilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Samux Rayon İcra Hakimiyyətinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 01 saylı Tikinti Obyektinin İstismarına İcazədə göstərilən əmlaklar üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Samux rayonu, Sərkar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 43.7592 ha torpaq sahəsi və həmin torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış mövcuddur. Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 02 saylı sərəncamına əsasən qeyd olunan torpaq sahəsi üzərində əmlak tikintisinə icazə verilmiş və sərəncama uyğun olaraq həmin torpaq sahəsində müvafiq tikililər inşa olunmuşdur. Tikinti işləri Samux Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi layihəyə uyğun həyata keçirilmişdir. Tikinti işləri bitdikdən sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən istismara Ö/004238 nömrəli hazırlıq aktı təqdim edilmişdir və həmin akta əsasən tikililər bütün tələblər nəzərə alınmaqla həyata keçirilmişdir. Bununla yanaşı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq icazələr (şəhadətnamələr) təqdim edilmişdir. Bütün bu sənədlər əsasında aidiyyəti üzrə Samux Rayon İcra Hakimiyyətinə müraciət edilmiş və İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə tikinti obyektinin istismarına icazə verilmişdir. İddiaçı həmin əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, əmlak kompleksinə daxil olan qonaq evi işçilərin fasilə zamanı və axşamlar istirahət etməsi üçün nəzərdə tutulmuşdur, həmçinin bütün bina və qurğular yüngül konstruksiyalı materiallardan ibarətdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının müraciəti üzrə aparılan araşdırma zamanı tikililərin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşdiyi, həmçinin beton, asfalt özüllü olduğu müəyyən edilmişdir. Qeyd olunan tikililərin özülünün və divarlarının qismən beton materialdan inşa edilməsi qanunvericiliyin tələblərinə ziddir, bu səbəbdən də iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən 43.7592 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “xxxx” MMC-nin adına qeydiyyata alınmışdır. -xx.xx.2020-ci il tarixli Tikinti obyektinin istismarına dair 01 nömrəli İcazə sənədinin surətindən görünür ki, “xxxx” MMC-yə məxsus olan və Samux rayonu, Sərkar kəndi ərazisində (Samux-Yenikənd-Poylu-Kəsəmən a/y-nun sol tərəfi) yerləşən intensiv damlama üsulu ilə becərilməsi nəzərdə tutulan meyvə bağı salınmasına və orada yüngül konstruksiyadan ibarət anbar, qonaq evi, iritutumlu avto/dayanacaq, nasosxana və anbar, avtomobillər üçün dayanacaq və xidməti binaların xx.xx.20121-ci il tarixdən etibarən istismarına icazə verilmişdir. -xx.xx.2020-ci il tarixli 02 nömrəli Samux Rayon İcra Hakimiyyəti başçısının sərəncamından çıxarışın surətindən görünür ki, “xxxx” MMC-yə məxsus olan və Samux rayonu, Sərkar kəndi ərazisində (Samux-Yenikənd-Poylu-Kəsəmən a/y-nun sol tərəfi) yerləşən 43.7592 ha torpaq sahəsində A-441114 nömrəli, xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən cizgi planı daxilində intensiv damlama üsulu ilə becərilməsi nəzərdə tutulan meyvə bağı salınmasına və orada yüngül konstruksiyadan ibarət anbar, mühafizə, ofis, nəzarət buraxılış məntəqəsi və nasosxana binalarının tikinti-quraşdırma işlərinin aparılmasına icazə verilmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********54 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Beləki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Samux rayonu, Sərkar kəndi ərazisində yerləşən 43.7592 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “xxxx” MMC-nin adına qeydiyyata alınmış və Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 02 nömrəli sərəncamı ilə həmin torpaq sahəsində təqdim olunmuş layihə əsasında intensiv damlama üsulu ilə becərilməsi nəzərdə tutulan meyvə bağı salınmasına və orada yüngül konstruksiyadan ibarət anbar, ofis, nəzarət buraxılış məntəqəsi və nasosxana binalarının tikinti-quraşdırma işlərinin aparılmasına icazə verilmişdir. İddiaçı həmin torpaq sahəsində qeyri-yaşayış binaları (anbar binası, qonaq ev, iritutumlu avtodayanacaq, nasosxana və anbar, xidməti bina, avtomobil dayanacağı) inşa etmişdir və hazırki tələblə həmin əmlak üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmişdir. Cavabdeh orqan isə qeyri-yaşayış binasının kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edildiyini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əsaslı tikinti işlərinin aparılmasının qanunvericiliyin tələblərinə zidd olduğunu əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd edilməlidir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən şəxs ona məxsus torpaq sahəsində müvafiq binalar və qurğular ucalda bilər və həmin tikililər üzərində mülkiyyət hüququnun tanınması üçün müəyyən olunmuş yeganə şərt tikililərin yerləşdiyi torpaq sahəsinin həmin şəxsin mülkiyyətində olmasıdır. Qeyd olunan hal isə iş materiallarına əlavə olunmuş müvafiq çıxarışla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- -13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. -58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. -80-ci maddəsinə əsasən torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək torpaq mülkiyyətçilərinin hüquqlarıdır. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, tikintisi başa çatmış intensiv damlama üsulu ilə becərilməsi nəzərdə tutulan meyvə bağının şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq inşa edilmiş müvafiq tikililərin istismarına icazə verilmişdir. Göründüyü kimi iddiaçı ona məxsus torpaq sahəsində qeyri-yaşayış binalarını qanunvericiliyinin tələblərinə uyğun inşa etmişdir və müvafiq olaraq həmin tikililərdən təyinatı üzrə istifadə edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, iddiaçı tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş tikinti obyektləri- anbar binası (169.0 m2), qonaq evi (202.4 m2), iritutumlu avtodayanacaq (121.7 m2), nasosxana və anbar (289.9 m2), xidməti bina (99.4 m2), avtomobil dayanacağı (84.5 m2) üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. “xxxx” MMC-yə məxsus torpaq sahəsində inşa edilmiş anbar binası-169.0 m2, qonaq evi-202.4 m2, iritutumlu avtodayanacaq-121.7 m2, nasosxana və anbar-289.9 m2, xidməti bina-99.4 m2, avtomobil dayanacağı-84.5 m2 üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar