Məhkəmə qərarları › İş №2-1(114)-827/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-827/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-827/2022 12.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 26.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-125A kod 50806088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilərək adının “Mahiyə”, ata adının isə “Səlman” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayon İcra Hakimiyyət Başçısının 06.07.2020-ci il tarixli 87 saylı “X8 işləyən fəhlə və qulluqçulara, Xanlar şəhərində yaşayan vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi haqqında” sərəncamı ilə X9 torpaq sahəsindən 9.0 ha ayrılıb fərdi yaşayış evi tikintisinə ehtiyacı olan, kombinatd işləyən fəhlə və qulluqçulara, Xanlar şəhərində yaşayan vətəndaşlara hər birinə 0.12 ha olmaqla həyətyanı torpaq sahəsi verilməsi qərara alınmışdır. Bu sərəncam əsasında iddiaçıya da Qızıl Qaya qəsəbəsi ərazisindəki torpaq sahəsindən 0.12 ha həyətyanı torpaq sahəsinin verildiyi göstərilmişdir. JN-125A kod 50806088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının 21.06.2002-ci il tarixli 04 saylı qərarı ilə iddiaçıya 0.12 ha torpaq sahəsi verilmişdir. Lakin qeyd olunan şəhadətnamədə iddiaçının adı “Mahiyə” əvəzinə “Mahirə” ata adı isə “Səlman” əvəzinə “Mirzə” kimi qeyd edilmişdir. Hazırda qeyd olunan şəhadətnamədə yanlışlıq olduğundan iddiaçı həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. İddiaçı qeyd olunan şəhadətnamədə düzəliş edilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, JN-125A KOD 50806088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Göygöl filialının 11.11.2021-ci il tarixli, 304 nömrəli arayışında iddiaçının adı “X5” kimi qeyd edilmişdir. Lakin şəxsiyyətini təsdiq sənəddə isə “X4” kimi yazılmışdır. Bu səbəbdən qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçıya aidiyyəti üzrə məhkəmə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-125A KOD 50806088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 21.06.2002-ci il tarixli 04 saylı qərarı ilə X3 0.12 ha torpaq sahəsi verilmişdir. -Göygöl rayon Dövlət Arxivinin 11.11.2021-ci il tarixli 304 nömrəli arxiv arayışından görünür ki, Xanlar rayon İcra Hakimiyyət Başçısının 06.07.2020-ci il tarixli 87 saylı sərəncamı əsasında X3 fərdi yaşayış evi tikintisi üçün Qızıl Qaya qəsəbə ərazisindəki torpaq sahəsindən 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 18.03.2022-ci il tarixli, **********68 nömrəli məktubuna əlavə edilmiş Xanlar rayonu Qızılqaya qəsəbəsi üzrə topaq sahəsi verilmiş şəxslərin adlı siyahısından çıxarışda “X6”nın adı qeyd olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 13.01.2022-ci il tarixli, **********02 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 21.06.2002-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı 0.12 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-125A KOD 50806088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. İddiaçı şəhadətnamədə adı qeyd olunan İddiaçı özü olduğunu, həmçinin adının “Mahiyə” əvəzinə ”Mahirə”, ata adının “Səlman” əvəzinə “Mirzə” yazıldığını iddia edərək müvafiq düzəliş edilməsini tələb etmiş, cavabdeh orqan isə şəhadətnamədə iddiaçının adına və ata adına düzəliş edilməsinin idarənin səlahiyyətləri xaricində olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçının şəhadətnamədə müvafiq düzəliş edilməsindəki hüquqi marağı Xanlar rayon Aqrar İslahat Komissiyasının 21.06.2002-ci il 04 saylı qərarı ilə verilmiş torpaq sahəsi ilə bağlı hüquqi sənədlərin əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu lə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İş materiallarında olan sənədlərdən, eləcə də məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, JN-125A kod 50806088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və Xanlar rayonu Qızılqaya qəsəbəsi üzrə topaq sahəsi verilmiş şəxslərin adlı siyahısında adı qeyd olunan “X6”nın İddiaçı olması hər hansı sübutla öz təsdiqini tapmır. Digər tərəfdən həmin şəxsin iddia olunan şəxs olması öz təsdiqini tapdığı halda belə şəhadətnamədə qeyd edilmiş ad, soyad və ata adı ilkin sənəd hesab olunan “adlı siyahı” ilə eynilik təşkil etdiyindən cavabdeh orqan şəhadətnamədə düzəliş etmək öhdəliyi daşımır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar